Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf

 Təşkilatının korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş

yüksək səviyyəli görüşündə iştirak etmişdir

 

Dekabrın 11-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində korrupsiyaya qarşı mübarizədə siyasi iradənin gücləndirilməsi" mövzusuna həsr olunmuş yüksək səviyyəli görüşündə iştirak etmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin tərkibində, həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və idarənin böyük prokuroru Elnur Musayev təmsil olunmuşlar.

Görüşdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin yüksək dövlət vəzifəli şəxsləri, İƏİT-in, Avropa Şurasının, ATƏT-in, BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin, BMT-nin Beynəlxalq Anti-Korrupsiya Akademiyasının, "Transparency International" təşkilatının, Dünya Bankının, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GREGO), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və digər beynəlxalq təşkilatların rəhbər nümayəndələri iştirak etmişdir.

Tədbirin ilk sessiyasında çıxış edən Fuad Ələsgərov korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar barədə məlumat vermiş, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin ölkəmizin davamlı iqtisadi inkişafını təmin etmək məqsədilə korrupsiyanın qarşısının alınmasına və dövlət idarəçiliyində şəffaflığın artırılmasına yönəlmiş möhkəm siyasi iradə nümayiş etdirdiyini və bu istiqamətdə tədbirlərin kompleks xarakter daşıdığını vurğulamışdır.

Bundan əlavə, çıxışda Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın icrası ilə əlaqədar cinayət qanunvericiliyinin təkmilləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırıldığı, İƏİT, GREGO, BMT-nin Korrupsiya əleyhinə Konvensiyanın implementasiyası çərçivəsində Azərbaycan tərəfindən görülən işlərin yüksək qiymətləndirildiyi qeyd edilmişdir. Korrupsiyaya qarşı mübarizə üzrə KomissiyaBaş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti, əldə edilmiş nailiyyətlər diqqətə çatdırılmışdır. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının dövlət idarəçiliyində tətbiqi üzrə həyata keçirilmiş tədbirlər, vətəndaş-məmur təmas nöqtələrinin mümkün minimuma endirilməsinə xidmət edən, bu münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN" xidmət mərkəzlərinin yaradılması barədə məlumat verilmişdir.

"ASAN" xidmət mərkəzlərinin fəaliyyəti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış və ikitərəfli görüşlər zamanı geniş müzakirəyə səbəb olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyətinin rəhbəri İƏİT-in rəhbər heyəti ilə, Litvanın Xüsusi İstintaq Xidmətinin direktor müavini, Gürcüstanın ədliyyə naziri, Rumıniyanın ədliyyə nazirinin müavini, ABŞ Ticarət Departamentinin AvropaAvrasiya üzrə məsul rəhbər şəxsi,  Türkiyənin, Rusiyanın, İsveçin, Qırğızıstanın nümayəndələri ilə görüşlər keçirmişdir.

Azərbaycan Respublikasında hüquq-mühafizə və korrupsiyaya qarşı mübarizə sahələrində həyata keçirilmiş tədbirlər barədə təşviqat materialları görüş iştirakçılarına paylanmışdır.

Tədbir yüksək səviyyəli görüşün bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşmışdır. Bəyannamədə  korrupsiyaya qarşı mübarizə sahəsində kompleks və səmərəli nəticənin əldə edilməsi üçün iştirakçı tərəflərin gələcək fəaliyyəti müəyyən edilmişdir.

 

Azərbaycan.-2012.- 13 dekabr.- S.5.