Ankarada «Heydər Əliyev dünyasında mədəniyyət və

 sənət» mövzusunda konfrans keçirilmişdir

 

Ankaradakı Bilkənt otelində Azərbaycanın Türkiyədəki səfirliyi, Bilkənt Universitetinin Rəyasət Heyəti və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə "Heydər Əliyev dünyasında mədəniyyət və sənət" mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları türk dünyasının dahi şəxsiyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Ənvər Həsənoğlu Azərbaycandan gəlmiş mötəbər tərkibli nümayəndə heyətini, Türkiyə hökumətinin üzvlərini, millət vəkillərini salamlayaraq, konfransın işinə uğurlar diləmişlər.

Türkiyə Baş nazirinin müavini Bəşir Atalay türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin vəfatı günü Bakıda olduqlarını, bu kədəri Azərbaycan xalqı ilə paylaşdıqlarını xatırlatmışdır. Ulu öndərin türk dünyasının və Türkiyə-Azərbaycan əlaqələrinin rəmzi olduğunu vurğulayan Baş nazirin müavini demişdir ki, Türkiyə xalqı və siyasi elitası onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi zamanda siyasi uğurlarını yaxşı bilirlər. Türkiyə-Azərbaycan birliyi dahi şəxsiyyətin siyasətinin prioritetlərindən biri idi. Heydər Əliyevin dil siyasəti, mədəni irsin qorunması və təbliğinə diqqəti xüsusilə təqdirəlayiqdir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünyada tanıdılması, Məhəmməd Füzulinin 500 illik yubileyinin dünya miqyasında keçirilməsi, Molla Pənah Vaqifin məqbərəsinin tikilməsi, Hüseyn Cavidin nəşinin Sibirdən gətirilib doğma diyarı olan Naxçıvanda dəfn edilməsi, nəhayət, Dədə Qorqudun 1300 illik yubileyinin keçirilməsi məhz onun xidmətləridir. Ankarada keçirilən Füzulinin 500 illik yubiley tədbirində Heydər Əliyev demişdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Türkiyənin dəstəyi ilə quruldu, lakin bu dövlət süqut etdikdən sonra da qardaş ölkə hər zaman bizim qəlbimizdə olmuşdur.

B.Atalay əlavə etmişdir ki, Heydər Əliyev bir tərəfdən qardaş Türkiyə ilə ortaq iqtisadi, enerji layihələri həyata keçirir, digər tərəfdən isə mədəniyyət, təhsil əlaqələrini gücləndirirdi. İqtidarda olan Ədalət və İnkişaf Partiyası hökuməti onun "bir millət, iki dövlət" kəlamına uyğun fəaliyyət göstərməyə çalışır, son on il müddətində qardaş Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı gücləndirir.

Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay 1992-ci ildə Naxçıvana səfər etdiyinio zaman Ali Məclisin Sədri olan Heydər Əliyev ilə görüşdən sonra onun Azərbaycana rəhbər gəlməsi üçün dua etdiklərini söyləmişdir. Hökumət üzvü kimi 2007-ci ildə ilk səfərini Bakıya etdiyini, burada dahi şəxsiyyətin siyasətinin bəhrələrini gördüyünü diqqətə çatdıran nazir, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, güclü iqtisadiyyata malik olduğunu vurğulamışdır.       

Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyev çıxışında bildirmişdir ki, Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı atalar məsəlinə çevrilmişdir. Ulu öndər son dərəcə sadə sözlərlə böyük həqiqəti ifadə etmişdir. Cəmi 46 yaşında Azərbaycanda hakimiyyətə gələn ümummilli liderimiz sənətə bağlı bir insan idi və sənəti qiymətləndirirdi. Milli şüurumuzun təşəkkül tapmasında misilsiz xidmətləri olan Heydər Əliyevin görkəmli siyasət və ədəbiyyat xadimi Nəriman Nərimanovun Bakıda LeninKirovdan da əzəmətli heykəlini ucaltdırması, siyasi repressiyaya məruz qalmış filosof şairimiz Hüseyn Cavidin nəşinin Sibirdən gətirilib doğma vətəni Naxçıvanda dəfn olunması üçün 1982-ci ilin oktyabrında xüsusi dövlət komissiyası yaratması və bunun kimi bir çox addımları xalqımızın yaddaşından silinməyəcəkdir.

Azərbaycan Prezidenti Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ulu öndərin mərhum İhsan Doğramacı ilə dostluğunun təhsilimizin inkişafı təməlində möhkəmləndiyini diqqətə çatdıraraq, hər iki dahi insanın ruhunun şad olduğunu söyləmişdir. Heydər Əliyev azərbaycançılıq məfkurəsinin formalaşmasında həlledici rol oynamışdır. O, Azərbaycan xalqına öz milli mənsubiyyəti, dili və Vətəni ilə fəxr etmək ruhu aşıladı. Biz, dahi şəxsiyyətlə eyni dövrdə yaşadığımız və onun rəhbərliyi altında işlədiyimiz üçün xoşbəxtik.

Azərbaycanın təhsil naziri Misir Mərdanov və Türkiyə təhsil nazirinin müavini Orhan Erdem ulu öndər Heydər Əliyevin təhsilə qayğısından bəhs etmişlər. Bu gün Türkiyədə 4 mindən çox azərbaycanlı gəncin təhsil alması, 10 mindən çox gəncin dünyanın müxtəlif ölkələrindəki nüfuzlu ali təhsil ocaqlarında oxuması məhz Heydər Əliyevin müdrik siyasətinin bəhrələridir. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti yüksək səviyyədədir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə Prezidenti Aparatının rəhbəri Mustafa İsen, Bilkənt Universitetinin professoru, keçmiş dövlət naziri Mehmet Aydın, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və digər natiqlər Heydər Əliyevin mədəniyyət, elm və təhsilin inkişafına diqqət və qayğısından bəhs etmişlər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Azərbaycan.-2012.- 14 dekabr.- S.3.