«Freedom House» təşkilatının qərəzli hesabatı

 antiazərbaycan dairələrin növbəti sifarişidir

 

Azərbaycan inkişaf etdikcə, beynəlxalq nüfuzunu artırdıqca, dünya birliyindəki mövqelərini gücləndirdikcə uğurlarımıza qənim kəsilənlər də ortaya çıxır, hər vəchlə ölkəmizə, xalqımıza qara yaxmağa çalışırlar. Xüsusilə bəzi xarici dairələr, təşkilatlar ölkəmizdəki reallıqları təhrif etmək, beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Bu cür məkrli əməllərin hansı mənbədən qaynaqlandığı məlumdur: erməni lobbisi və bütövlükdə antiazərbaycançı şəbəkə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk gündən ölkəmizə qarşı "qara piar" aparmaqla məşğuldurlar.

Başa çatmaqda olan 2012-ci il Azərbaycan üçün növbəti uğurlu mərhələ kimi tarixə düşəcək. Bu il iqtisadi inkişafını davam etdirən Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətini uğurla həyata keçirir. Ölkəmiz bir neçə mötəbər beynəlxalq siyasi, mədəni və idman tədbirlərinə ev sahibliyi etdi. Bu məqsədlə Azərbaycana gələn hər kəs insanlarımızın qonaqpərvərliyi ilə yanaşı, ölkəmizin real mənzərəsini - sürətli inkişafı, demokratik dəyərlərin cəmiyyətimizdə bərqərar olduğunu öz gözləri ilə gördü. Bir neçə gün əvvəl Avropa Olimpiya Komitəsinin birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı verdiyi qərar ölkəmizin beynəlxalq miqyasdakı nüfuzunun bir daha möhtəşəm təsdiqi oldu. Belə uğurların sayı hələ çox olacaq və Azərbaycan daha güclü, qüdrətli dövlətə çevriləcək.

Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycan inkişaf etdikcə, dünyada nüfuzu artdıqca, ölkəmizin müstəqilliyini və tərəqqisini gözü götürməyən bir sıra xarici təşkilatlar Azərbaycana qarşı məqsədli şəkildə qərəzli kampaniya aparırlar. Hazırladıqları hesabatlarda ölkəmizdəki demokratik vəziyyəti qəsdən təhrif edir, guya insan hüquq və azadlıqlarının pozulduğunu iddia edirlər. "Amnesty İnternational", "Human Rights Watch" kimi antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən təşkilatların Azərbaycana dair hesabatlarının qərəzli və qeyri-obyektiv olduğu hətta xarici ekspertlər tərəfindən də təsdiq olunub.

Antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən təşkilatlardan olan "Freedom House" təşkilatının da dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair növbəti illik "hesabatında" Azərbaycanla bağlı irəli sürülən iddialar heç bir reallığa söykənmir, qeyri-obyektiv və qərəzlidir. Bu təşkilatın hesabatlarında Azərbaycan heç bir əsas və fakt olmadan daim qara rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və Azərbaycanda guya insan haqlarının pozulmasını təsdiq edən "faktlar" kimi təqdim olunur.

"Freedom House" antiazərbaycan platformasında birləşmiş bəzi yerli QHT-lərin qərəzli iddialarını, subyektiv mülahizələrini yoxlamadan təkrarlayır və heç bir müstəqil araşdırma aparmadan yekun qənaətini yalnız bu "donoslar" əsasında formalaşdırır. Təsadüfi deyil ki, belə "hesabatlar" hətta tənqidi mövqeyi ilə seçilən hüquq müdafiəçilərinin narazılığına səbəb olur.  İnsan hüquq  azadlıqlarının vəziyyətinə görə Azərbaycanın "qeyri-azad", Ermənistanın isə "qismən azad" ölkələr sırasına daxil edilməsi bu təşkilatın mövqeyində ikili standartların və Azərbaycana qarşı antipatiyanın açıq təzahürüdür. Bu təşkilat 2011-ci ildə dünya ölkələrində internetin vəziyyəti ilə bağlı hesabatında hətta Beynəlxalq Telekommunikasiya Təşkilatının Azərbaycana dair statistikasını məqsədli şəkildə təhrif etmişdir.

"Freedom House" təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, "Freedom House" bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini əsas tənqid hədəfinə çevirib. Ekspertlər düşünürlər ki, vaxtilə ABŞ Dövlət Departamentində yüksək vəzifə sahibi olmuş Devid Kramerin "Freedom House"a rəhbər təyin olunması bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çaları gətirib.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, media azadlığı sahəsində ixtisaslaşan ekspertlər, QHT rəhbərləri hesab edirlər ki, təşkilatın Azərbaycanla bağlı iddiaları reallığı əks etdirmir, qeyri-ciddidir və xarici antiazərbaycan dairələrin sifarişinin məhsuludur. Bu cür yersiz və qərəzli hesabatlarla nə ölkəmizə təzyiq etmək, nə də nüfuzunun  artmasının qarşısını almaq mümkündür. Bu təşkilatlar insan hüquq və azadlıqlarının qorunmasından danışırsa, ilk növbədə, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidirlər. Bütün bunları görməzliyə vuraraq Azərbaycana qarşı sifarişlə qərəzli mövqe tutmaq nəticə etibarilə onların riyakar mövqeyini ortaya qoyur.

 

 Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2012.- 14 dekabr.- S.2.