Bakıda «Alüminium»
V Beynəlxalq Müasir
İncəsənət
Biennalesi açılmışdır
Dekabrın 11-də Muzey Mərkəzində "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesinin başlanmasına həsr olunmuş "Müasir incəsənət təcrübəsi bu gün" mövzusunda mətbuat konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, biennalenin direktoru Qalib Qasımov dekabrın 11-dən 16-dək Bakıda keçiriləcək tədbir haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "YARAT!" Müasir İncəsənət Məkanıdır. Beynəlxalq tədbir Fransanın ölkəmizdəki səfirliyinin, Norveçin "Statoil" şirkətinin və Türkiyənin "Koridoor Contemporary Art Programs" qrupunun dəstəyi ilə keçirilir.
Biennaledə Avropa və Asiya ölkələrindən olan rəssamlar, sənətşünaslar və kuratorlar iştirak edirlər. Müasir Azərbaycan incəsənətini onun hüdudlarından kənarda yaşayan tamaşaçıya və mütəxəssislərə tanıtmaq, eləcə də ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi biennalenin əsas məramıdır.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, biennalenin kuratoru, sənətşünas Dilarə Vahabova ölkəmizdə artıq ənənə halını almış bu beynəlxalq tədbirin əhəmiyyətindən, onun gənc rəssamlar üçün yeni imkanlar yaratmasından danışmışlar.
Konfransda biennalenin iştirakçıları özlərinin əsas bədii layihələrindən və yaradıcılıq planlarından söz açmış, görülmüş işlərlə bağlı fikir və ideyalarını bölüşmüşlər.
Biennalenin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdən, onların dünya xalqları arasında dialoq və mədəniyyət körpüsü rolunu oynamasından, ölkəmizin bu cür tədbirlərin təşkilində artıq böyük təcrübəyə malik olmasından danışmışdır.
Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirən nazir vurğulamışdır ki, fondun xətti ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən tədbirlər ölkəmizin və mədəniyyətimizin tanınmasında, təbliğində mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar "YARAT!" Müasir İncəsənət Məkanının mədəniyyətimizin təbliğinə və inkişafına verdiyi töhfələrdən söz açan Ə.Qarayev bildirmişdir ki, biennalenin əlaqələndiricisi həmin qurumun təsisçisi Aida Mahmudovadır.
Qeyd olunmuşdur ki, 2003-cü ildən etibarən Bakıda hər iki ildən bir keçirilən "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi artiq ənənə şəklini almış və dünyanın onlarla ölkəsindən rəssamları, sənətşünasları, kuratorları Azərbaycana cəlb etmişdir. Həmin tədbirlər beynəlxalq nüfuza malik olan mütəxəssislərdə ölkəmizdə ənənəvi incəsənətlə yanaşı, müasir sənətin inkişafı haqqında ətraflı təsəvvür yaratmış, həm əcnəbi, həm də yerli yaradıcı insanlara yeni yaradıcılıq impulsu vermişdir.
Ə.Qarayev
bildirmişdir ki, dekabrın 16-dək
davam edəcək biennale çərçivəsində
Bakıdakı 15 qalereyada sərgilər təşkil olunacaq və
burada dünyanın 17 ölkəsindən
gəlmiş 50-dən çox müəllifin əsərləri
nümayiş etdiriləcəkdir.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov demişdir ki, "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına güclü təkan vermişdir. Azərbaycanın bir çox gənc və istedadlı rəssamları özlərinin ən maraqlı müasir incəsənət əsərlərini ilk dəfə məhz bu biennale çərçivəsində təşkil olunan sərgilərdə nümayiş etdirmiş, sonradan müxtəlif xarici ölkələrdəki nüfuzlu beynəlxalq sərgilərdə də uğurla çıxış etmişlər. 2007-ci və 2009-cu illərdə isə "Alüminium" Müasir İncəsənət Biennalesi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə daha geniş miqyasda təşkil olunmuşdur.
Sonra
tədbir iştirakçıları Azərbaycan ilə
yanaşı, Türkiyə, Mərakeş, Pakistan, Fransa,
Almaniya, Rusiya, Norveç, Danimarka, İspaniya və digər
ölkələri təmsil edən rəssamların əsərlərindən
ibarət sərgi ilə tanış olmuşlar.
Azərbaycan.-2012.- 12 dekabr.- S.11.