Böyük inam etimad hörmət məsuliyyət

 

"Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyikE Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur".

 

 

 

                                                                   İlham ƏLİYEV

 

 Dünyada gedən qlobal inteqrasiya proseslərinin sürətləndirilməsindəki rolu, irqindən, dinindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmır, Olimpiya oyunlarında layiqincə təmsil olunmağa çalışır. Olimpiya oyunlarında əldə edilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını da nümayiş etdirir.

 

 

 

Diqqət və qayğı olan yerdə həm yüksəliş var, həm də uğurlar

 

 Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaranıb. Lakin respublikamızda müasir Olimpiya Hərəkatının formalaşmasına, bu hərəkatın yüksələn xətlə inkişafına nəzər saldıqda Azarbaycan MOK-un tarixinin, əslində, cənab İlham Əliyevin bu komitəyə prezident seçildiyi dövrdən başlandığının şahidi olarıq.

1997-ci ildə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə respublikamızda Olimpiya Hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. Azərbaycanın Olimpiya oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, MOK-u Beynəlxalq Olimpiya ailəsində nüfuzlu bir təşkilata çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılar üçün təlim-məşq toplanışlarını təşkil etmək, onların sosial vəziyyətini yaxşılaşdırmaq vacib məsələ kimi qarşıya qoyuldu. Ölkədə idmanın maddi-texniki bazasını inkişaf etdirmək, beynəlxalq yarışların Azərbaycana salınmasına nail olmaq, belə yarışların təşkilini təmin etmək, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək MOK-un fəaliyyətinin əsas istiqamətləri qismində müəyyən olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısından, sahənin inkişafındakı xidmətlərindən danışarkən bu fəaliyyəti iki mərhələyə bölmək olar. İlk mərhələyə 1997-2003-cü illər daxildir ki, həmin dövrdə cənab İlham Əliyev Azərbaycan MOK-un rəhbəri olaraq ölkəmizdə Olimpiya Hərəkatının genişlənməsində, bədən tərbiyəsinin kütləviliyinə nail olunmasında böyük rol oynayıb. Beynəlxalq idman əlaqələrimizin qurulması, idmançıların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də müasir olimpiya komplekslərinin tikilməsi ilə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsində qısa müddətdə görülən işlər öz bəhrəsini verib. MOK prezidenti olaraq cənab İlham Əliyevin gördüyü bütün bu işlər idman ictimaiyyəti, idmansevərlər tərəfindən rəğbətlə qarşılanıb, alqışlanıb.

İlk dəfə 2003-ci ilin prezident seçkilərində böyük üstünlüklə qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin ölkə rəhbəri olaraq idmanın inkişafına göstərdiyi diqqət isə idman fəaliyyətinin ikinci mərhələsi hesab olunur. Dövlətimizin başçısı ötən 9 il ərzində həm Azərbaycan Respublikasının Prezidenti, həm də MOK rəhbəri olaraq idmanın inkişafına xüsusi qayğı ilə yanaşıb.

 

 

 

Olimpiya zəfərləri

 

 Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ olunması baxımından əvəzsiz rol oynayır. Bu ali yarışlar ümumbəşəri dəyərlərə bağlılıq, milli maraqların, eyni zamanda xalqlar arasında bərabərliyin və dostluğun qorunması, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirilməsi, əmin-amanlıq, sülh deməkdir. Bu oyunlar bütün dünyada ən populyar idman yarışlarıdır. Həmin yarışlar çərçivəsində milyonlarla insan bir yerə toplaşır. Bu mənada onlar getdikcə daha böyük ictimai-siyasi anlam kəsb edir.   

Uğurları birdən-birə qazanmaq olmur. Lakin qətiyyət və iradə olan yerdə qarşıda duran məqsədlərə daha tez çatmaq mümkündür. Azərbaycan idmançılarının Sidney zəfəri bunu əyani təsdiq etdi. Cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi 3 il sonra - 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında çıxış etdilər və çox möhtəşəm tarixi bir zəfərə imza atdılar. Beləliklə, cənab İlham Əliyevin MOK rəhbəri kimi fəaliyyəti 2000-ci ildə - Sidney Yay Olimpiya Oyunlarında öz parlaq təcəssümünü tapdı.

Növbəti illərdə qarşıya qoyulan məqsədlərin öhdəsindən gəlmək və yeni nailiyyətlərə imza atmaq üçün imkanlar səfərbər edildi. Aparılan işlər və qalan müddət ərzində həyata keçirilən tədbirlər Azərbaycanın Afina və Pekin Olimpiya oyunlarında daha yüksək səviyyədə hazırlığını təmin etdi, qarşıya qoyulmuş məqsədlərə çatmaq imkanı yaratdı.

Pekindən zəfərlə dönən Azərbaycan Olimpiya komandasının London Olimpiya Oyunlarında daha böyük uğura imza atacağı gözlənilən idi. London Olimpiya Oyunları Azərbaycan üçün yalnız idmançılarımızın sayının artması ilə yadda qalmadı. Bu olimpiada Azərbaycan üçün daha çox ona görə əlamətdar oldu ki, Olimipya komandamız indiyədək qatıldığı Olimpiya oyunları içərisində ən böyük uğuruna imza atdı. Azərbaycan idmançıları rekord sayda - 10 medal qazandılar.  Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların ümumi sayına görə 24-cü sırada yer tutdu. İki qızıl, iki gümüş və altı bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yerdədir. Azərbaycan olimpiyaçıları öz nailiyyətləri ilə Türkiyə, Belçika, Argentina, Portuqaliya, Kanada, Yunanıstan, Tailand, Bolqarıstan, İsveç, Norveç, Hindistan, İndoneziya, Serbiya kimi dövlətləri geridə qoydular. Medal əyarında da göstərici rekorddur. Belə ki, idmançılarımız 12 il əvvəl - Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc medal qazanmaqla ilk rekorda imza atmışdılar. O vaxt Namiq Abdullayev və Zemfira Meftahəddinova qızıl, Vüqar Ələkbərov bürünc medal qazanmışdılar. Londonda isə 2 qızıl və 2 gümüş medalla yeni rekord vuruldu. Bu dəfə Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalın sahibi oldular.

 

Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, Londonda 204 ölkə arasında 30-cu yeri tutdu.

London Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşdə Prezident İlham Əliyev deyib: "Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. London Yay Olimpiya Oyunları bunu bir daha təsdiqlədi, bir daha sübut etdi. Azərbaycan Olimpiya oyunlarında ən böyük uğuru London Olimpiya Oyunlarında qazanmışdır. Bu Olimpiya oyunlarında 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan bu yarışda 30-cu yeri tuta bilmişdir. Medalların sayına görə 24-cü yerdəyik. Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yerdəyik. Azərbaycan idmançıları 10 medal qazanmışlar - ikisi qızıl, ikisi gümüş, altısı bürünc medaldır. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir".

 

 

 

İdman ölkəsinin güclü və nümunəvi maddi-texniki bazaya malik olması təbiidir

 

 Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra bu qurumun fəaliyyətindəki canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də maddi-texniki bazanın gücləndirilməsi sahəsini də əhatə etməyə başladı. Ölkədə idmanın sürətli inkişafı və onun gələcək imkanlarını genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın vəziyyətində dönüşün əsası qoyuldu.

MOK ölkə idmanının maddi-texniki bazasının yaradılması və inkişafı üçün iki vacib istiqamətdə iş görüb. Bunlardan birincisi MOK-un maddi-texniki bazasını yaratmaq, ikincisi isə mövcud idman qurğularını yenidən qurmaq, onların bərpasını və avadanlıqla təchizatını təmin etmək olmuşdur.

MOK 1999-cu ildən öz obyektlərinin tikintisinə başlayıb və artıq 2000-ci ilin oktyabrında Bakıda ilk olimpiya kompleksinin açılış mərasimi olub. Bununla da ölkədə Olimpiya Hərəkatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması prosesi başa çatmışdır. Kompleksin açılışında iştirak edən Avropa Olimpiya Komitəsinin ovaxtkı prezidenti Jak Roqq çıxışında deyib: "Sidneydə keçirilən Olimpiya oyunlarında Azərbaycanın əldə etdiyi qələbələrin sizin ölkəniz üçün çox böyük əhəmiyyəti var. Bu, ölkənizdə idmanın daha da inkişaf etməsi üçün, bir növ, stimul rolunu oynayacaqdır. İdman millətə öz hüququnu, milli mənliyini dərk etməkdə yardımçı olur. Bu baxımdan idmana qoyulan vəsait həmişə özünü doğruldur".

2001-ci il mart ayının 26-da Milli Olimpiya Komitəsinin inzibati binası istifadəyə verilmişdir. 2001-ci ilin dekabrında isə Bakının Maştağa qəsəbəsində MOK-un tikdirdiyi daha bir Olimpiya İdman Mərkəzi öz qapılarını idmansevərlərin üzünə açdı. Paytaxtdan başlayan bu quruculuq tədricən bölgələrə doğru istiqamətləndi. Xüsusilə qeyd etməliyik ki, bölgələrdə olimpiya idman komplekslərinin tikilib istismara verilməsi çox önəmli rol oynayır. 2000-ci ildən indiyədək ölkədə 35 olimpiya idman kompleksi və bir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında belə müxtəlif idman növləri ilə məşğul olmaq üçün lazımi şərait var. Bütün bunlar Azərbaycanda Olimpiya Hərəkatının inkişafına təkan verir. Bu gün Azərbaycanda təkcə beynəlxalq idman yarışları deyil, həmçinin idmanla bağlı böyük tədbirlər də uğurla keçirilir.

 

Olimpiya komplekslərinin mövcudluğu Olimpiya Hərəkatının inkişafına töhfə verən amillərdən biridir. Göründüyü kimi, MOK Azərbaycanda idmanın, Olimpiya Hərəkatının, sözün əsl mənasında, möhtəşəm inzibati-idman mərkəzlərini yaradıb, idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə edib.

MOK idmanın müxtəlif növlərinin inkişafı ilə bağlı xüsusi idman meydançalarının tikintisi istiqamətində də xeyli iş görüb. Bakıda stend atıcılığı üçün idman qurğusunun və otüstü hokkey stadionunun, çimərlik voleybolu meydançasının, basketbol, həndbol, taekvondo, qılıncoynatma zallarının tikintisi bu qəbildən olan işlərdir. Milli Olimpiya Komitəsi respublikada bir sıra idman obyektlərinin bərpası sahəsində də əsaslı işlər aparıb. Bakıda İdman Oyunları Sarayı, İdman-Konsert Kompleksi, habelə bir stadion komitənin vəsaiti hesabına yüksək keyfiyyətlə yenidən qurulub, bərpa edilib və istifadəyə verilib.

 

 

 

Azərbaycan dünyanın idman mərkəzlərindən biridir

 

 Dinamik inkişaf edərək regionun lider dövləti statusunu təmin edən Azərbaycan artıq müxtəlif mövzulu - siyasi, iqtisadi, mədəni, humanitar tədbirlərin keçirildiyi məkana çevrilib. Bütün bunlar ölkəmizin artan gücündən və nüfuzundan xəbər verir. Artıq Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olduğunu bütün dünya qəbul edir.

Beynəlxalq səviyyəli yarışların hər hansı ölkədə baş tutması üçün ciddi rəqabət aparılır, çünki bir çox dövlətlər bu yarışlara ev sahibliyi etmək istəyirlər. Sevindirici haldır ki, Azərbaycanın beynəlxalq  idman tədbirlərinin də keçirildiyi ünvana çevrilməsi reallıqda özünü göstərən həqiqətdir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Artıq indiyədək bir sıra ali, mötəbər idman tədbirləri ölkəmizdə keçirilib və bu da Azərbaycanın idman sahəsindəki uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışların deyil, eyni zamanda qitə və dünya çempionatlarının keçirildiyi dövlətdir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan yüksək şərait, imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir və bu səbəbdən də bu yarışlar reallaşır. İndiyədək Bakıda bədii gimnastika, boks, bodibildinq, güləş, həndbol, şahmat və idmanın digər növləri üzrə onlarca beynəlxalq yarışın, turnirin keçirilməsi, Olimpiya oyunlarına ev sahibliyi üçün Azərbaycanın namizədliyinin irəli sürülməsi  bunu təsdiq edir. Ölkəmizdə beynəlxalq yarışların regionlarda təşkili sahəsində də böyük nailiyyətlər qazanılıb. Onu da demək yerinə düşər ki, Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizin idman şöhrətini daha da ucaldıb.

Əhalinin fiziki-mənəvi sağlamlığınin etibarlı şəkildə təmini məqsədilə idmanın və bədən tərbiyəsinin kütləviləşməsi istiqamətində davamlı tədbirlər həyata keçirən Azərbaycan "İdman ili" olan 2012-ci ildə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Müxtəlif çempionatlarla yanaşı, ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə velosiped idmanı üzrə keçirilən beynəlxalq turnir, futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatı və Formula-3 yarışı Azərbaycanın ən müxtəlif idman tədbirlərinin keçirilməsi üçün böyük imkanlara malik olduğunu təsdiq edib.

 

 

 

"İdman ili"nin məntiqi yekunu

 

 2012-ci ilin sonlarına doğru Azərbaycan idmansevərləri və bütövlükdə ölkə ictimaiyyəti üçün növbəti xoş xəbər Avropadan gəldi. Dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib.

Baş Assambleyada Bakı şəhərinin və onun idman qurğularının təqdimatı olub. Əvvəlcə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikke çıxış edərək həmin oyunların keçirilməsi ideyası barədə məlumat verib və Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyib. AOK prezidenti şəhərimizin uğurları, Bakıya gələn hər kəsin burada müşahidə etdiyi inkişaf barədə söhbət açıb. AOK prezidentinin müşaviri Endrü Qreq isə bu oyunların konsepsiyası barədə məlumat verib. AOK prezidentinin xüsusi nümayəndəsi Pirs O'Kalaqan Bakının həmin oyunlara ev sahibliyi etməyə hazır olması barədə federasiyalar və Azərbaycan tərəfi ilə danışıqlar aparıldığını bildirib.

Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin, gənclər və idman naziri Azad Rəhimovun da çıxışlarından sonra gizli səsvermə keçirilib. Tarixdə ilk Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi haqqında AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib. Ermənistan nümayəndələri səsvermədə iştirak etməkdən boyun qaçırıblar.

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqını təbrik edib. AOK-un qərarını tarixi hadisə adlandıran dövlət başçısı bunu həmçinin ölkəmizin böyük uğuru kimi dəyərləndirib.

Əlbəttə, Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynayıb. Bunlar ölkəmizin artan beynəlxalq nüfuzu, Azərbaycanın idman ölkəsi kimi tanınması, sosial-iqtisadi uğurlar, infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması və sair bu kimi dünyanın diqqətini çəkən məsələlərdir. Təbrikində AOK-un bu qərarının qəbul edilməsində əsas səbəb olan amillərə toxunan Prezident İlham Əliyev ölkəmizin bu oyunları yüksək səviyyədə keçirəcəyini bildirib: "Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri Birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir".

Avropa Olimpiya Komitəsinin bu qərarını həm də "İdman ili"ndə həyata keçirilən fəaliyyətin və qazanılan uğurların məntiqi yekunu da saymaq olar. Birinci Avropa Olimpiya Oyunları barədə indidən fikir söyləmək bir qədər çətindir. Çünki adından göründüyü kimi, bu, ilk yarış olacaq. Amma oyunlarda neçə idmançının iştirak etməsindən, ölkəmizə nə qədər xarici qonağın gəlməsindən asılı olmayaraq, Azərbaycanın bu möhtəşəm yarışa uğurla və layiqincə ev sahibliyi edəcəyinə şübhə yoxdur.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2012.- 14 dekabr.- S.5.