Ulu öndər Heydər
Əliyevin gənclər siyasəti Azərbaycan
gəncliyini
daim irəli aparacaqdır
Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, YAP Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli liderin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək ulu öndər Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmasından danışmış, məhz bu siyasətin Azərbaycan gənclərinin müstəqil dövlətimizin tərəqqisi naminə təşkilatlanması, səfərbər edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Qeyd olunmuşdur ki, hələ sovet dövründən etibarən ulu öndərin azərbaycanlı gənclərin formalaşması, ixtisaslaşması və müxtəlif vacib sahələrdə layiqincə təmsil olunması üçün göstərdiyi səylər və yürütdüyü siyasət cəmiyyətdə milli kadrların yetişdirilməsinə hesablanmışdı. Daim azərbaycançılıq prinsipindən çıxış edən dahi şəxsiyyət gəncliyi bu istiqamətdə irəli aparmaqla müasir dövlətçilik və milli mənlik tariximizdə yeni səhifə açmış, öz adını yaddaşlara əbədi həkk etməyi bacarmışdır.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövrə nəzər salaraq əslində həmin illəri respublikamızın müstəqil dövlət quruculuğuna aparan yol olduğunu söyləmişdir. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin titanik əməyinin nəticəsində həyata keçirilən uğurlu ictimai-iqtisadi islahatlar hələ sovet dövründə ikən Azərbaycanın tarixində ən parlaq səhifələri təşkil edir. Məhz o dövrdən başlayan milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm təməl oldu.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən olduğunu deyən icra katibi qeyd etmişdir ki, ulu öndər özünün xüsusi bacarıq və idarəçilik istedadını vətəninin inkişafına sərf etməklə milli ideyalarını reallığa çevirməyə, Azərbaycan gəncliyinin inkişafına nail olmuşdur. Ulu öndər daim Azərbaycan gəncliyinə diqqət və qayğı ilə yanaşmışdır. Onun bu siyasəti nəticəsində ölkəmizdə gənclərlə bağlı çox işlər görülmüş, onların fiziki və mənəvi cəhətdən sağlam, elmli və ziyalı olmaları üçün vacib addımlar atılmışdır. Bununla da müasir Azərbaycan gəncliyinin milli dövlətçiliyimizin güclənməsində, milli və ictimai məsələlərin həllində yaxından iştirakı, daxili və xarici siyasət kursunun yürüdülməsində əsas qüvvəyə çevrilməsi prosesi yeni mərhələyə qədəm qoymuşdur.
Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin üstünlük təşkil etdiyini deyən Ə.Əhmədov ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin də bu sahəyə xüsusi qayğı ilə yanaşdığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan gəncliyi dövlətimizin başçısının rəhbərliyi ilə Heydər Əliyev ideyalarının həyata keçirilməsində mühüm rol oynayır və bu vəzifəni layiqincə yerinə yetirir. Bunun nəticəsidir ki, gündən-günə inkişaf edən respublikamızın əldə etdiyi uğurlarda gənclərin də xüsusi payı vardır.
Daha sonra çıxış edənlər ulu öndərin gənclər siyasətinin bəhrələrindən danışaraq bildirmişlər ki, Heydər Əliyevin ömür yolu bugünün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir. Vurğulanmışdır ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Hər il xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin sayı artır. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir.
Tədbirdə
belə bir inam ifadə olunmuşdur ki, ulu öndər Heydər
Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın
gəncləri Prezident İlham Əliyevin ətrafında
sıx birləşərək qarşıya qoyulan hər bir
vəzifənin öhdəsindən gəlmək
üçün var gücləri ilə
çalışacaq, ölkəmizin gələcək inkişafının
təminatında aparıcı qüvvə rolunu inamla davam
etdirəcəklər.
Azərbaycan.-2012.- 13 dekabr.- S.3.