Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində

 Moskvada «Heydər Əliyev. Naməlum fotoşəkillər»

 adlı fotosərgi açılmışdır

 

Moskvadakı "Ukrayna" mehmanxanasının konfrans zalında "Heydər Əliyev. Naməlum fotoşəkillər" adlı fotosərgi açılmışdır. Fotosərgi görkəmli siyasiictimai xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil edilmiş sərgidə görkəmli siyasətçinin həyatının Moskva dövrü ilə bağlı fotoşəkillər nümayiş etdirilir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu sərgini açaraq bu görkəmli dövlət xadiminin sovet tarixində rolu barədə məlumat vermişdir. Onun sözlərinə görə, 1984-cü ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinın sədrinin birinci müavini və Nazirlər Sovetinin Baykal-Amur Magistralının (BAM) tikintisi üzrə komissiyasının rəhbəri olan Heydər Əliyev BAM tikintisinin yekun mərhələsi çərçivəsində işləri yoxlamalı olan hökumət nümayəndə heyətinə başçılıq etmişdir. Polad Bülbüloğlu demişdir: "İrkutskda çıxan "Vostoçno-Sibirskaya pravda" qəzetinin fotomüxbiri Valeri Karasev bu nümayəndə heyətini Ust-Kutdan başlamış Sakit okeana qədər bütün yol boyu müşayiət etmiş, Heydər Əliyevin BAM qəhrəmanları və yerli rəhbərlərlə görüşlərini əks etdirən fotoşəkillər çəkmişdir. V.Karasev həmin səfər zamanı çəkilmiş 1600-dən çox fotoşəkli qayğı ilə qoruyub saxlamış və bu yaxınlarda bütün bu zəngin materialı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə təqdim etmişdir. Bizim ümumi tariximizin və görkəmli siyasi xadimin həmin tarixə böyük töhfəsinin sənədli sübutu olan bu unikal fotoşəkillərin bir qismi ilk dəfə bu gün burada nümayiş etdirilir. Bu nadir fotoşəkillərin hamısı Heydər Əliyev Fonduna hədiyyə ediləcəkdir".

"İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru, vaxtilə Heydər Əliyevin təhlükəsizlik xidmətinin rəhbəri olmuş Aleksandr İvanov böyük siyasi xadimin bir neçə il işlədiyi Moskvada onun xatirəsinə həsr edilmiş fotosərgi təşkil edilməsini əlamətdar hadisə adlandırmışdır. A.İvanov nəinki Azərbaycan tarixində, həm də bütövlükdə sovet dövrünün tarixində dərin iz qoymuş bu nadir insan haqqında xatirələrini bölüşmüşdür.

Fotoşəkillərin müəllifi V.Karasev görkəmli siyasətçi Heydər Əliyevin həyatının bu dövrünü əks etdirən fotosərginin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Həmin fotoşəkilləri qayğı ilə qoruyub saxladığını qeyd edən V.Karasev ona belə böyük bir şəxsiyyətlə işləmək nəsib olduğuna görə məmnun olduğunu bildirmişdir. Fotoqraf demişdir: "Mən gələcəkdə Heydər Əliyev Fondunda layiqli yer tutacaq bu fotoşəkilləri böyük məmnuniyyətlə Azərbaycan səfirliyinə təqdim etmişəm".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2012.- 12 dekabr.- S.10.