Qafqaz Müsəlmanları İdarəsində ulu öndərin vəfatının

 doqquzuncu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir

 

Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ulu öndər Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclisin deputatlarının, QMİ-nin qazılar və elmi-dini şuraları üzvlərinin, Bakı İslam Universiteti tələbələrinin, KİV nümayəndələrinin iştirak etdikləri mərasimdə əvvəlcə "Qurani-Kərim"dən ayələr oxunmuşdur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, dini sahəyə olan diqqət və qayğısından, milli mənəvi dəyərlərin qorunmasında və inkişafında gördüyü işlərdən danışmış, ümummilli lider ilə birgə həcc ziyarəti zamanı xatirələrini bölüşmüşdür.

A.Paşazadə Azərbaycanda dövlət və din arasında möhkəm birliyin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyevin bu ənənəni uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.

Son illər ölkəmizin bütün regionlarında yeni ibadət ocaqları inşa edilmiş, qədim dini abidələr təmir və bərpa olunmuşdur, - deyən A.Paşazadə vurğulamışdır ki, dünyanın bütün ölkələri Azərbaycanı tolerantlıq nümunəsi hesab edirbu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Bu siyasət Azərbaycanda mənəvi dəyərlərin, dövlət ilə din arasında qarşılıqlı münasibətlərin inkişafına yönəlmişdir.

Şeyxülislam qeyd etmişdir ki, QMİ-nin yerlərdə və xaricdəki nümayəndəliklərində də anma mərasimləri keçirilmiş, ehsan süfrələri açılmışdır.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ulu öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən, dövlət-din münasibətlərindən, milli mənəvi dəyərlərin qorunmasında və inkişafında ulu öndərin gördüyü işlərdən danışmışdır.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən olduğunu deyən Əli Əhmədov ulu öndərin bütün sahələrə olduğu kimi, dini-mənəvi sahəyə də böyük önəm verdiyini diqqətə çatdırmışdır.

YAP-ın icra katibi bildirmişdir ki, ulu öndərin həm dövlət quruculuğunda, həm yeni cəmiyyət quruculuğunda istinad elədiyi çox mühüm amillər içərisində mənəvi amillər əhəmiyyətli yerlərdən birini tuturdu. Ümummilli lider Heydər Əliyevin atdığı bütün addımlar Azərbaycanda milli mənəviyyatımızın inkişafına xidmət edirdi. Ulu öndər Heydər Əliyev cəmiyyətin birləşdirilməsi, saflaşmasına böyük əhəmiyyət verməklə yanaşı, mənəviyyatın inkişafını da daim diqqət mərkəzində saxlayırdı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayev və başqaları ümummilli liderin zəngin həyat yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi, dünyada nüfuzunun artırılması istiqamətində yorulmaz fəaliyyətindən söhbət açmış, milli mənəvi dəyərlərin qorunmasında və inkişafında, dövlət-din münasibətlərinin tənzimlənməsində gördüyü işlərdən danışmışlar.

Diqqətə çatdırılmışdır ki, ölkəmizdə mövcud olan tolerantlıq beynəlxalq aləmdə nümunəyə çevrilmişdir. Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri dostluq, mehribanlıq şəraitində birgə yaşayırlar.

Qeyd edilmişdir ki, ölkəmizdə dini dözümlülük və tolerantlıq ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təcəssüm tapmışdır. Hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir.

Sonda ehsan süfrəsi açılmış, ehsan əti paylanılmışdır.

 

Azərbaycan.-2012.- 13 dekabr.- S.4.