Ölkə daxilində aşkarlanan
genetik modifikasiya olunmuş
bitkilərdən
yarana biləcək təhlükənin təyin edilməsi
qaydası
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il
11
dekabr tarixli 291 nömrəli qərarı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəa
1.1. Bu qayda "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli fərmanının 2.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən (bundan sonra - GMOB) yarana biləcək təhlükənin təyin edilməsi üsullarını müəyyən edir.
2. GMOB-dən yarana biləcək təhlükənin təyin edilməsi
2.1. Azərbaycan Respublikasının ərazisində aşkarlanan GMOB ilə bağlı aparılan tədqiqat işlərinin istiqamətlərinin müəyyən edilməsi, GMOB-dən yarana biləcək təhlükənin təyin olunması və müvafiq rəylərin verilməsi məqsədi ilə Elmi-Texniki Şuranın nəzdində GMOB üzrə ixtisaslaşdırılmış ekspert şurası (bundan sonra - ekspert şurası) yaradılır.
2.2. Ekspert şurasında Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri təmsil olunurlar.
2.3. Azərbaycan Respublikasının ərazisində GMOB aşkarlandıqda, ekspert şurasının üzvlərindən və cəlb edilmiş yüksəkixtisaslı alim və mütəxəssislərdən ibarət tədqiqat qrupu yaradılır.
2.4. Azərbaycan Respublikasının ərazisində GMOB aşkarlandıqda, ekspert şurası tərəfindən GMOB-dən yarana biləcək təhlükənin təyin edilməsi məqsədi ilə tədqiqatın başa çatdırılmasına ayrılmış vaxt da göstərilməklə, hərtərəfli iş planı hazırlanır və Elmi-Texniki Şuranın təqdimatına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bu iş planını təsdiq edir.
2.5. Tədqiqat qrupu aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.5.1. GMOB-nin əkildiyi ərazilərin yaxınlığında becərilən mədəni bitkilərə onun təsirinin öyrənilməsi;
2.5.2. GMOB-nin əkildiyi ərazilərin yaxınlığında bitən təbii flora elementlərinə onun təsirinin öyrənilməsi;
2.5.3. GMOB-nin əkildiyi ərazilərin yaxınlığında saxlanılan, GMOB və onun məhsulları ilə yemlənən kənd təsərrüfatı heyvanlarına və bal arılarına GMOB-nin təsirinin öyrənilməsi;
2.5.4. GMOB-nin əkildiyi ərazilərdə məskunlaşan vəhşi heyvanlara və həşəratlara onun təsirinin öyrənilməsi;
2.5.5. GMOB-nin və onların məhsullarının istifadəsinin insanlara təsirinin öyrənilməsi.
2.6.
Tədqiqat qrupu Azərbaycan Milli Elmlər Akademiyasının,
Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
və Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
müvafiq laboratoriyalarında tədqiqatlar aparır.
2.7. Ekspert şurası tədqiqatın nəticələri əsasında müəyyən edilmiş təhlükənin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə rəy verir. Həmin rəy əsasında Elmi-Texniki Şura tərəfindən GMOB-dən yarana biləcək təhlükənin aradan qaldırılması barədə hazırlanmış tədbirlər planı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində təsdiq edilir və tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbərliyinə təqdim edilir.
2.8.
Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr
ölkə daxilində aşkar edilmiş GMOB-dən yarana biləcək
təhlükənin təyin edilməsi məqsədi ilə
analiz üçün materialların maneəsiz
götürülməsində tədqiqat qrupuna hərtərəfli
kömək göstərirlər.
Azərbaycan.-2012.- 13 dekabr.- S.2.