Təbrizdə ulu
öndər Heydər Əliyevin əziz xatirəsi
anılmışdır
Azərbaycanın Təbrizdəki baş konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna Qurani-Kərimdən ayələr oxunmuşdur.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyəti haqqında məlumat vermiş, dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışmışdır. İstər Sovet İttifaqının tərkibində olduğu vaxtlarda, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ulu öndər Heydər Əliyevin xalqımıza, Vətənimizə sədaqətlə göstərdiyi misilsiz tarixi xidmətlərdən bəhs edən baş konsul demişdir ki, ümummilli lider ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görmüşdür. Məhz ulu öndərin uzaqgörən, müdrik siyasəti nəticəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ifşa edilərək dünya ictimaiyyətinin diqqətinə çatdırılmış, beynəlxalq təşkilatlar torpaqlarımızın işğalı faktını pisləmişlər. Bundan başqa, Heydər Əliyevin uzaqgörən neft strategiyası Azərbaycanın sosial-iqtisadi inkişafının əsasını təşkil etmiş, insanların sabitlik və sosial rifah şəraitində yaşamaları üçün dəqiq istiqamətlər müəyyən olunmuşdur. Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrünü insanların sosial rifahına, xalqların dostluğuna, tərəqqiyə və inkişafa, elm və təhsilin, mədəniyyətin çiçəklənməsinə həsr etmişdir. Ümummilli liderimizin əziz xatirəsi Azərbaycan ilə yanaşı, xarici ölkələrdə də ehtiramla anılır.
Mərasimdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmiş, fotolar və kitablar sərgilənmiş, ehsan süfrəsi açılmışdır. İştirakçılara ümummilli liderə və Azərbaycan həqiqətlərinə dair kitab və bukletlər, digər əyani vəsaitlər paylanmışdır.
Mərasimdə
İran Xarici İşlər Nazirliyinin şimal-qərb
nümayəndəliyinin rəhbəri, İranın Şərqi
Azərbaycan vilayətinin rəsmiləri və şəhər
ictimaiyyətinin təmsilçiləri iştirak etmişlər.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi müxbiri
Təbriz
Azərbaycan.-2012.- 12 dekabr.- S.10.