ALİ MƏRAMLI TARİXİ
ŞƏXSİYYƏTLƏRİN MİSSİYASI
BAŞ REDAKTORDAN
Uzun illər tariximizi bizdən gizlədiblər!
Uzun illər tariximizi ancaq Moskvadan "göndərilən" "prinsiplər" əsasında öyrənməyə və yazmağa icazə veriblər!
İstəməyiblər bilək ki, dövlətçiliyimizin tarixi çox qədimdir!
İstəməyiblər bilək ki, neçə əsr öncə tarixdə Azərbaycan dövləti mövcud olub!
İstəməyiblər bilək ki, bizim də dünya miqyaslı tarixi şəxsiyyətlərimiz olub!
Nəinki istəməyiblər, hətta bütün bunları bilənlərə bu barədə yazmağı, danışmağı yasaq ediblər.
Nəinki yasaq ediblər, müxtəlif təhdidlərlə unutdurmağa çalışıblar.
Daim beynimizə yeritməyə çalışıblar ki, Azərbaycan heç zaman müstəqil ola bilməz!
Daim beynimizə yeridiblər ki, Azərbaycan yalnız "böyük qardaşın" kölgəsində yaşamağa qadirdir!
Amma tarix
bütün bunları alt-üst etdi!
Bu gün Azərbaycan nəinki müstəqil
yaşayır, hətta sürətlə inkişaf edərək
dünya üçün örnəyə çevrilir.
Müstəqillik bizə təkcə hansı yolla gedəcəyimizi
sərbəst müəyyənləşdirməyə,
yeraltı və yerüstü sərvətlərdən istədiyimiz
qaydada istifadə etməyə, daxili və xarici siyasətimizi
öz bildiyimiz kimi qurmağa şərait yaratmayıb. Eyni zamanda ideoloji sahədə də,
milli-mənəvi dəyərlərə və tarixi
keçmişimizə münasibətdə də müstəqil,
obyektiv yanaşma sərgiləməyə imkan verib. Xalqın arzu və tələbi ilə yenidən
ölkə rəhbərliyinə qayıdan ulu öndər
Heydər Əliyev həmin dövrdə vaxtın
darlığına baxmayaraq, Azərbaycan alimləri və
ziyalıları ilə maraqlı görüş keçirdi,
bir sıra məsələlərlə bağlı fikir və
münasibətlərini onlara çatdırdı. Ulu
öndərin alimlər və tarixçilər
qarşısında qoyduğu mühüm vəzifələrdən
biri tariximizin heç bir ideologiyadan asılı olmadan,
"ağ ləkələrdən təmizlənmiş
halda" yenidən yazılması idi!
Ümummilli liderin bu tövsiyəsindən sonra tarixi
mövzuda bir sıra əsərlər, monoqrafiyalar
yazılmış, elmi tədqiqatlar
aparılmışdır. Xüsusən də
Qarabağla bağlı bir-birindən maraqlı və dəyərli
kitablar nəşr edilmişdir.
Lakin görülən işlərlə kifayətlənmək
və arxayınlaşmaq tezdir. Əksinə, bir sıra
narahatlıq doğuran məsələlər də var!
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin bu günlərdə ictimaiyyətə təqdim
edilmiş "Şah İsmayıl Səfəvi ali məramlı
tarixi şəxsiyyət kimi" əsəri də belə
narahatlıqdan meydana gəlmişdir.
"Mən bu məqaləni qəlbimin hökmü ilə
yazmağa başladım. Ən əsası da
ona görə ki, Azərbaycan türklərinin birləşməsində
və Azərbaycan dövlətçiliyinin
yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ
də sona qədər öyrənilməmişdir. Bizim
tarixçilər, digər sosial elm istiqamətlərini
araşdıranlar, tarixi romanlar yazmağı tərgitmiş
yazıçılarımız xalqımıza çox
borcludurlar" deyən akademik Ramiz Mehdiyev əsər boyu bu
sahədə buraxılan səhvləri və nöqsanları
konkret faktlar, elmi dəlillərlə göstərir, tariximizə
və tarixdəki böyük şəxsiyyətlərə
yanaşmada obyektivliyi qorumağın zəruriliyini, hadisələrin
cərəyan etdiyi dövrlərdəki şərait və
hadisələri, onların təsirini düzgün qiymətləndirib
nəzərə almağı tövsiyə edir.
Akademik
Ramiz Mehdiyev yazır: "...Biz öz tariximizə münasibətdə
bəzən səhvlərə yol veririk: ya öz
keçmişimizi inkar edirik, yaxud da gələcəyin artıq çoxdan
başlanmasını görmədən yalnız
keçmişlə yaşamaqda davam edirik". Bəs
belə halda səhvə yol verməməkdən ötrü nə
etməli?
Məqalənin
ən dəyərli və maraqlı məqamlarından biri
akademik Ramiz Mehdiyevin tarixçilərə və tarixdən,
habelə tarixi mövzulardan yazanlara aşılamaq istədiyi
prinsip və tövsiyələrdir. Onlardan bəzilərini
birlikdə nəzərdən keçirək:
- keçmiş həmişə bizimlədir və
o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz.
Məhz bu səbəbdən insan özündə öz
keçmişinə hörmət hissi tərbiyə etməlidir;
- öz keçmişimizə tənqidi
münasibət bildirərkən həddindən artıq
ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi
ilə nə dərəcədə həmrəy
yaşayırsa, o özü ilə də eyni dərəcədə
həmrəy yaşayır;
- öz keçmişi ilə həmrəyliyin
yoxluğu inkişaf etmiş mənlik şüurunun
olmamasına və deməli, milli mənafe və dəyərlərin
başa düşülməməsinə bərabərdir;
- insan öz keçmişini inkar edəndə və
onu pisləməyə başlayanda fəlakət yaranır.
Öz keçmişindən məhrum olan insan mənəvi
boşluq dilində danışmağa başlayır;
- keçmiş həmişə indiki zamandan
daha müdrikdir. Çünki indiki zamandakılar hələ
gerçəkliyə çevrilməlidir;
- xalq öz tarixinin və tarixi yaddaşının
vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi
qüvvə yaranır.
Tarix
tarixi şəxsiyyətlərin üzərinə müəyyən
missiyalar qoyur! Və o şəxsiyyətlər tarixdə
qalır ki, həmin missiyanı şərəflə yerinə
yetirə bilir! Şah İsmayıl Səfəvi
tarixi missiyasını qılıncının və zəkasının
gücü ilə yerinə yetirmiş şəxsiyyətlərdəndir.
Akademik Ramiz Mehdiyevin əsərinin
sanbalını artıran amillərdən biri də bu dövlət
xadiminin uğurlarını və dövlətçilik xidmətlərini
obyektiv şəkildə qiymətləndirərək
ümumiləşdirilmiş şəkildə göstərməyə
müvəffəq olmasındadır. Bir neçə məqama
diqqət yetirək:
- Şah
İsmayıl Səfəvi Azərbaycan tarixində ilk dəfə
olaraq azərbaycanlıların bütün səviyyələrdə
üstün yer tutduğu dövlət yaratmışdı;
- Şah
İsmayıl Azərbaycan türkləri içərisindən
çıxmış elmli adamları öz ətrafında
birləşdirməklə dövlətçiliyin elmi və
yaradıcı potensialını
formalaşdırmışdı;
- Şah
İsmayıl öz dövrü üçün xarici siyasət
mexanizmi formalaşdırmışdı;
- onun səyləri ilə Azərbaycan amili orta əsrlərdə
siyasi elitanın və müsəlman Şərqində Azərbaycanın
ziyalı təbəqəsinin timsalında öz siyasi təşəkkülünü
tapmışdı;
- azərbaycançılıq, bir növ, milli
identifikasiya forması kimi çıxış etməyə
başlamışdı;
- Avrasiya
kontinentindəki aralıq mövqeyi Azərbaycanın həm Qərbin,
həm də Şərqin siyasi təsiri rejimində fəaliyyət
göstərməsini şərtləndirmişdi;
- onun fəaliyyəti həm də milli
poeziyamızın, bütövlükdə Azərbaycan mədəniyyətinin
inkişafı üçün əlverişli şəraitin
formalaşmasına imkan yaratmışdı;
- Şah İsmayıl xarakter etibarilə türk-Azərbaycan
mexanizmi sayılacaq səmərəli dövlət idarəetməsi
qurmuşdu.
Akademik
Ramiz Mehdiyev "qəlbinin hökmü" ilə
yazdığı bu məqalədə Şah İsmayıl
şəxsiyyətinə yanaşmadakı səhvlərin kökünü
meydana çıxarmağa nail olmuşdur. Bunun bir neçə
səbəbdən baş verdiyini göstərən müəllif
yazır: "Orta əsrlər tarixinə aid bəzi əsərlərdə
siyasi tarix məsələlərinə dini hərəkatlar
prizmasından baxılır, yəni bütün ictimai-siyasi
proseslərə siyasi-dini mənada yanaşılır. Halbuki dini münaqişələr və müharibələr
deyilən hadisələrin tarixi göstərir ki, onların
arxasında siyasi maraqlar və məqsədlər gizlənir.
Yəni bu müharibələr mahiyyət
etibarilə siyasi məqsədlərin nəticəsidir. Tarixi proseslərin şərhinə dini mövqedən
yanaşma tədqiqatçılara bu proseslərin həqiqi
xarakterini açıb göstərməyə imkan vermir.
Görünür, gündəlik hadisələrin
arxasında strateji məqsədi görməyi heç də
hər kəs bacarmır".
Bütün
bunları qeyd etməklə yanaşı, tarixə müraciətdə
və şəxsiyyətlərin rolunu
işıqlandırmaqda obyektivliyin qorunması
üçün zəruri sayılan tövsiyəsini də
verir: "Tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinin
motivləri yalnız elmilik prinsiplərinə və
metodlarına riayət edildikdə, konkret siyasi proseslərin
bütün tərkib hissələri və dövrün meyilləri
nəzərə alındıqda obyektiv şəkildə
açıla bilər".
Tarixi
faktları, yazılan elmi əsərləri, monoqrafiya və
kitabları təfəkkür süzgəcindən keçirərək
bacarıqla ümumiləşdirən müəllif
hazırkı məqamda böyük aktuallıq kəsb edən
əsərində Şah İsmayıl Səfəvi barədə
düşüncə və qənaətlərini yekunlaşdıraraq yazır:
"Şah İsmayıl zəmanəsinin övladı
idi. Bunu dərk
etmək əvəzinə Şah İsmayılda ona yaraşmayan
xüsusiyyətlər axtarmaq lazım deyildir.
Ən başlıcası isə, o, əsl vətənpərvər idi,
çox mürəkkəb, qarışıq bir vaxtda öz
ölkəsini birləşdirmək və ayağa
qaldırmaq üçün əlindən gələni
etmişdi. Şah İsmayıl Səfəvinin
timsalında biz daxili problemləri uğurla çözələyən,
beynəlxalq vəziyyətdən gözəl baş
çıxaran böyük dövlət lideri obrazını
görürük".
Tarix "seçdiyi" şəxsiyyətlərin
üzərinə müəyyən missiyalar qoyur.
Xoşbəxt
o xalqdır ki, seçilmiş şəxsiyyətləri
çoxdur!
Xoşbəxt
o xalqdır ki, həmin şəxsiyyətləri üzərlərinə
düşən missiyanı uğurla yerinə yetirə bilirlər!
Bu, həm
həmin dövrdə yaşayanlar, həm də sonrakı nəsillər
üçün böyük qürur və fəxarət gətirir!
Şah
İsmayıl Səfəvi və Heydər Əliyev də
tarixi missiyalarını bütün çətinlikləri məharətlə
dəf etməklə yerinə yetirən, həm tarixdə, həm
də insanların qəlbində əbədiyaşarlıq
hüququ qazanan şəxsiyyətlərdilər!
Akademik
Ramiz Mehdiyev son olaraq üzünü gənclərə tutur:
"Biz əcdadlarımızın böyük əməlləri
ilə yalnız fəxr etməklə kifayətlənməməliyik,
həm də bu keyfiyyətləri itirməmək, həyatda
onların bizə yol yoldaşı olması üçün əməli
fəaliyyət göstərməliyik. Bunu
xüsusilə yaşlı nəsli əvəz edəcək gənclər
yadda saxlamalıdırlar".
Bu
tövsiyə gənclərin, əslində isə 50 milyonluq
hər bir azərbaycanlının fəaliyyət qayəsinə,
düşüncə məfkurəsinə çevrilməlidir...
Azərbaycan.-2012.- 13 dekabr.- S.5.