Müstəqil Azərbaycan
yaşadıqca, ulu öndər
Heydər Əliyev də ürəklərdə
yaşayacaqdır
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından doqquz il keçir. Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.
Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının doqquzuncu ildönümü günü - dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirdilər.
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1985-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdır. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin yayında, müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və ulu öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdi.
Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri, müxtəlif ölkələrin təmsilçiləri də Fəxri xiyabana gəlmişdilər.
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndi.
Dövlət başçısı ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoydu.
Ulu
öndərin məzarının ziyarət edilməsi mərasimində
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay
Əsədov, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev və digər rəsmi şəxslər
iştirak edirdilər.
AzərTAc
Azərbaycan.-2012.- 13 dekabr.- S.1.