Cansız aləmlə canlılar arasında körpü salan alim

 

Şəxsiyyəti, xidmətləri və imzası ilə elmi, ədəbi və ictimai mühitə yaxşı məlum olan ziyalılarımızdan biri də AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professor, kristalloqraf-alim Xudu Surxay oğlu Məmmədovdur. O, 14 dekabr 1927-ci ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açmışdır.

Ötən 85 ilin cəmi 61-ni cismən bizimlə birlikdə olan Xudu Məmmədovun əbədiyyətə qovuşması onu elindən, xalqından ayırmadı, çünki o, bütün varlığı ilə xalqına, vətəninə, onun hər qarış torpağına bağlı olan, fitri istedada və çoxşaxəli yaradıcılığa malik bir şəxsiyyət idi. Onu xatırlamağa və mübaliğəsiz desək, alim-vətəndaş vəhdətindən qurulmuş qısa, lakin çox zəngin ömür yolu haqqında danışmağa mənəvi ehtiyac duyuruq.

Xudu Məmmədov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olur. Elə ilk dövrdən də parlaq zəkası, fitri istedadı və zəhmətsevərliyi ilə müəllimlərinin diqqətini cəlb edir. Tanınmış geokimyaçı alim, gözəl pedaqoq Heydər Əfəndiyevlə yaxın ünsiyyət gənc Xudunun gələcək elmi yaradıcılığının formalaşmasında böyük rol oynayır.

1951-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vuran Xudu Məmmədov Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Cansız aləmlə canlılar arasında oxşarlıqları tapmaq, eynilikləri öyrənmək arzusu Xudu Məmmədovu kristallar (minerallar) aləmi ilə çox ciddi məşğul olmağa sövq edir və elə bu səbəbdən də o, keçmiş SSRİ EA-nın Kristalloqrafiya İnstitutunda aspiranturaya daxil olub, görkəmli kristalloqraf, kristallokimyaçı alim, akademik N.V.Belovun məktəbində elmi fəaliyyətə başlayır. Bu illərdə (1951-1955) Xudu Məmmədov naməlum quruluşda simmetriya mərkəzinin olub-olmamasını öyrənmək və maddə quruluşunun açılmasında açar olan Patterson funksiyasının (elektron sıxlığının) təyini üçün "Üçlü pik teoremi"ni yaratmış, bu teoremin yüksək dəqiqliklə riyazi və həndəsi isbatını vermişdir. Bu üsul quruluş təhlili sahəsində mövcud ədəbiyyatlara "Xudu Məmmədovun üç pik teoremi" kimi daxil edilmiş, London universitetləri üçün nəşr olunmuş "Kristalların quruluşunun təyini" dərsliyinə salınmış, ixtisasçılar tərəfindən ən sadə və səmərəli həll kimi yüksək qiymətləndirilmişdir.

Aspirantura illərində Xudu Məmmədov N.V.Belovun rəhbərliyi ilə iri kationlu silikatların (sement silikatları) minerallarının tədqiqinə başlayaraq, sement silikatları və hidrosilikatlarının quruluş analizi, kristallokimyası, bağlayıcılıq qabiliyyəti, bərkimə xassəsi və digər xüsusiyyətlərini araşdırmış və bunlar  onun əsas elmi maraq dairəsi olmuşdur.

1955-ci ildə Xudu Məmmədovun araşdırdığı problem quruluşu açılan ksonotlit mineralı bərkimə xassəsi daşıyan ilk sement silikatı idi. Bundan sonra vollastonit və digər sement silikatlarının quruluşu öyrənildi, bir-birinin ardınca uğurlu nəticələr alındı.

Beləliklə, dünyanın aparıcı quruluş laboratoriyaları və quruluş sahəsində tanınmış alimləri ilə yarışan gənc Xudu Məmmədov bu yarışmada böyük müvəffəqiyyət qazanır - ksonotlit və vollastonit minerallarının quruluşlarını təyin edir. Bu quruluşlar silikat kimyasında - sement kimyasında dövrün ən dəyərli kəşfləri idi. Həmin illərdə keçmiş SSRİ-nin ən çox oxunan mətbuat orqanlarında X.Məmmədovun əldə etdiyi elmi nəticələr sovet elminin mühüm nailiyyətləri kimi dərc olunmuş, hətta "Soyuz" jurnalının üz qabığında onun böyük şəkli və elmi nəticələri barədə geniş məlumatlar da verilmişdir.

X.Məmmədov ksonotlit və vollastonit minerallarının quruluşlarını təyin etməklə silikat mineralogiyasında yeni silisium-oksigen radikallarını kəşf etmişdir. Bu radikalların kəşfi ilə ilk dəfə alim sübut etdi ki, silisium-oksigen radikallarının forması və kimyəvi tərkibi bilavasitə qeyri-tetraedrik kationların ölçüsündən asılıdır.

1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun Elmi Şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonotlit və vollastonit minerallarının kristall quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edir və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alır.

Bu mineralların quruluşunun açılması çox vacib bir mexanizmin müəyyənləşməsi üçün başlanğıc idi və böyük bir hadisə sayılırdı. Görkəmli rus akademiki Şubnikov özünün "Kristallar elm və texnikada" kitabında bu barədə belə yazmışdır: "Dövrün rentgenstruktur analiz sahəsində ən böyük nailiyyəti kimi akademik N.V.Belovun rəhbərliyi ilə X.Məmmədovun vollastonit və ksonolitin quruluşuna aid dissertasiyasını göstərmək olar".

Bu uğurlu nəticələrlə o dövrün dünyəvi problemlərindən biri olan sement necə və niyə bərkiyir sualına birmənalı cavab verildi və sementin bərkimə mexanizmi yarandı.

1955-ci ildə SSRİ EA Kristalloqrafiya İnstitutunun aspiranturasını bitirib   elmlər namizədi kimi Bakıya qayıdan Xudu Məmmədov Azərbaycan EA-nın Kimya İnstitutuna baş elmi işçi kimi qəbul olunur, elə həmin ildə kristallokimya laboratoriyası yaranır və X.Məmmədov ona rəhbər təyin edilir.

Görkəmli alim mürəkkəb tərkibli kalsium silikat və hidrosilikatlarının quruluşlarını proqnozlaşdırmaq istiqamətində tədqiqat işlərini davam etdirir və uğurlu nəticələr əldə edir. O, quruluş modellərini irəli sürərkən kristallokimyəvi araşdırmaya üstünlük verir və mineralların kimyəvi tərkibləri ilə elementar qəfəs parametrləri arasında əlaqəyə əsaslanırdı.

Xudu Məmmədov kalsium silikatlarının və hidrosilikatlarının quruluşunu öyrənməklə elmdə quruluş vahidi anlayışına tam aydınlıq gətirmişdir. O, quruluş vahidlərinin ümumi struktur fonunda çox kəskin ayrılmasının kristallokimyəvi formullarla ifadə olunma qaydasını təklif etməklə o vaxtadək yanlış olaraq radikal və kation poliedrləri kimi qəbul olunmuş quruluş vahidi anlayışının düzgün olmadığını sübut etmişdir.

Sement silikatlarının quruluş tədqiqatları və bu sahədə mövcud nəticələrin izahı X.Məmmədovun 1960-cı ildə yazdığı "Kalsium silikatları və hidrosilikatlarının kristallokimyası" monoqrafiyasında öz əksini tapmışdır.

Sement silikatlarının quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, bu monoqrafiyanı X.Məmmədov Azərbaycan dilində qələmə alır. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair ana dilimizdə çıxan ilk kitab idi.

Son illər müasir cihazlarla bu mineralların quruluşunun dəqiq tədqiqatları X.Məmmədovun göstərdiyi modellər əsasında aparılır.

Xudu Məmmədovun elmdə əldə etdiyi ən uğurlu nailiyyətlərindən biri də bağlayıcılıq xassəli qeyri-üzvi maddələri atom səviyyəsində öyrənmək, yəni, bağlayıcılıq yaradan əlamətlərin kristallokimyəvi kriteriyalarını vermək olmuşdur. O, qeyd edirdi ki, "praktiki istifadə olunan bütün qeyri-üzvi bağlayıcılar sement silikatlarının quruluş analoqudur". Bu ifadə bağlayıcılıq xassələri müşahidə olunan maddələrin quruluşlarının kristallokimyəvi araşdırılmasının nəticəsi idi.

X.Məmmədov 1969-cu ildə Azərbaycan EA-nın Geologiya İnstitutunda "Kalsium silikatlarının və hidrosilikatlarının kristallokimyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edir və geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alır. Akademik N.Belov və Moskva şəhərindən opponent kimi müdafiədə iştirak edən professorlar M.Drfman və E.Makarov işi yüksək qiymətləndirməklə bərabər, X.Məmmədovun elmi-tədqiqatlarının hələ 1960-cı ildən doktorluq dissertasiyasının tələblərinə cavab verdiyini bildirirlər.

Ümumiyyətlə, alimin tədqiqatları obyekt məhdudiyyəti olmadan bütövlükdə tərkib-quruluş-xassə əlaqələrinin öyrənilməsinə həsr edilmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə ilk dəfə silikatlarla boratlar, xolkogenidlər, fosfatlar və s. arasında izomorfizmə qədər yaxınlaşan quruluş analogiyasının olması sübut edilmişdir. X.Məmmədovun reallaşmış ideyasının əsasını göstərilən sinif birləşmələrin kristallaşma və çevrilmə proseslərinin əksər hallarda maksimal irsilik prinsipinə tabeliliyi təşkil edir. Başqa sözlə desək, bu böyük nəticənin sirri canlı aləmdə olduğu kimi, Xudu Məmmədovun cansız kristallarda aşkar etdiyi irsiliyin mövcudluğudur. Yeri gəlmişkən, görkəmli ingilis fiziki, kristalloqraf, Nobel mükafatı laureatı Con Bernalın bir etirafını xatırlayaq: "Xudu Məmmədov həyatımı həsr etdiyim suala cavab taparaq, cansız aləmlə canlılar arasında körpü sala bilmişdir".

Xudu Məmmədovun çoxşaxəli elmi yaradıcılığının əsas istiqamətlərindən biri də xüsusi karkas quruluşa və bu quruluşda yerləşən mübadilə edilə bilən mütəhərrik kationlara malik olan təbii və sintetik seolitlərin öyrənilməsidir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə respublika ərazisində təbii seolitlərin lokallaşması, identifikasiyası kimi vacib məsələlər öz həllini tapmışdır. Fəxrlə demək olar ki, seolitlərin dünya elmində qəbul olunmuş mövcud quruluş təsnifatlarından biri məhz Xudu Məmmədova məxsusdur.

O, ilk dəfə "Bakı kristalloqrafiya məktəbi" yaratmış və mürəkkəb tərkibli silikatların, sintetik birləşmələrin quruluşu və kristallokimyası sahəsində aparılan tədqiqatlar bu məktəbi beynəlxalq səviyyədə tanıtmışdır. Alimin  rəhbərliyi ilə hazırlanmış yüksək səviyyəli ixtisaslı kadrlar (elmlər namizədləri və doktorları) indi ölkəmizin müxtəlif elm və təhsil ocaqlarında, xarici ölkələrin müvafiq müəssisələrində çalışırlar. Xudu Məmmədov 250-dən çox elmi əsərin, monoqrafiyanın və ixtiranın müəllifidir.

AMEA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədovun kristalloqrafiya, kristallokimya, quruluş mineralogiyası, simmetriya nəzəriyyəsi, quruluş təhlili sahəsindəki tədqiqatları  kimi fəaliyyəti ona sözün tam mənasında böyük şöhrət gətirmişdir.

Xudu Məmmədov elmlə sənətin bağlılığı, xalq yaradıcılığı, kristalloqrafik ornamentlər, naxışlar aləminə dair qiymətli tədqiqatların və tapıntıların müəllifidir.

Onun dünya şöhrətli dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin  xatirəsinə həsr etdiyi "Qoşa qanad" kitabı elmlə sənətin vəhdətini, onların qarşılıqlı əlaqəsini əks etdirən fundamental elmi araşdırmaların nəticəsi idi.

 O, elm adamlarının seçilməsi anlayışına "Qoşa qanad" əsərinin "Duyğu çalarlı fikir" fəslində aydınlıq gətirir. X.Məmmədov müxtəlif elm sahələrində çalışan şəxsiyyətlərdən gətirdiyi misallarla öz fikirlərini ümumiləşdirərək belə bir nəticəyə gəlir ki, elm adamlarının seçilməsində sənətə münasibət əsas meyar kimi qəbul olunmalıdır.

Alim "Naxışların yaddaşı" əsərində qədim naxışların araşdırılması ilə türkçülüyün izlənməsinin mümkünlüyündən danışırdı. Onun bu əsərində quruluş nədir, naxışlar nə üçün maddələrin daxili quruluşuna oxşayır, kristalloqrafiya elmi naxışların yaradılmasına nə verə bilər kimi suallar əsl cavablarını tapmışdır.

Əsərdə verilən kristalloqrafik ornamentlərin bir neçəsi Macarıstanda çapdan çıxan "Kimyada simmetriya" kitabında yenidən nəşr olunmuşdur. O, da təsadüfi deyil ki, Vaşinqtonun Beynəlxalq "Perqamen Press" nəşriyyatının çap etdiyi "Simmetriya" məcmuəsinin kristalloqrafik naxışlar fəsli məhz  X.Məmmədov tərəfindən yazılmışdır.

Alimə görə - biliksizlikdən doğan təəccüb az ömürlü olur, düşündürmür, bilikdən, tanışlıqdan yaranan heyranlıq isə insana verdiyi ən dadlı duyğulardandır. Həyat öyrənildikcə şirinləşir, şirinləşdikcə öyrənilir. Bu kəlamlar alimin həyatının mənasını, marağını, sevincini tamamilə özündə əks etdirir, elmi işçinin mükafatının onun nailiyyətlərinin özü olduğunu göstərir.

X.Məmmədov deyirdi: sənətin vətəndaşlıq duyğusunu tərbiyə edən, bu duyğunu itiləşdirən bir vasitə kimi böyük gücü var. İnsanları elmi rəşadətə yönəldən əsas amil vətən istəyidir, vətəndir. Bu rəşadət nəticəsində yaranan kəşflərin, sənət nailiyyətlərinin faydasını bütün insanlar görmüş, görür və görəcəkdir. Buna görə də güclü elmin və sənətin məkanı bəşəriyyətdir. İngilis alimi T.H.Haksileyin - "Elmdə ən böyük faciə çirkin dəlillərin gözəl fərziyyələri məhv etməsidir" - sözünü dəyərləndirən X.Məmmədov - bu, elmin adicə inkişaf yoludur - deyir.

1980-ci illərin axırlarında Azərbaycanın ağrılı-acılı günləri başladı. Keçmiş SSRİ rəhbərləri "yenidənqurma" adı altında erməni cəlladlarına yeni imkan yaratdı. Torpaqlarımızın üzərində dövlət quran, tariximiz əsasında özünə tarix yaradan, mədəniyyətimizi, incəsənətimizi özününküləşdirməkdə davam edən mənfur qonşularımız Azərbaycanın gözəl guşələrindən biri olan Dağlıq Qarabağı  qədim erməni torpağı elan edirlər. Bu zəmindən ilk erməni qəddarlığı başlayır, Ağdam rayonunda iki gənci ermənilər vəhşicəsinə qətlə yetirir, ilk qan tökülür, cinayətkar cəzasız qalır.

Bu hadisələr, milli iztirablar onun da qəlbini ağrıdır, heç nə edə bilməməsinə görə  əzab, əziyyət çəkir.

 Azərbaycanın - Qarabağın dərdi X.Məmmədovun ölümünə sanki şərait yaradır, 15 oktyabr 1988-ci ildə sənətinin vurğunu olduğu Şərqin böyük dahisi Üzeyir bəy Hacıbəylinin ev muzeyində dünyasını dəyişir.

Görkəmli alim əbədiyyətə qovuşduğu gündən indiyədək ona həsr edilmiş sənədli və elmi əsərlər yazılmış və yazılmaqdadır. Tanınmış cərrah, professor, əməkdar elm xadimi Nurəddin Rzayevin "Xudu açarı", professor Məmməd Çıraqovun "Zirvə", Dayandur Qənbərov və Savalan Əmirovun "Strukturnaə ximiə üeolitov" kitabları və çoxsaylı məqalalər Xudu Məmmədov xatirəsinə dərin hörmət  əlamətidir.

Xudu Məmmədovun elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiyəmətləndirilmişdir. O, 1967-ci ildə "Şərəf nişanı" ordeni, 1970-ci ildə "Fədakar əməyə görə" medalla, anadan olmasının 60 illiyi ilə əlaqədar "Qırmızı Əmək Bayrağı ordeni" və Azərbaycan Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur. 1991-ci ildə Azərbaycan "Bilik" maarifçilik cəmiyyəti Xudu Məmmədov adına mükafat təsis etmişdir.

Həyatda əbədiyaşarlıq qazanan o kəslərdir ki, onları yaratdıqları elmin inkişafına, vətəninin çiçəklənməsinə, xalqın rifahının yüksəlməsinə, milli-mənəvi dəyərlərin qorunmasına xidmət etsin, dedikləri xalqın yaddaşına həkk olsun, silinməz izlər buraxsın.

Elə Xudu müəllimin qoşduğu:

 

 

Bu qala, bizim qala,

Həmişə bizim qala,

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

 

 - bayatısının da xalq deyiminə çevrilməsi, xalqın onu özününküləşdirməsi buna bariz nümunədir.

 

 

 

Akif ƏLİZADƏ,

AMEA-nın vitse-prezidenti,

Geologiya İnstitutunun

direktoru, akademik

 

 

Məmməd ÇIRAQOV,

BDU-nun kafedra müdiri, RTEA-nın akademiki,

 əməkdar elm xadimi, professor

Azərbaycan.-2012.- 14 dekabr.- S.6.