«Sən elə bir zirvəsən»

 

Bakının 132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar anım günü keçirildi. Öncə Təhsil Kompleksinin rəhbər, müəllim və şagird heyəti yüksək texnologiyalar əsasında qurulmuş virtual Heydər Əliyev Muzeyini ziyarət etdilər, ulu öndərin büstü önünə əklil qoydular, xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Muzeydə "Heydər Əliyev" məşğələsi keçirildi. Günboyu məktəb daxilində ulu öndərə həsr olunmuş dərslərdə şagirdlərə ümummilli liderin zəngin irsi barədə geniş məlumat verildi, dövlətçilik fəaliyyətini əks etdirən sənədli film  nümayiş etdirlidi.

Anım mərasimi kompleksin akt zalında təşkil olunmuş "Sən elə bir zirvəsən" adlı tədbirlə davam etdirildi. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Sonra 132-134 nömrəli Təhsil Kompleksinin müdiri, respublikanın əməkdar müəllimi Sara Xanlarova ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından, zəngin irsindən geniş söhbət açdı. O bildirdi ki, bu gün  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim,  ümummilli lider Heydər Əliyevin vəfatından doqquz il keçir. İndi hər bir azərbaycanlı ulu öndərin şəxsiyyətinin böyüklüyünü, bənzərsizliyini, qüdrətini və müdrikliyini, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlərin əzəmətini daha dərindən dərk edir. Bu dahi insanın liderlik missiyası təkcə öz xalqı üçün deyil, bütövlükdə dünya üçün həlledici rol oynamışdır. Ulu öndər yüksək insani keyfiyyətlərinə, dövləti idarəetmə bacarığına, xalqa sədaqətlə xidmət göstərdiyinə görə nadir tarixi şəxsiyyətlərdəndir. Ulu öndərdən sonra onun ölməz ideyaları möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sara Xanlarova. həmçinin bildirdi ki, Bakının mərkəzində yerləşən və 150 illik tarixə malik olan və hazırda 132 və 134 nömrəli Təhsil Kompleksinin fəaliyyət göstərdiyi bu möhtəşəm bina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yenidən qurularaq əsaslı bərpa olunmuş və şagirdlərin ixtiyarına verilmişdir. Tarixi keçmişimizə həmişə böyük hörmətlə yanaşan, milli irsimizi, abidələrimizi, milli sərvətlərimizi daim qoruyan, bərpa edən dövlət başçısının bu tarixi binanın da yaşamasında və onun gələcək nəsillərə ötürülməsində böyük xidmətləri vardır. Biz bütün müəllim və şagird heyətimizlə birgə dövlətimizin bəxş etdiyi bu əvəzsiz töhfəni layiqincə qoruyub saxlayacağıq.

Tədbirin rəsmi hissəsindən sonra məktəblilərin ifasında ümummilli liderin xatirəsinə həsr olunmuş bədii hissə nümayiş etdirildi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər.

 

Azərbaycan.-2012.- 14 dekabr.- S. 3.