Xəzərin ekoloji probleminin həlli istiqamətində
sahilyanı
ölkələr birləşməlidir
Lev Qumilyov məşhur passionarlıq nəzəriyyəsində Xəzəryanı dövlətlərin tarixinə istinadən insanlarla onların məskunlaşdığı ərazilər arasında harmonik bağlılığın mövcudluğunu üzə çıxarır, hər dəfə Xəzər dənizinin səviyyəsi qalxanda sahilboyu yaşayan türk xalqlarının da təsadüfdənmi və ya zərurətdənmi ayağa qalxdığını, tərəqqi etdiyini qeyd edir. Belə çıxır ki, Xəzər dənizi onun ətrafında yaşayan xalqlarla bir vəhdət təşkil edir, onların mənəvi təkamülünə və maddi inkişafına təkan verə biləcək sirli qüdrətə malikdir. Deməli, Xəzər dənizi onun hövzəsində yerləşən dövlətlər üçün dəniz olmaqdan daha çox, həyat və tükənməyən enerji mənbəyidir.
Ona görə də Xəzərin qorunması üçün bütün regional dövlətlərin həmrəy olması, vahid ekoloji layihə ətrafında birləşməsi zəruridir. Bunun əksinə olaraq təəssüf ki, beynəlxalq arenada Xəzərin statusu, onun Xəzəryanı dövlətlər arasında bölünməsi ən çox qabardılan məsələlərdəndir. Taleyüklü ekoloji problemlərin həlli isə arxa plana çəkilir, ara-sıra qaldırılsa da planetin unikal dənizi 5 dövlət tərəfindən çirklənməkdə davam edir. Yalnız Azərbaycan Respublikası digərlərindən fərqli olaraq Xəzər üçün milyardlarla vəsaiti əsirgəmir.
Xəzər əsasən çaylar, dəniz nəqliyyatı və neft çıxaran şirkətlər tərəfindən çirklənir. Rusiya, Türkmənistan, Qazaxıstan və İrandan axan, Ermənistan və Gürcüstan ərazisindən keçən böyük çaylar Xəzərə tökülür. Bu çayların əksəriyyəti ərazisindən keçdikləri ölkələrin sənaye tullantılarını və çirkab sularını Xəzərə daşıyırlar.
Xəzərə axıdılan tullantı və çirkab sularının 60 faizi Volqa çayının payına düşür. Xəzərin çirklənməsində Ural və Kür çayları da ciddi rol oynayırlar. Tbilisi və Rustavi şəhərlərinin sənaye tullantıları Kür vasitəsi ilə Xəzərə axıdılır. Bakı, Sumqayıt, Mahaçkala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli kimi şəhərlərin çirkab sularının son ünvanı da bu dənizdir.
Rusiyada sənaye və kənd təsərrüfatı müəssisələrinin təxminən tən yarısı Volqa çayı üzərində yerləşir. Tullantı sularının tərkibində hər il Volqaya 1 min ton sink, 3 min ton fenol, 18 min ton neft məhsulları 100 min ton ammonium azotu, 350 min ton üzvü maddələr və başqa adlar altında gizlənən saysız-hesabsız zəhərli maddələr, kimyəvi tullantılar atılır. Rusiyada tədqiqatçılar artıq qollarının üçdən biri quruyan Volqa çayının özünün cəmi 50 ilə quruyub yer kürəsindən silinmə ehtimalından danışırlar. Xəzərə axan yüzlərlə xırda çayların bir qisminin artıq quruduğunu nəzərə alsaq, necə qlobal faciələrin astanasında olduğumuzu dərk etmək çətin deyil. Hələ ki, xilas edilməsi, təmizlənməsi mümkün olmayan böyük çaylar sənaye tullantılarından boğulur və bütün acı-ağrısını, zəhərini Xəzərə ötürürlər.
Xəzəryanı dövlətlərin içində Xəzərə fərqli mövqe nümayiş etdirən yalnız Azərbaycandır. Həm dənizin təmizliyi üçün görülən işlər, həm də digər ekoloji tədbirlərə ayrılan vəsaitlər baxımından Azərbaycan digər dövlətləri üstələyir.
2004-cü ildə 5 Xəzəryanı dövlət arasında Tehranda ətraf-mühitin mühafizəsi ilə bağlı "Xəzər dənizinin dəniz mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" imzalansa da, masa üzərində qaldı. Qlobal ekoloji fəlakətlərin artdığı bir dövrdə Xəzərə bilavasitə və dolayısı sənaye tullantılarını axıdan bütün dövlətlərin "Xəzərə axıdılan tullantıları sıfıra endirək!" şüarı ətrafında birləşməsi artıq zərurətdir. Məsələ ondadır ki, hətta bu gün bütün dövlətlər birləşib tullantıların qarşısını almağa nail olsalar belə, Xəzər dənizinin ekoloji balansının tam bərpası üçün 40 il vaxt lazımdır! Xəzərin Qazaxıstan ekvatoriyasında elə neft sahələri var ki, çirkab suları konvensiya olunmayan quyulardan birbaşa dənizə axır. İranda isə milyonlarla insanın yaşadığı sahilboyu ərazilərdə heç bir təmizləyici qurğu mövcud deyil.
Dənizi çirkləndirən ikinci səbəb Bakı buxtasıdır. Uzun illər boyu Abşeron yarımadasında neft və qaz hasil olunur. Hazırda Xəzərin 1500-2000 kvadrat kilometr ərazisi daim neftlə örtülü təbəqədir, bu ərazilər ölü nöqtələrdir. Lakin Bakı və Abşeron yarımadasının, ona bitişik Xəzər sularının ekoloji problemləri neft-qaz hasilatından başqa son illərdə Bakının sürətlə böyüməsi və əhalinin sayının kəskin artmasından da qaynaqlanır. Belə ki, rəsmi statistiksaya görə il arzində paytaxt ərazisində 560 milyon kubmetr tullantı suları formalaşır. Bu suların 373 milyon kubmetri, yəni yarıdan çoxu heç bir təmizlənmə aparılmadan dənizə və daxili su hövzələrinə axıdılır. Hər gün paytaxtdan dənizə 70 min kubmetr çirkli su gedir.
Xəzər dənizinə çirkli suların irili-xırdalı 160 axarı qovuşur. Bunlardan 10-u Binəqədi, 8-i Sabunçu, 10-u Əzizbəyov, 6-sı Suraxanı, 32-si Xətai, 2-si Nəsimi, 47-si Səbail, 45-i Qaradağ rayonu ərazisindədir. Hələ qeydiyyata alınmamış bir çox axıntı mənbələri də mövcuddur.
Əgər siz Xəzəryanı dövlətlərin bu dənizin ekologiyasının qorunması istiqamətində gördüyü işləri və reallaşdırılması nəzərdə tutulan layihələri nəzərdən keçirsəniz, Azərbaycan dövlətinin irəlidə olduğunu görəcəksiniz. Digər Xəzəryanı ölkələrdən fərqli olaraq Azərbaycanda son illər dənizin çirklənməsinin qarşısını almaq üçün istər dövlət, beynəlxalq, istərsə də QHT-lər səviyyəsində geniş tədbirlər planı uğurla reallaşdırılmaqdadır.
Azərbaycan Prezidenti 2010-cu ildə Xəzərin çirklənməsinin qarşısını almaq məqsədilə iki sərəncam imzaladı. Bu sərəncamları uzun illərdən bəri Xəzərin yaşadığı ekoloji fəlakətlərin qarşısının alınması üçün atılan ciddi addımlar kimi dəyərləndirmək olar. Azərbaycan hökuməti başqa dövlətlərdən fərqli olaraq ekoloji mühitin yaxşılaşdırılması üçün irihəcmli investisiyaların qoyulmasına start verdi. Bakı və ətraf qəsəbələrin, dənizin sahil zolağının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına 1 milyard dollardan artıq vəsait ayrılıb. Bu prosesdə ARDNŞ, Xəzərdə neft çıxaran konsorsiumlar yaxından iştirak edirlər. Azərbaycanın sürətli iqtisadi inkişafı, regionda lider dövlətə çevrilməsi Xəzərə çəkilən xərclərdə özünü tam büruzə verir.
Bir daha Lev Qumilyovun passionarlıq nəzəriyyəsindəki fikirlərə qayıtmaq yerinə düşərdi. O, Xəzər hövzəsində yaşayan xalqların bu dənizlə sıx bağlılığının mövcudluğuna reallıqlar kimi baxır. Onda belə qənaətə gəlmək olar ki, Xəzər dənizi ona laqeyd qalanlara canlı bir varlıq kimi gözlənilməyən sürprizlərlə cavab verə bilər. Planetdə baş verən qlobal fəlakətlərin Yer kürəsinin onun ekosistemini məhv edən bəşəriyyətə sərt cavabı kimi də dəyərləndirirlər. Ekoloqlar artan qlobal təhlükələrin atmosferə atılan tullantılarla və zəhərli maddələrlə birbaşa əlaqəsi olmasını təsdiqləyirlər. Bu təkzib edilməsi mümkün olmayan həqiqətdir. Hər iki halda belə çıxır ki, Xəzər dənizi ilə bağlı "aşımıza nə töksək, qaşığımıza da o çıxacaq". Ona görə də bu dənizin qorunmasına milyardlarını əsirgəməyən Azərbaycana qonşularımızın da qoşulması vacibdir.
Murtuza Muxtarov 1890-cı ildə məşhur Nəbatat bağını salmaq üçün minlərlə kubmetr münbit torpağı daşıtdırıb dəniz sahilinə tökdürmüşdü. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1894-cü ildə Mərdəkanda bağbanlıq məktəbi açmış, susuz, qumsal sahələrdə meyvə ağacları əkdirmişdir. Bu cür xeyirxah işlər davam etdirilməlidir. Abşeronda sahil boyu salınan üzüm, əncir, zeytun bağları ekosistemin tərkib hissəsi kimi qorunmalıdır.
Xəzərin ekologiyasının qorunması onun hövzəsində yaşayan
bütün dövlətlərin borcudur. Azərbaycanın
bu istiqamətdə atdığı
addımlar digər dövlətlər üçün
də örnək ola bilər. Çirklənmənin
qarşısını almaq üçün həm mühüm
layihələr, həm də müasir texnologiyalar mövcuddur. Son illər Azərbaycanın
şimal bölgəsində kanalizasiya sularının Xəzərə
tökülməsinin qarşısının alınmasına
yönəlik böyük bir
layihə həyata keçirilir. Bu işə bütün
dövlətlərin qoşulması vacibdir.
Beş dövlət birlikdə Xəzərin
monitorinqini aparmalı, ekosistemin
qorunmasının vahid layihəsini işləyib
reallaşdırmalıdırlar. Xəzərin xilasının
açarı yalnız bir dövlətin əlində
deyil, bu qlobal ekoloji məsələ
kimi 5 dövlət tərəfindən həll
edilməlidir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Abşeron yarımadasında problemin həlli üçün bulvarın sahil hissəsində dənizlə birəşən yerdə iri bir tunel tikilməsini məqsədəuyğun sayır: "Nazirliyin apardığı monitorinq nəticəsində Bakı bulvarından Xəzər dənizinə 14 axıntı müəyyənləşdirilib. Bunların çoxu qeydiyyatda olmayan, yaddan çıxan və indi də Bakı bulvarından çirkləndirən axıntılardır. Onların qarşısını almaq üçün bulvarla sahil zolağının dənizə qovuşduğu yerdə tunel tikmək olar. Bunun üçün yeri qazmağa ehtiyac yoxdur. Bütün tullantılar sahildən avtomatik olaraq həmin tunelə gedəcək. Tunelin bir hissəsini də Bakının əks istiqamətində yerləşən Ələtdə qurmaq olar. Elə etmək olar ki, Xəzər dənizinə bir damcı da tullantı getməsin. Bunun üçün ən effektiv yol tunelin tikintisidir. Hövsandakı təkcə bir qurğunun gücü kifayət etmir. Ələtdəki tunelin çəkilişini də davam etdirmək lazımdır".
Nazirin sözlərinə görə bu tunel tikilib başa çatarsa, Bakı kimi böyük bir şəhərin axıntılarının birbaşa Xəzərə tökülməsinin qarşısını almaq olar. Kürün suyunun yerindəcə təmizlənib dənizə axıdılması da diqqətdə olan layihələrdən biridir. Bu ilin oktyabr ayında Moskvada Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasına həsr olunmuş konfransda bu sahədə Azərbaycanın gördüyü real işlər yüksək qiymətləndirildi. Digər sahilyanı dövlətlər bu sahədə zəif iştirak etdikləri halda, Azərbaycan dövləti Xəzərin təmizlənməsi üçün milyardları əsirgəmir. Rusiya tərəfi konfransda təklif etdi ki, yubadılmadan Xəzər dənizinin vahid monitorinq sistemi yaradılsın, hər dövlət özünün sahilyanı ərazisinin kosmik analizini aparsın. Tədbirin rusiyalı iştirakçıları Xəzərin xilasını, onun bioresurslarının qorunmasını vacib məsələ kimi dəyərləndiriblər.
Lakin vaxt gözləmir. Xəzər müəyyən qədər özünü bərpa etmək gücünə malik olsa da, regional dəniz olduğu üçün sahilyanı dövlətlərin hamısı fəal olmalı, ehtimal edilən ekoloji fəlakətlərin qarşısını almaq üçün birlik nümayiş etdirməlidirlər.
Rəsmiyyə
RZALI,
Azərbaycan.-2012.- 16 dekabr.- S.6.