Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin
əziz
xatirəsini yad etmişlər
Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.
Dekabrın 12-də ulu öndərimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabana gələrək dahi rəhbərin məzarını ziyarət etmiş, abidəsi önünə tər çiçəklər düzmüşlər. Sonra ümummilli liderin nazirlikdəki büstü önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nazirlikdə təşkil olunmuş anma mərasimində ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Azərbaycanın özü qədər əbədi olan Heydər Əliyevin mənalı ömür yolundan, dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etmiş, ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafının bilavasitə ulu öndərimizin adı ilə bağlı olduğunu vurğulamışdır. Bildirilmişdir ki, ümummilli liderin ideyaları və siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək ölkəmizdə sürətli sosial-iqtisadi tərəqqiyə nail olunmuş, Azərbaycan dünya birliyi üçün mühüm və etibarlı tərəfdaşa çevrilmiş, bir çox tarixi uğurlara imza atmışdır.
Nazir dahi rəhbərin "hüquqi dövlətin ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsidir" müdrik kəlamının bu gün reallığa çevrildiyini söyləmiş, bu sahədə aparılmış köklü islahatlardan danışmış, beynəlxalq aləmdə artıq təqdir olunan nailiyyətlərin ölkə rəhbərliyinin məhkəmə sisteminin inkişafına verdiyi böyük önəmin əyani təzahürü kimi qiymətləndirmişdir.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalan ədliyyə işçiləri ulu öndərin şah əsəri olan müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.
Anma
günü ilə bağlı nazirlikdəki Heydər
Əliyev muzeyində əbədiyaşar liderin zəngin həyatından,
titanik fəaliyyətindən bəhs edən maraqlı
ekspozisiyalar, fotoşəkillər və yeni nəşrlərlə
tanışlıq olmuş, xüsusi stend
hazırlanmış, kinozalda ümummilli liderə həsr olunmuş
yeni "Dövlət" filmi nümayiş etdirilmiş,
ehsan süfrəsi açılmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 13 dekabr.- S.6.