Azərbaycan hakimiyyəti «Freedom House» təşkilatının hesabatını

 subyektiv mülahizələr əsasında tərtib olunmuş raport kimi dəyərləndirir

 

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını subyektiv mülahizələr əsasında tərtib olunmuş QHT raportu kimi dəyərləndirir.

"Əgər "Freedom House" üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanların şəhərin mərkəzində qanunsuz aksiya keçirməsinə, anarxiya, xaos yaratmaq cəhdlərinə asayiş keşikçilərinin seyrçi mövqedə qalmasıdırsa, bu cəhdlərin qarşısının alınması ölkənin azadlıq reytinqini aşağı endirirsə, o zaman buyursun, Avropanın mərkəzi ölkələrində hüquq-mühafizə qüvvələrinin o tipli aksiyaçılara tutduğu divana qiymət versin. Bizim üçün xaos və anarxiyanın, məsuliyyətini itirmiş insanların daxili sabitliyi pozmaq, başqa insanların fəaliyyətinə mane olmaqs. kimi qeyri-qanuni aksiyalarının qarşısının alınması qanunçuluğun tələbi və yerinə yetirilməsidir. O ki qaldı vətəndaşları təhqir edən, insanlara böhtan atan, qələm arxasında gizlənərək min bir oyundan çıxan, reketçilik edən, xalqına və dövlətinə xəyanət edən "jurnalist"in cəzasız qalmasına, bu da bu gün Azərbaycan cəmiyyətinin istəyinə uyğun gəlmir", - deyə Əli Həsənov cümə axşamı "Trend"ə bildirib.

PA rəsmisi deyib ki, Azərbaycanda hər bir vətəndaş hansı peşə sahibi olmasından asılı olmayaraq, öz fəaliyyətinin məsuliyyətini dərk etməli və başqa insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Onun fikrinə görə, hüquqi dövlətdə insan hüquqlarının balansı mövcuddur: "Bir insanın hüququ başqa birisinin hüququnun başlandığı yerdə bitir. Bizim Azərbaycan dövlətimizdə hüquqların balansını belə anlayırıq. O ki qaldı "Freedom House"un digər məsələlərlə bağlı hesabatında qeyd olunan məsələlərə - jurnalistlərin azadlığının məhdudlaşdırılması, internet azadlığının təhdid olunması, bloqqerlərin sıxışdırılması və həbsə alınması, həbsxanalardakı vəziyyətin dözülməz olması, məhbuslara işgəncələr verilməsi və s. ilə bağlı fikir və mülahizələrə, hesab edirik ki, onlar da subyektiv mülahizədən başqa bir şey deyil. Bu hesabatlar daha çox bəzi antiazərbaycan meyilli Qərb dairələrindən maliyyələşən, ölkə daxilində onlar üçün saxta raportlar hazırlayan bir neçə qeyri-hökumət təşkilatlarının məlumatı əsasında tərtib olunmuşdur və bunların Azərbaycanın real gerçəkliyi ilə heç bir əlaqəsi yoxdur".

PA rəsmisi "Freedom House" hesabatında xüsusi bir abzasla Bakı şəhərinin baş layihəsinə müvafiq olaraq bəzi yenidənqurma və köçürmə işlərinin mənfi qiymətləndirilməsinə də münasibət bildiribqeyd edib ki, bu, Azərbaycan üçün artıq oxunmuş bir mahnıdır.

"Bu tipli ittihamlar bizim üçün tanış böhtan və yalanlar üzərində qurulmuşdur. "Eurovision" mahnı müsabiqəsi zamanından başlayan bu kampaniyanın arxasında erməni lobbisi və bəzi antiazərbaycan dairələr dayanır. Məqsəd də guya insanların mülkiyyət hüququnun pozulduğunu şişirdərək Azərbaycanın artmaqda olan müsbət imicinə zərbə vurmaq, Qərbdə onun dinamik inkişaf edən ölkə obrazını zədələmək, nüfuzuna xələl gətirməkdən ibarət idi", - deyə Əli Həsənov bildirib.

Əli Həsənovun sözlərinə görə, Bakı şəhərindəki bütün bu yenidənqurma işləri və abadlaşdırma siyasəti Prezident İlham Əliyevin təşəbbüsü ilə insanlar və onların rifahının yüksəldilməsi, şəhərimizin abadlığı və gözəlliyi üçün həyata keçirilir: "Bakı şəhərinin baş planına uyğun olaraq daxili infrastrukturların genişləndirilməsi və yenidən qurulması, şəhərin əvvəlki illərdə pozulmuş ahənginin bərpası yüz minlərlə şəhər və on minlərlə məhəllə sakininin rahat yaşayışının, gediş-gəlişinin təmin olunması və yaxşılaşdırılması üçün edilir. Təəssüf edirik ki, bu işdə bəzi ailələrin təbii olaraq başqa yerə köçürülməsindən qaçmaq da qeyri-mümkün olmuşdur. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə köçürülməyə məruz qalan insanların hüquqları tam təmin olunmuşdur. Onlara daha münasib alternativlər, daha sərfəli evlər, yaxud müvafiq ödəmələr təklif olunmuş və həmin insanlar da bunu razılıqla qarşılamışlar. Əlbəttə, təbii olaraq köçürülənlərdən bir neçəsi ənənəvi yaşayış yerini tərk etmək istəmədiyi üçün narazı qalmışdır. Amma bunların sayı razı qalanların və Bakı şəhərində, həmin məhəllələrdə gələcək həyat şəraitini yaxşılaşdıranlarla müqayisədə çox cüzi idi".

PA rəsmisi deyib ki, Azərbaycanda minlərlə insan köçürülüb. Bunun içərisindən, əlbəttə ki, 3-5 narazı tapıb mətbuata, televiziyaya çıxartmaq olardı və bizim bəzi QHT-lərin dəstəyi ilə bir çox antiazərbaycan dairələr belə də edir: "Necə olur ki, on minlərlə köçürülən insanın içərisindən 3-5 nəfəri təkrar-təkrar, ayrı-ayrı Qərb dairələri, Qərb mətbuatı öz səhifəsinə çıxarır, müsahibələrini dərc edirbunu da bu gün "Freedom House" öz hesabatına salır? Yaxşı olmazdımı ki, onlar bu arayışları hazırlayarkən köçürməyə cəlb olunmuş digər insanların və şəhər sakinlərinin də fikirlərini nəzərə alsınlar? "Freedom House"un hesabatını ümumiləşdirsək, bu hesabat neçə illərdir ki, ardıcıl olaraq bir-birinin ardınca bəzi QHT-lərin hazırladığı raportlardan heç nə ilə fərqlənmir. Burada tək Azərbaycanın adı keçmir, bütün postsovet ölkələri bu siyahıya salınıb, guya bunların əksəriyyətində insan hüquqları və azadlıqları pozulur, məhdudlaşdırılır".

Ə.Həsənovun fikrinə görə, "mənfi qiymətləndirmənin əksər postsovet ölkələrinə aid olması onu göstərir ki, "Freedom House"un istifadə etdiyi metodologiya və yanaşma doğru deyil, "Freedom House"un əsaslandığı mənbələr subyektiv mülahizələrdən çıxış edir və o mənbələrin çoxu məqsədyönlü fondlardan maliyyələşən QHT-lərdir ki, onlar da Azərbaycanın mənfi imicinin formalaşdırılmasında maraqlıdırlar".

 

Azərbaycan.-2012.- 14 dekabr.- S.2.