AMEA Tarix İnstitutunun əməkdaşları Almaniyadan
elmi ezamiyyətdən qayıtmışlar
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının növbəti iclası keçirilmişdir.
İnstitutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən iclasda Almaniya Federativ Respublikasının arxivlərindən elmi ezamiyyətdən qayıtmış heyətin hesabatı dinlənilmişdir.
Almaniyaya ezam olunmuş işçi qrupunun rəhbəri, professor Səadət Zeynalova bildirmişdir ki, həmin ölkənin tarixçiləri ilə danışıqlar aparılmış, Bakıda birgə konfransın keçirilməsinə və Azərbaycan-Almaniya əlaqələrinə həsr edilmiş birgə elmi əsərlərin yazılmasına dair razılıq əldə olunmuşdur.
Səfər zamanı Berlinin Bundes arxivində, Almaniya Xarici İşlər Nazirliyinin siyasi arxivində və Prussiya mədəni irsinin gizli dövlət arxivində Azərbaycan tarixi ilə bağlı çoxlu sayda ilk mənbələrə, o cümlədən arxiv sənədlərinə baxılmış, həmin sənədlərin kataloqları hazırlanaraq ölkəmizə gətirilmişdir.
İclasda qeyd olunmuşdur ki, ilkin mərhələdə Berlin arxivlərində saxlanılan sənədlərin kataloqu nəşr olunacaqdır. Almaniyadan gətirilən sənədlər içərisində qiymətli xəritələr, 1905-1906-cı illərdə ermənilər tərəfindən Bakıda yandırılan tikililərin, neft mədənlərinin, zavod və fabriklərin fotoşəkillərinin, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı sənədlərin surətləri də vardır.
Elmi
Şuranın qərarına əsasən, Azərbaycan-Almaniya
qarşılıqlı əlaqələrinin tarixinə həsr
olunmuş birgə elmi konfrans keçiriləcək və eyni
zamanda, Almaniya arxivlərində axtarışlar davam etdiriləcəkdir.
Azərbaycan.-2012.- 13 dekabr.- S.6.