Ulu öndər Heydər
Əliyevin əziz xatirəsi ehtiramla yad edildi
Naxçıvan
Naxçıvan sakinləri ümummilli liderin şəhərin mərkəzindəki Heydər Əliyev Muzeyinin qarşısına axışaraq ulu öndərin heykəlini ziyarət etmiş, önünə gül dəstələri, əklillər qoymuş, Azərbaycanın dahi siyasətçisinin ruhuna dualar oxumuşlar.
Mərasimdə muxtar respublikanın bütün idarə, müəssisə və təşkilatları, özəl bölmənin işçiləri, sadə vətəndaşlar iştirak etmişlər.
Müstəqil Azərbaycanın qurucusu, ölkəmizi ötən əsrin sonlarında - doxsanıncı illərin əvvəllərində düçar olduğu xaosdan qurtaran, dağılma təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı öz siyasi iradəsi və uzaqgörən dövlətçilik təcrübəsi ilə firavan həyata qovuşduran ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü naxçıvanlılar tərəfindən dərin kədər hissi ilə qeyd edilmişdir.
Ümummilli liderin ölümsüzlüyə qovuşması ötən illər ərzində şəxsiyyət kimi böyüklüyünü, siyasətçi kimi dahiliyini, vətəndaş kimi xalqı üçün nə qədər əziyyətlərə, yuxusuz gecələrə qatlaşdığını bir daha anlamaq və dərk etmək üçün kifayətdir.
Anım mərasimində ardı-arası kəsilməyən ziyarətçi axını ulu öndərin öz xalqı tərəfindən sevildiyinin, xatirəsinin nə qədər əziz tutulduğunun göstəricisi olmaqla yanaşı, naxçıvanlılar üçün ayrı bir dəyər daşıdığının da nümunəsidir.
Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayonlarında da ümummilli lider Heydər Əliyevin anma mərasimləri keçirilmişdir. Şərur, Babək, Culfa, Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayonlarında da xalq kütləvi şəkildə ulu öndərin rayon mərkəzlərindəki heykəl və büstünü ziyarət etmiş, gül dəstələri qoymuş, ruhuna "Fatihə" oxumuşlar.
Muxtar
respublikanın hər bölgəsində ümummilli liderin
xatirəsinə hörmətlə yanaşan
naxçıvanlılar xalqımızın böyük
oğlunun, dünya şöhrətli siyasətçinin xatirəsini
bu gün də, gələcəkdə də yaşadacaq,
öz əməlləri ilə onun əmanət kimi qoyub
getdiyi azərbaycançılıq, dövlətçilik ənənələrinə sadiq
qalacaqlar.
Sumqayıt
Dünən Sumqayıtda ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi önündə dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdə şəhər icra hakimiyyətinin başçısı E.Əzizov, təhsil ocaqlarında oxuyan tələbələr və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Əvvəlcə Dövlət himni səsləndirildi, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra insanlar cərgələrə düzülərək ulu öndərin abidəsini ziyarət etdilər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı KİV nümayəndələri ilə görüşdə bildirdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərini sadalamaqla bitməz. Heydər Əliyev, sözün əsl mənasında, vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu.
E.Əzizov onu da vurğuladı ki, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi illərdə öz zəngin təcrübəsi, yüksək intellekti, mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olduğu üçün milli inkişaf konsepsiyası işləyib hazırlamış və onu dönmədən həyata keçirmişdir. XX əsrin 70-ci illərindən ulu öndərin rəhbərliyi sayəsində Azərbaycanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Bu illərdə Azərbaycan tarixinin öyrənilməsinə, milli təfəkkürün oyadılmasına xüsusi əhəmiyyət verildi. Məhz həmin illərdə ölkənin inkişafının təməli qoyuldu və bu yolda mühüm addımlar atıldı.
1993-cü ildə məhz Heydər Əliyev zəkası nəticəsində az bir zaman kəsiyində ölkə qarşıdurmalar məngənəsindən xilas edildi, sabitlik bərpa olundu. İndi respublikamızın hər bir vətəndaşı təhlükəsiz dövlətdə yaşadığına görə ümummilli lider Heydər Əliyevə borcludur.
E.Əzizov onu da nəzərə çatdırdı ki, ulu öndərin işləyib hazırladığı və müvəffəqiyyətlə həyata keçirilən mükəmməl dövlətçilik konsepsiyası respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sumqayıt respublikanın ən önəmli bölgəsinə çevrilib. Son illər həyata keçirilən dövlət proqramlarının uğurlu nəticəsi Sumqayıtın simasında öz əksini tapmışdır. Ölkə başçısının bu günlərdə imzaladığı fərman əsasında Sumqayıtda yaradılması nəzərdə tutulan Yüksək Texnologiyalar Parkı şəhərin nüfuzunun daha da artmasına təsir edəcəkdir. Sumqayıtlılar onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdardırlar.
Sonda mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirərək abidənin önünə əklillər, gül dəstələri qoymuşlar.
Ziyarət axşam saatlarına kimi davam etdi.
Artıq bir neçə gündür ki, Sumqayıtda ulu öndərin anım günü qeyd edilir. Şəhərin mədəniyyət və təhsil ocaqlarında, təşkilatlarda Heydər Əliyevin həyat və fəaliyyətilə bağlı silsilə tədbirlər keçirilir, kompozisiyalar göstərilir.
Ağdam
YAP Ağdam Rayon Gənclər Birliyi ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə anım tədbiri keçirmişdir. Yığıncağı giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov ulu öndər Heydər Əliyevin Azərbaycanın canlı tarixi olduğunu qeyd etmişdir. Bildirmişdir ki, ulu öndər hakimiyyətdə olduğu dövrdə ölkəmiz öz inkişaf yolunu müəyyənləşdirməklə bərabər həm də sonrakı dövr üçün böyük işlər görmüşdür. Onun siyasi xətti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiq çıxışında xalqın təkidi və istəyi ilə çox gərgin dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışının önəmini tədbir iştirakçılarının diqqətinə çatdıraraq vurğuladı ki, ümummilli lider elə bir məqamda siyasi hakimiyyətə qayıtdı ki, Azərbaycan artıq dünya xəritəsindən silinmə təhlükəsi altında idi.
Tədbirdə Ağdam Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışdı.
Anım mərasimində çıxış edənlər ulu öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin bu gün dünyanın və regionun inkişaf etmiş dövləti olduğunu bildirdilər. Artıq Azərbaycan regionun iqtisadi və siyasi mərkəzlərindən biridir. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində baş verir.
Tədbirdə çıxış edən gənclər ölkəmizdə gedən quruculuq işlərinin fəal iştirakçısı olduqlarını qürurla dilə gətirdilər. Gənc fəallar Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini diqqətə çatdırdılar.
Tədbirin
sonunda ulu öndər Heydər Əliyevin həyat və siyasi
fəaliyyətindən bəhs edən sənədli film
nümayiş etdirildi.
Mingəçevir
Mingəçevirin tikilib-qurulmasında böyük zəhməti olan Heydər Əliyevi nur şəhərinin sakinləri həmişə ehtiramla yad edirlər. Heydər Əliyev adına parkda müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü qeyd edilmişdir. Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 9-cu ildönümü günü bütün mingəçevirlilər, ictimaiyyət nümayəndələri Heydər Əliyevin heykəlini ziyarət edərək önünə gül dəstələri qoymuş, müdrik dövlət xadiminə Allahdan rəhmət diləmişlər.
Ulu öndərin adını daşıyan muzeydə tədbir davam etdirilmişdir. Öncə mərasim iştirakçıları ulu öndərin həyat və yaradıcılığını əks etdirən fotolara, daha sonra isə sənədli filmə baxmışlar. Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ulu öndərin Azərbaycan xalqı üçün əvəzsiz xidmətlərindən danışmışdır. Tədbirdə çıxış edən şəhər ictimaiyyətinin nümayəndələri Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişlər. Qeyri-adi səxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.
Qubadlı
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə Qubadlı rayonunun Sumqayıtda yerləşən idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.
AzərTAc xəbər verir ki, belə tədbirlərdən biri də dekabrın 12-də rayon ziyalılarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Qubadlı Rayon İcra Hakimiyyətində təşkil olunmuşdur.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin binasının foyesindəki büstünün önünə gül dəstələri qoymuşlar.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ümummilli lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi tədbirlər miqyasına görə onilliklərin çərçivəsinə sığmır. Ulu öndərin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etmişdir.
Natiq müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Dünyanın inkişaf etmiş ölkələrini sarsıdan maliyyə və iqtisadi böhranlar fonunda Azərbaycanda son 9 ildə əldə edilən dinamik inkişaf xalqımız tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin uzaqgörən və müdrik strategiyasından qaynaqlanan, Prezident İlham Əliyev tərəfindən məharətlə və qətiyyətlə, yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilən daxili və xarici siyasətin nəticəsi kimi minnətdarlıqla dəyərləndirilir.
Qeyd olunmuşdur ki, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ölkəmiz etibarlı tərəfdaş, müstəqil siyasət yeridən dövlət kimi söz sahibinə çevrilmişdir. Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının keçiriləcəyi ölkə kimi respublikamızın seçilməsi də bu nüfuz və etimadın nəticəsidir.
Bildirilmişdir ki, qubadlılılar ulu öndər Heydər Əliyev siyasətinə daim sadiqdirlər. İnanırıq ki, məhz bu siyasət nəticəsində xalqımızın ən ümdə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapacaq, torpaqlarımız işğaldan azad ediləcəkdir.
Tədbirin
sonunda ümummilli lider Heydər Əliyevin həyat yolundan bəhs
edən film nümayiş etdirilmişdir.
Azərbaycan.-2012.- 13 dekabr.- S.3.