Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə

 bağlı qərar Azərbaycan xalqı tərəfindən böyük sevinc

 hissi ilə qarşılanmışdır

 

Xəbər verdiyimiz kimi, 2015-ci ildə birinci Avropa Olimpiya Oyunları Azərbaycanda keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, bununla bağlı dekabrın 11-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında tədbir keçirilmişdir.

Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirmişdir.

Bildirmişdir ki, dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə keçiriləcək  birinci Avropa Olimpiya Oyunlarının Bakıda təşkil olunması haqqında qərar qəbul edilmişdir. Baş Assambleyada Bakı şəhərinin və onun idman qurğularının təqdimatı olmuşdur. Həmçinin Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke həmin oyunların keçirilməsi ideyası barədə məlumat vermişAvropa Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləmişdir.

Tarixdə ilk Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi haqqında AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilmişdir (8 nəfər bu qərarın əleyhinə səs vermiş, 2 nəfər bitərəf qalmışdır).

Nazir vurğulamışdır ki, yarışlarda hələlik idmanın 13 növünün təmsil olunacağı dəqiqləşmişdir. Daha 2 qeyri-olimpiya idman növünün olması nəzərdə tutulmuşdur: "Biz karateni təklif etmişik. Çünki bu növ bizdə yaxşı inkişaf etmişdir. Bu barədə Beynəlxalq Karate Federasiyasının prezidenti Antonio Espinoz ilə də söhbətimiz olmuşdur. A.Espinoz karatenin Avropa Olimpiya Oyunlarının proqramına salınmasını yüksək qiymətləndirmişdir.

AOK-nın  prezidenti Patrik Hikki isə idman rəqslərinin proqrama salınmasını təklif etmişdir. Güləş, su, gimnastika idman növləri ilə də bağlı problem olmayacaqdır. Ümumilikdə birinci Avropa Olimpiya Oyunlarının proqramına 19 idman növünün daxil edilməsi istisna deyildir. Bütün növlərin sayına və tərkibinə 2013-cü ilin martında aydınlıq gətiriləcəkdir".

A.Rəhimov qeyd etmişdir ki, yarışın bütün yayım hüquqları Azərbaycana məxsusdur. Avropa Olimpiya Komitəsinin təklifi ilə bu hüquqları Avropa Yayım Şurasına satacağıq. Eyni zamanda, brendlər və bilet satışı hüququ da ölkəmizə verilmişdir. Bu maddələr üzrə büdcəmizə ən azı 100 milyon avro vəsait daxil olacaqdır.

Nazir bildirmişdir ki, yarışda Bakıda mövcud olan idman qurğularının istifadəsi daha məqsədəuyğundur. Məsələn, "Baku Expo" Sərgi Mərkəzindən istifadə edə bilərik. Eyni zamanda, müvəqqəti qurğular da hazırlana bilər. Çimərlik voleybolu üçün  Dənizkənarı Milli Parkda müvəqqəti qurğu yaradılacaqdır. Olimpiya Kəndi üçün isə Heydər Əliyev prospektində tikilən binaların təmir olunmasını təklif etmişik. Burada müvəqqəti infrastruktur yaradıla və qonaqlar orada yerləşdirilə bilərlər. Bütün bu məsələlər yaxın vaxtlarda həllini tapacaqdır.

 Birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərarın Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılandığını bildirən MOK-nın vitse-prezidenti Çingiz Hüseynzadə bu tarixi hadisə münasibətilə dövlət başçısı İlham Əliyevin xalqımızı təbrik etdiyini diqqətə çatdırmışdır.

Ç.Hüseynzadə vurğulamışdır ki, Azərbaycan təşkilatçı ölkə olduğu üçün idmançılarımız bütün növlərdə iştirak etmək hüququna malikdirlər. Digər tərəfdən, 2017-ci il İslam Həmrəylik Oyunları da Azərbaycanda keçirilə bilər. Bu barədə hələlik rəsmi qərar olmasa da, ümid edirəm ki, İslam Həmrəylik Oyunları da Bakıda keçiriləcəkdir. Avropa Oyunlarının təşkili İslam Həmrəylik Oyunlarının keçirilməsini asanlaşdıracaqdır.

Avropa Oyunlarının əhəmiyyətinə toxunan MOK-nın vitse-prezidenti bu tədbirin Azərbaycana həvalə olunmasını gələcəkdə Yay Olimpiya Oyunlarının da Bakıda təşkili üçün əlverişli zəmin yaratdığını bildirmişdir. Qeyd etmişdir ki, bizə əvvəllər tutulan yeganə irad ölkəmizdə kompleks yarış təcrübəsinin olmaması idi. Bundan sonra isə belə bir irad səsləndirmək mümkün olmayacaqdır. Avropa Oyunlarının konkret tarixi isə hələ müəyyənləşməmişdir. Bununla belə, indidən tədbirin 2015-ci il iyunun ikinci yarısında keçiriləcəyi dəqiqdir. 2015-ci ildə gənclər arasında Avropa Olimpiya Festivalı da keçiriləcəkdir. Tarixlərin toqquşmaması üçün Avropa Oyunlarının iyunda keçirilməsi qərara alınmışdır. Bakıdakı hava şəraiti də iyun ayı üçün daha əlverişlidir.

Birinci Avropa Olimpiya Oyunlarında idmanın 13 növü - həndbol, voleybol, reqbi, boks, cüdo, taekvondo, triatlon, atçılıq, badminton, kamandan oxatma, qılıncoynatma, kanoe və stolüstü tennis üzrə yarışan idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.

 

 

Azərbaycan.-2012.- 12 dekabr.- S.11.