«Alüminium» V Beynəlxalq Müasir İncəsənət Biennalesi

çərçivəsində «YARAT!» layihələrin təqdimatı olmuşdur

 

Dekabrın 11-də "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində "YARAT!" Müasir İncəsənət Məkanında "YARAT!"  layihələrin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "YARAT!" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə keçirilən təqdimatda  iştirakçı rəssam, heykəltəraş və fotoqraflar təqdim etdikləri əsərlərlə bağlı məlumat vermişlər.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov bildirmişdir ki, 2003-cü ildən etibarən Bakıda hər iki ildən bir keçirilən "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi artıq ənənəyə çevrilmiş və Azərbaycana dünyanın onlarla ölkəsindən rəssamları, sənətşünasları, kuratorları cəlb etmişdir. Ümumilikdə builki tədbirə 17 ölkədən 50, Azərbaycandan isə 60-a yaxın rəssam qatılmışdır. Dekabrın 16-dək istənilən şəxs sərbəst şəkildə bu əsərlərə baxa biləcəkdir.

Bu ilki biennalenin mövzusu "Zamanın simaları" adlanır. İştirakçı sənət adamları da məhz bu mövzuya uyğun işlərini təqdim etmişlər. Bu işlər biennale çərçivəsində paytaxtımızdakı 15 qalereyada  sərgilənəcəkdir. "YARAT!" Müasir İncəsənət Məkanındakı sərgi də bu silsilədəndir.

Layihə çərçivəsində nümayiş olunmuş əsərlər İştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Biennalenin əlaqələndiricisi "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova, kuratoru sənətşünas və tənqidçi Dilarə Vahabova, direktoru Qalib Qasımovdur.

 

Azərbaycan.-2012.- 12 dekabr.- S.11.