Hajra HEYDƏR: Beynəlxalq Müasir İncəsənət Biennalesi müxtəlif

 ölkələrin sənət əsərləri ilə yaxından tanışlıq baxımından

 mühüm bir platformadır

 

Layihə istər yerli, istərsə də əcnəbi sənətşünaslara yaradıcılıqlarında daha böyük uğurlar qazanmaları üçün geniş imkanlar açacaqdır.

Bu sözləri Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "YARAT!" Müasir İncəsənət Məkanının birgə  təşkilatçılığı ilə Bakıda keçirilən "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesinin iştirakçısı, pakistanlı rəssam Hajra Heydər AzərTAc-a müsahibəsində demişdir.

H.Heydər qeyd etmişdir ki, "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesinin əhəmiyyəti haqqında çox danışmaq olar. Bu tədbir dünyanın fərqli ölkələrindən rəssamları, sənətşünasları bir araya gətirərək incəsənətlə bağlı səmərəli fikir mübadilələrinin aparılması, eləcə də gələcək layihələrin əsasının qoyulması üçün çox vacibdir.

Pakistanlı rəssam biennalenin gənc rəssamlar üçün çox yaxşı imkanların yaradılması, eləcə də müxtəlif ölkələrin sənət əsərləri ilə yaxından tanışlıq baxımından mühüm bir platforma olduğunu vurğulamışdır. H.Heydər Bakıya ikinci dəfədir ki, gəldiyini, əvvəlki səfəri ilə indikinin müqayisəsində həqiqətən də çox böyük dəyişikliklərin baş verdiyini, şəhərin çox sürətlə inkişaf etdiyini söyləmişdir.

 

Azərbaycan.-2012.- 13 dekabr.- S.7.