Səsin qüdrəti
Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi Rəşid Behbudov illərdir aramızda olmasa da, səsi həmişə bizimlədir. O, sadəcə mahnı ifaçısı, xanəndə, musiqiçi deyildi, millətini, yurdunu ürəkdən sevən böyük vətəndaş, ictimai xadim idi. İstedadı sayəsində şöhrət çox erkən onun ünvanını tapmışdı. Bu hələ heç bir müğənniyə nəsib olan səadət deyildi ki, bioqrafiyasında çoxlu sayda fəxri adlar, təltiflər olsun: Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş Rəşid Behbudov xarici ölkələrdə bir sıra dövlət mükafatlarına layiq görülmüşdü. Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi kimi fəxri adlar da almışdı. 1946-cı ildə "Stalin" mükafatı ilə təltif edilmişdiE
14 dekabr tarixi Azərbaycan musiqi mədəniyyətinin pozulmaz naxışıdır. Çünki həmin gün Məcid kişinin evində bir körpə dünyaya gəldi. Adını Rəşid qoydular. "Xoş taleyini Tanrı yazsın" dedilər. O zaman bir kimsənin ağlına da gəlməzdi ki, qədim Tiflisin köhnə məhəlləsində əslində, Azərbaycanın sənət korifeyi doğuldu. Bunu qarşıdan gələn illər təsdiqləməli idi. O qaraqaş, gözəl oğlan uşağı gələcəkdə milyonlarla insanı öz səsinin sehrinə salan Rəşid Behbudov idi.
Nə onun haqqında xatirələrə, nə yaxından tanıyanların məlumatlarına qulaq asasan, sadəcə, səsini dinləyəsən. Xoş avazına məftun ola-ola oxuduğu mahnıların mətninə fikir verəsən. Əlbəttə, gözəl və məlahətli səs Allah vergisidir. Xoşbəxtlikdən Rəşid Tanrının bu bəxşişinə layiq görülmüşdü. Amma İlahidən gələn bu varidatı Rəşid Behbudov məhz öz zəhməti, düşüncəsi, ən başlıcası, məsuliyyəti ilə daha ustalıqla qorudu, onu eşidənlərə yüksək zövqlə, mədəniyyət və cazibədarlıqla təqdim etdi. Bəlkə də elə bu qabiliyyəti, məharəti, böyüklüyü Rəşidə bənzərsizlik və əbədiyaşarlıq bağışladı. Bu gün Rəşidin yeri görünür...
O, ifaçılıq fəaliyyətinə
başlayanda cəmi 15 yaşı vardı. Sözün əsl
mənasında, qeyri-adi, gözəl və zəngin
çalarlı səsə malik olan Rəşid Behbudov nəinki
Azərbaycana, eləcə də keçmiş sovet məkanına
məxsus ifaçılıq məktəbinin çox görkəmli
nümayəndələrindən biri olmuşdur. Bu faktdır,
Rəşid Behbudovdan sonra ikinci elə bir sənətkarımız
yoxdur ki, dünyada 50-dən artıq xalqın
mahnısını öz dillərində ifa etsin.
Böyük müğənninin səsinin ahəngində, nəfəsində
qəribə bir həzinlik, məlahət vardı. Bu səsin
cazibəsi, əfsunu elə güclü idi ki, bu gün də
Rəşid Behbudovun yeri göynəyir və
görünür. Böyük sənətkarlıqdan öncə
unudulmaz Rəşid Behbudov Azərbaycanı, onun təbii
gözəlliklərini, insanlarını bütün
varlığı ilə sevən vətəndaş idi.
Anasından və Vətənindən
eyni dərəcədə doya bilməyən, doğma
torpağın hər qarışına baş əyməkdən
yorulmayan Rəşid Behbudov bu sevgisini öz mahnılarında
çox qüdrətlə ifa edirdi. İndi də həmin nəğmələri
eşidəndə qəribə hisslər keçirirsən.
Yurdumuz haqqında oxuduğu mahnılarda çəkdiyi Azərbaycan
harayı insanın varlığından bir üşütmə
keçirirdi. Sanki bu səsin qüdrəti adamın
ayağını torpağa bağlayaraq ruhunu göylərə
aparırdı. Vətən istəyini səsin vasitəsilə
bu cür dərinliklə bildirmək hər müğənniyə
müyəssər deyildi. Bu, ancaq Rəşid Behbudova xas olan nadir bir istedadın
sayəsində baş verirdi.
Maraqlıdır
ki, xanəndə ailəsində doğulan və uşaq
yaşlarından öz səsi ilə hamını məftun
edən Rəşid Behbudov əvvəlcə dəmiryolu
texnikumuna daxil olub. Həm orta məktəbdə xorda oxuyan, həm
də bu təhsil ocağında tələbə özfəaliyyət
orkestrində çalışan Rəşid Behbudov sonradan hərbi
xidmət zamanı ordu ansamblının solisti olub. Bir müddət
Tbilisi estrada qruplarında, sonra da İrəvanda caz orkestrində
fəaliyyətə başlayıb. İkinci dünya
müharibəsi illərində Rəşidin səsi Krım
cəbhəsindən gəlib. Sonralar Üzeyir Hacıbəylinin
dəvəti ilə Bakı kinostudiyasına gələrək
filmə çəkilən Rəşid Behbudovun taleyi
doğma paytaxta bağlanıb.
Ustadı
təkcə öz Vətənində sevmirdilər! Çoxu
bunu indi də etiraf edir ki, vaxtilə dünya Azərbaycanı
iki nemətinə - bir neftə, bir də Rəşidin səsinə
görə tanıyırdı. Məmləkətlər,
ölkələr dolaşmışdı onun səsi. Rəşid
Behbudov keçmiş SSRİ-nin bütün respublikalarında,
eləcə də Albaniya, Bolqarıstan, ərəb ölkələri,
Hindistan, Çin, Finlandiya, İran, İraq, Türkiyə,
Çili, Argentina, Misir, Efiopiya və digər ölkələrdə
dəfələrlə qastrol səfərlərində
olmuşdu. O yerlərə səsini aparan, nəğmələrini
ərməğan edən Rəşid Vətənə ürəyi
dolu sevgilərlə qayıdırdı. O, qürbətdə
də Azərbaycandan oxuyurdu, Vətənə dönəndə
də. Rəşid Behbudov Azərbaycan xalq
mahnılarını və bəstəkarların vokal əsərlərini
xarici ölkələrdə böyük məhəbbətlə
təbliğ edirdi. Rəşid Behbudov həm də qələm
sahibi idi. Onun Hindistan səfəri ilə bağlı
yazdığı "Üzaq Hindistanda" adlı kitabı
bu gün də öz aktuallığını
saxlamaqdadır.
Azərbaycan
milli kinosunun inkişafında da Rəşid Behbudovun zəhməti
çox olub. 1945-ci ildə "Arşın mal alan" filmində
can verdiyi Əsgər obrazı çox uğurlu və
maraqlı alındı. Təkcə elə bu filmin ona gətirdiyi
geniş şöhrət bir ömrə bəs edəcək əsl
sənət müvəffəqiyyəti idi. "Bəxtiyar"
filmində Bəxtiyar obrazı da sanki müğənninin elə
öz bioqrafiyası idi. Böyük məharətlə
oxuduğu vokal əsərlər də filmin son dərəcə
mənalı, baxımlı və yaşarlı
alınmasını şərtləndirən əsas amillərdən
biri idi. Azman sənətçimizin Azərbaycan opera səhnəsində
bir sıra möhtəşəm tamaşalarda ifa etdiyi
partiyalar vokal sənətinin tarixində əhəmiyyətli
yer tutmuşdur. Üzeyir Hacıbəyovun "Arşın mal
alan" (Əsgər), Fikrət Əmirovun "Sevil"
(Balaş) operalarında Rəşidin ifasındakı
partiyalar həmişə yüksək qiymətləndirilmişdir.
Müxtəlif
musiqi kollektivlərində, teatrlarda, ansambllarda
çalışan xalq artisti Rəşid Behbudov on il Azərbaycan
Dövlət Filarmoniyasının, xeyli müddət Azərbaycan
Dövlət Opera və Balet Teatrının solisti olub.
1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert
Ansamblının təşkilatçısı və rəhbəri
işləyib. O, 1966-cı ildə Dövlət Mahnı
Teatrını yaradıb. Bununla da, Rəşid Behbudov Azərbaycan
musiqi və estrada sənətinin müxtəlif
janrlarını birləşdirərək incəsənətimizin
yeni, orijinal və pozulmaz səhifələrini yazıb. Dahi sənətçimizdən
yadigar və nişanə qalan həmin Mahnı Teatrı bu
gün böyük müğənninin adını
daşıyır və yaşadır. Rəşid Behbudov elə
böyük ürək sahibi idi ki, həmişə
özündən sonra gələnləri
düşünürdü. İndi onun yaratdığı bu
sənət məbədində məhz Rəşid məktəbinin
davamçıları fəaliyyət göstərirlər.
İstər
xalq, istərsə bəstəkar mahnılarının
yayılıb sevilməsində, populyarlaşmasında Rəşid
Behbudovun xidmətləri əvəzsizdir. O bu əsərləri,
sadəcə, ifa etmirdi, elə nəğmələr var idi
ki, ona öz möhürünü vururdu. Bu günün
özündə də həmin mahnıları və ya vokal əsərlərini
biz başqa ifada o qədər də qəbul edə bilmirik.
Çünki Rəşiddən sonra bu ifalar bizə
sönük təsir bağışlayır. Adətən,
mahnının iki müəllifi olur: şair və bəstəkar.
Amma həmin nəğmə o zaman qüdrətli və
yaddaqalan olur ki, onun ifaçısı da müəlliflərin
sırasına qoşulmaq şansını qazanır. Bu mənada,
çox hallarda Rəşid Behbudovun nəfəsindən qopan
nəğmələrə xalq arasında "Rəşidin nəğməsidir"
deyiblər. Sənətçinin böyük şövq və
məhəbbətlə oxuduğu "Ana" (musiqisi Cahangir
Cahangirovun, sözləri İslam Səfərlinindir)
mahnısı nə qədər təsirli və
unudulmazdır?! Doğrudur, öz nəfəsində, yozumunda,
səsinin imkanlarında bu məşhur mahnıya müraciət
edənlər var. Yaqub Zurufçudan başlamış gənc
ifaçılara qədər "Ana"nı yanıqlı
oxumağa çalışanlar oldu. Amma etiraf edək ki, Rəşid
Behbudov kimi o möhtəşəmliyə, ucalığa
qalxmaq çox çətindir. Və təbii ki, heç kim
Rəşid ola bilməzdi. Nə sirdirsə, hər dəfə
Rəşidin bu mahnısına qulaq asanda adama elə gəlir
ki, musiqinin ağuşunda çox qeyri-adi bir səs
çırpınır və bu
çırpıntının titrək sədaları
adamın varlığını səs adlı bir xilqətin
gücü qarşısında ram edir. Duyursan ki, əslində,
dilə gələn bu ürəyin bütün
etiraflarında insan adlanan varlığın həsrəti
hamıya doğmadır:
Gözümün
nuru,
canım,
ana,
Böyütdün
sən
məni
yana-yana,
Saçının
ağına,
qarasına
qurbanam,
Könlünün
o həzin
laylasına
qurbanam!
Bu həzin
haray adamın ürəyini tərpədərək sanki səni
əməlli-başlı silkələyir, bu təsirin
gücünə tərbiyə edir: "Qədrini el bilir, ətrini
gül bilir". Elə bil ayılırsan. İstər-istəməz
analı günlərinə boylanırsan, kövrəlirsən,
uşaqlaşırsan. Paklığa, təmizliyə
qayıtmağın özü də bir möcüzədir. Qəribədir
ki, mahnı sona çatdıqdan sonra da xeyli müddət Rəşidin
nəfəsindən qopan sözlər səni
düşündürür:
Başımın
üstə laylay
çaldın,
Gecələr
sübhətək
qadamı
aldın.
İsti nəfəsini
həmişə
yaz
bilmişəm,
Olub ki, mən
sənin
qədrini
az bilmişəm,
Əziz
Ana!
Ötən
əsrin sonlarında bədnam qonşumuzun "Qarabağ
kartı"nı ortalığa ataraq başladığı
münaqişələr Rəşid Behbudovun da əsəblərini
tarıma çəkmişdi. Xüsusilə də,
soydaşlarımızın indiki Ermənistandan - əslində,
dədə-baba torpaqlarından vəhşicəsinə
qovulması Rəşid Behbudovu bir vətəndaş olaraq qəzəbləndirmişdi.
Həmin vaxt SSRİ Ali Sovetinin deputatı olan Rəşid
Behbudov soydaşlarnıın tapdanmış
hüquqlarının müdafiəsi naminə xalqımıza
düşmənçilik etmiş Mixail Qorbaçovla
üz-üzə gəldi. 1989-cu ilin yayında elə Moskvada
ürəyi dayanan Rəşid Behbudovun bu müəmmalı
ölümü sirli qaldı.
Sən
bizi bağışla, böyük ustad! Hərdən ekranda
bir musiqili görüntünü tamaşaçılara təqdim
edirlər. Rəşid Behbudov pencəyini çiynində
tutaraq bağrı dağlı lalələrin arasında
onların boyunu oxşayır, gözəlliyini, məhzunluğunu
dilə gətirir:
Nə
vaxtdır Rəşidin
gözü
yoldadır,
Bir qonaq gələsiz
bizə,
lalələr!
Bilmirəm, ustad o lalələri niyə Bakıya qonaq çağırırmış? Amma ürəyi göynədən tamam başqa məsələdir. Əslində, gözəl səs ölmür. Onu gəzdirən, Yer üzünü dolaşdıran varlıq dünyasını dəyişərək haqqa qovuşur. Bu gün Rəşidin səsi bizimlədir, cismi torpağa tapşırılıb. Allahın altında bütün varlığı ilə ürəkdən sevdiyi əcdadlarının vətəni olan Şuşadan o böyük müqəddəs cismin Bakıda uyuduğu qəbrinin üstünə bir qucaq dağ çiçəkləri gətirə biləydik. Bu günlərdə Rəşid Behbudovun müqəddəs məzarı çiçəklərdən libas geyib, amma unudulmaz Ağabəyimin məşhur bayatısında çəkdiyi nisgili yaşayırıq. O güllərin arasında yoxdur Xarıbülbül. Yenə Rəşidin Araz nidalı, Kür ədalı "Azərbaycan" harayı gəlir. Belə yerdə adamın ruhu varlığında qalarmı? Allah sənə rəhmət eləsin, böyük ustad! Səsinin ahənginə qoşulub quş sədaqətinə malik olaydıq:
Daş da bizdən vəfalı,
Quş da bizdən vəfalı,
İldə bir yol Vətəndə,
Qış da bizdən vəfalı!
Rəşid Behbudov nikbin ruhlu, həyat eşqli bir sənətkar olub. Oxuduğu bütün nəğmələrdə də bu coşqunluq var. Hətta ən kədərli, həzin şərqilərində də yaşamaq həvəsi duyulur. Bu səbəbdən də onu xatırlayanda xiffətlənməkdən çəkinirsən. Çünki bu yurdun, bu torpağın dağı, daşı kimi Rəşidin səsi də əbədidir, həmişə bizimlədir. Yaxşı ki onun nəğmələrini, arzularını, musiqili ömrünü yaşadan övladı var. Bu gün Rəşidə Behbudovanın səsi müasir musiqi sənətimizin rövnəqlənməsində öz bəhrəsini verir.
Flora XƏLİLZADƏ,
Azərbaycan.-2012.- 14 dekabr.- S.6.