Sənət xəzinəmizin bəzəyi
Ağabacı
Rzayeva-100
Həzin, məlahətli bəstələri ilə həssas və zövqlü dinləyicilərin, eləcə də sənətsevərlərin yaddaşında əbədi iz salan və əsərləri sənət xəzinəmizin bəzəyi sayılan Ağabacı Rzayeva Azərbaycanın ilk qadın bəstəkarıdır. O, 1912-ci ilin dekabrında Bakı şəhərində anadan olub. Unudulmaz sənətkarın həyat və yaradıcılıq yolu ilə maraqlananda müəyyən məsələlər bizi həm təəccübləndirdi, həm də heyrətləndirdi. Mədəniyyət tariximizdə özünəməxsus yer tutan Ağabacı Rzayeva haqqında başqaları ilə müqayisədə demək olar ki, çox az yazılıb. Halbuki onun həyatı, sənətə bağlılığı, musiqimizin inkişafındakı danılmaz xidmətləri bütün məqamlarda əsl nümunədir.
Öz xatirələrində görkəmli musiqi xadimimizin həyatı haqqında ətraflı məlumat verən Ruqiyyə xanım (bəstəkarın bacısı) bir çox qaranlıq məqama işıq salıb. Ağabacı Rzayeva ilə musiqiçilərlə bərabər pedaqoqlar da fəxr edə bilərlər.
O elə bir mühitdə doğulmuşdu ki, yüksək musiqi duyumu körpəliyindən qanına-canına hopmuşdu. Azərbaycanın ilk muğamşünas pedaqoq tarzəni Mirzə Fərəcin birinci nəvəsi idi. Atası İsmayıl da Bakı milyonçusu Mirtağı Mirbabayevin idarəsində çalışırdı. Vaxtilə çox kasıb olan Mirtağı Mirbabayev də Ağabacının babası Mirzə Fərəcin yanında xanəndəlik edərmiş. Sonradan həyatı dəyişən, şəhərin varlı-karlı insanlarından birinə çevrilən Mirtağı öz köhnə dostunu yenə də unutmamış, bu ailə ilə həmişə sıx əlaqədə olmuşdur. Əhməd Bakıxanovun anası da Ağabacı xanımgilin çox yaxın qohumu idi. Babası Fərəc muğamlarımızı tarda elə ustalıq və məharətlə çalırmış ki, xalq bu qeyri-adi ifaya görə ona "Mirzə" ləqəbi veribmiş. Məhz Mirzə Fərəcdən sonra Qarabağda Sadıqcan tar çalıb. Ağabacının nəvəsi Güləndamın da çox gözəl, qəlbəyatımlı, şirin avazı olub. Muğamları sevimli nəvəsinə layla kimi oxuyarmış. Babanın həzin çalğısında nənənin kövrək deyimləri gənc qızın varlığına, ruhuna yeriyirdi.
O, əvvəlcə Bakıdakı müxtəlif orta məktəblərdə və sonra Pedaqoji Texnikumda oxuyub. 1929-cu il idi. Ağabacı son kursda təhsil alırdı. O zaman Bakıda qızlar, qadınlar çadra örtürmüşlər. Hökumətin qərarı ilə çadranı atmaq lazım gəlir. Ruqiyyə xanım o illəri belə qələmə alıb: "Bu, görünməmiş bir iş oldu. Köhnə fikirli insanlar "çadranı atmaq namusunu atmaqdır" deyirdilər. Ağabacı da iki od arasında qalmışdı. Küçəyə çadrasız çıxmaq qeyri-mümkün idi. Məktəbə isə çadralı buraxmırdılar. Atam İsmayıl qətiyyətlə öz qərarını verdi ki, çadranı atmalı, diplomu almalısan".
Beləliklə, Ağabacı Rzayevanın müəllimlik həyatı başlayır. Onu əvvəlcə Saray kəndinə göndərirlər. Çox çətin və ağır zaman idi. Məktəbə ancaq oğlanlar gəlirdilər. Qızları məktəbə buraxmırdılar. Hətta küçədə qadınlar Ağabacıdan qaçırdılar ki, "müəllim, bizimlə danışma, ərlərimiz bizi boşayar". Bir il belə zülmlə Ağabacı Saray məktəbində dərs dedi. Sonra Bakının Kürdəxanı, Maştağa kəndlərində Ağabacı Rzayeva öz müəllimlik missiyasını yerinə yetirdi. 1934-cü ildə onu Bakıdakı 44 nömrəli məktəbə göndərdilər. O, müəllimlik fəaliyyətini həvəslə davam etdirməyə başladı. Bir axşam atası İsmayıl qızlarını başına yığıb söylədi: "Bu gün Üzeyir bəylə görüşmüşəm. O, konservatoriyada xalq musiqisi kursu açıb. Amma qız tələbəsi yoxdur. Məndən xahiş etdi ki, sizi onun yanına aparım". Beləliklə, iki bacı - Ağabacı və Ruqiyyə Rzayevalar Üzeyir bəyin yanına gəldilər. Bir il oxuduqdan sonra, 1935-ci ildə onlara iki qız da qoşuldu:
- Qönçə İsmayılova və Xədicə Əhmədova. Onlar altı il Üzeyir bəydən dərs aldıqdan sonra böyük bəstəkarımızın rəhbərlik etdiyi Birinci notlu xalq musiqi çalğı alətləri orkestrində çalışmağa başladılar. Ağabacı tarda, Ruqiyyə isə kamançada çalırmış. Bununla bərabər, Ağabacı xanım müəllimlik fəaliyyətini davam etdirirmiş. O, Musiqi Texnikomunda dərs deyirdi. Musiqiyə olan səngiməz meyli onu maraqlı əsərlər üzərində işləməyə vadar edib. 1940-cı ildə özünün ilk əsərini - "Gənc vətənpərvərlər" marşını yazıb. Orkestr də böyük həvəslə onu çalmağa başlayıb. Amma Ağabacı xanım son dərəcədə təvazökar olduğundan öz marşını Üzeyir bəydən gizlədib. Utandığından çalışıb ki, dahi bəstəkarımız onun bəstələrindən xəbər tutmasın. Lakin bəstəkar həmkarlarından bir nəfər pünhan şəkildə Üzeyir bəyə bu məsələni çatdırıb. Üzeyir bəy marşı dinlədikdən sonra Ağabacıya deyib: "Sən ki əsl bəstəkarsan". Təzədən Ağabacı xanım böyük Üzeyir bəyin məsləhəti ilə ondan bəstəkarlıq dərsi alıb. İlk mahnılarından olan "Vətən", "Dilbərim" İkinci Dünya müharibəsi illərində çox məşhurlaşmışdı.
Məskənimdir dağ, dərə
Gül-çiçəkli mənzərə.
Öz evimdən ayrılıb
Yoldaş oldum ərlərə.
Səndən ayrı, nazlı dilbər,
Hər gecəm bir il olur,
Nazlı yarı az düşünmək
Aşiqə nisgil olur.
Onun müraciət etdiyi ilk şair Zeynal Cabbarzadə, ilk mahnısını isə oxuyan müğənni unudulmaz Bülbül olub. Demək olar ki, sonralar Ağabacı Rzayeva bir-birindən gözəl mahnı və romanslar yazmağa başladı. "Neftçi Qurban", "Çoban Qara", "Oxuma, gözəl", "Afəti cansan" və s. mahnılar müğənnilərin avazından düşmürdü. Ağabacı xanımın mahnılarını Azərbaycanın ən gözəl ustad sənətçiləri ifa edib. Bülbül, Şövkət Ələkbərova, Həqiqət Rzayeva, Fatma Mehrəliyeva, Zöhrə Rəhimova, Firəngiz Əhmədova, Tükəzban İsmayılova, Lütfiyar İmanov, Məmməd Salmanov, Elmira Rəhimova, Səfurə Əzimi, Sara Qədimova və başqaları. Bəlkə də 40-50 ildən çoxdur ki, bəstəkarın ilhamla yazdığı "Ey pəri" mahnısı bu gün də eyni şövqlə, məhəbbətlə dinləyicilərə zövq verir, onların könlünü oxşayır.
Son dərəcə məsuliyyətli, sənətə, mahnıya ciddi yanaşan Ağabacı xanım hər mətnin üstündə işləməzdi. Bəlkə də buna görə onun mahnıları bu qədər uzunömürlüdir. Klassik şairlərimizdən Nizaminin, Füzulinin, Nəsiminin, Seyid Əzim Şirvaninin, Sabirin əksər şeirlərinə mahnı və romanslar yazıb. Zeynal Cabbarzadə, Mirvarid Dilbazi, Süleyman Rüstəm, Məmməd Rahim, Nigar Rəfibəyli, Nəbi Xəzri, Məmməd Araz onun çox sevdiyi şairlər olub.
Ağabacı Rzayeva o dövrdə türk şairlərinə və aşıqlarına müraciət etmişdi ki, bunlar da yasaq idi. Amma bir sənətkar kimi o, Qaracaoğlanın, Əşrəfoğlunun sözlərinə mahnı yazmaqdan çəkinməmişdir. "Nazlı dilbər", "Eşqin adı" mahnıları təkcə Azərbaycanda deyil, Türkiyədə də böyük həvəslə müğənnilər tərəfindən ifa olunurdu. Bu gün də həmin nəğmələri eşidirik. Amma təəssüf ki, bəzən onların kim tərəfindən bəstələndiyi deyilmir.
Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş Ağabacı xanım Rzayeva iki dəfə Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri alıb. Azərbaycan Ali Sovetinin deputatı seçilib. Bütün həyatını musiqiyə və qardaş-bacılarının taleyinə bağlayan Ağabacı Rzayeva şəxsi səadəti haqqında düşünməyə imkan tapmayıb. 1937-ci ilin soyuq küləkləri onların da ailələrinin üstündə əsməyə başlayıb. Milyonçu ilə oturub-durduğuna görə atası İsmayıl müəyyən təzyiq və təqiblərə məruz qalıb. Çox acınacaqlı həyat tərzi keçirib. Nəticədə hər iki gözünün işığını itirib. Ailədə birinci uşaq olduğuna görə Ağabacı Rzayeva özündən başqa beş qardaş-bacının da qayğısını üzərinə götürüb. Bunun da nəticəsində həm ömrü qısa oldu, həm də... Doğmaları söyləyirlər ki, çox qəfil getdi. 1975-ci ildə 63 yaşında dünyasını dəyişib. Amma o, gələcəyini görən insan idi. Elə yadigarlar, elə ərməğanlar qoyub ki... Bu gün də biz onu böyük məhəbbət və ehtiramla xatırlayırıq. Sənətdə birinci olmaq hər kəsin taleyinə yazılmır. Bu gün fəxr və qürurla deyirik ki, Ağabacı Rzayeva bizim ilk qadın bəstəkarımızdır. İlkinlər isə heç zaman unudulmurlar. Belə unudulmaz olduğu kimi də mahnılarında yaşayır Ağabacı Rzayeva.
Həm
Azərbaycanda, həm də bütün Şərqdə
peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkarın
saldığı yollarda sonradan istedadlı xanımlar -
Ədilə Hüseynzadə, Hökumə Nəcəfova,
Şəfiqə Axundova görünməyə
başladı.
Flora XƏLİLZADƏ,
Azərbaycan.-2012.- 13 dekabr.- S.7.