Dövlət İdarəçilik Akademiyasında «Şah İsmayıl Səfəvi ali məramlı

tarixi şəxsiyyət kimi» sərlövhəli məqalə müzakirə olunmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

DİA-dan AzərTAc-a bildirmişlər ki, təhsil ocağının rektoru akademik Urxan Ələkbərov tədbiri açaraq akademik Ramiz Mehdiyevin məqaləsinin istiqamətverici və fundamental bir əsər kimi çox böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, məqalənin əhəmiyyətini yalnız Şah İsmayıl Səfəvinin tarixi missiyası, dahi siyasi keyfiyyətlərinin təbliği ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu məqalə bizim XVI əsrdə varlığımızın güzgüsü kimi dəyərləndirilməlidir. U.Ələkbərov məqaləni Azərbaycan dövlətçilik tarixinin qiymətləndirilməsi, habelə tarixi faktların zaman kontekstində və zamanın əsas xüsusiyyətləri nəzərə alınaraq araşdırılması baxımından olduqca yüksək tədqiqat kimi səciyyələndirmişdir.     

"Dəyirmi masa"da akademik Ramiz Mehdiyevin əsərində əks olunan fəlsəfi ideyalardan danışılarkən qeyd edilmişdir ki, hər bir xalqın tarixi onun mədəniyyətinin tərkib hissəsidir. Tarixin inkişafında böyük şəxsiyyətlərin rolu əhəmiyyətlidir. Böyük şəxsiyyətlərin gördükləri işlər, onların irəli sürdükləri ideyalar xalqın inkişafına xidmət edir. Ona görə də hər bir xalq tarixi şəxsiyyətlərinin irsinə özünün mədəni-mənəvi dəyəri kimi yanaşmalı, onu qorumalıdır. Əks halda ona mənsub olan tarixi şəxsiyyətlər başqa xalqlar tərəfindən mənimsənilə bilər.

Tədbirdə akademik Ramiz Mehdiyevin məqaləsi həm də görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Səfəvi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi kimi qiymətləndirilmişdir. Bildirilmişdir ki, ciddi elmi mənbələrə və tarixi ədəbiyyata əsaslanan məqalə Azərbaycanın daxilində və xaricində tariximizi, tarixi şəxsiyyətlərimizin obrazını təhrif edənlərə tutarlı cavabdır, eyni zamanda tarixçi alimlər üçün çox qiymətli mənbə, uzunmüddətli elmi istiqamətdir.

"Dəyirmi masa"da əsərin DİA-da daha dərindən öyrənilməsi, dövlətçilik tariximizi bilmək və onu yad ünsürlərdən qorumaq üçün gənclərə dolğun tədris edilməsi qərara alınmışdır.  

Professorlar M.Quliyev, F.Məmmədov, N.Ələkbərova, Ə.Abdullayev, dosentlər F.Əhmədova, R.Əkbərov, E.Nəcəfov və başqaları çıxışlarında əsərin elmi, siyasi əhəmiyyətindən danışmış, onun geniş ictimai müzakirəsinin və təbliğinin vacibliyini qeyd etmişlər.

Sonra mövzu ilə bağlı müzakirələr aparılmışdır.

 

Azərbaycan.-2012.- 13 dekabr.- S.5.