Bakıda «Bakımaş» Beynəlxalq sərgisi açılmışdır

 

Dekabrın 13-də Bakı Sərgi Mərkəzində "Bakımaş" Beynəlxalq avadanlıq, istehsal texnologiyaları, metalpolad sənayesi sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən sənaye və energetika naziri Natiq Əliyev Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışaraq bu əlaqələrin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulamışdır. Bildirilmişdir ki, bu münasibətlər bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Azərbaycanla Türkiyə hazırda bir çox sahələrdə geniş əməkdaşlıq edirlər. Bu əlaqələr bir-birinə enerji sektoru ilə daha da sıx bağlanmışdır. Müstəqillik illərində ilk dəfə olaraq türk şirkətləri Azərbaycanda fəaliyyətə başlamış, böyük layihələr həyata keçirilmişdir. O vaxt Azərbaycanın imkanı yox idi ki, iqtisadiyyatın digər sahələrini də inkişaf etdirsin. Ancaq bu gün həmin zaman gəlib çatmışdır.  Ölkəmiz artıq xarici ölkələrə investisiya qoyur. Buna misal olaraq, Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrə, Qazaxıstan və digər ölkələrə yatırılan Azərbaycan sərmayələrini göstərmək olar.

Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır. Sənaye məhsulları, istehsalat, yeni avadanlıq, texnologiyalar - bütün bunlar qeyri-neft sektorunun inkişaf etdirilməsində önəmli amillərdir. Biz bu sahəni daha da inkişaf etdirməliyik. Bu gün açılışına yığışdığımız "Bakımaş" Beynəlxalq avadanlıq, istehsal texnologiyaları, metalpolad sənayesi sərgisi də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Çünki bu məkan sərgidə iştirak edən şirkətlər arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və yeni tərəfdaşların tapılması üçün münasib yerdir.

Cəmi üç aydır Bakıda olduğunu deyən Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Çoşqun qeyd etmişdir ki, bu gün açılan sərgi tanınmış türk şirkətlərinin Azərbaycana olan marağının nümayişidir. Bu sərgiyə təkcə Türkiyədən deyil, digər ölkələrdən də şirkətlər qatılmışlar. Bu isə Azərbaycanın yüksək iqtisadi inkişafının və regionda artan rolunun nəticəsidir. Bakıda gördüm ki, Azərbaycan həqiqətən də bu bölgədə parlayan bir ulduzdur. Ölkəniz infrastrukturunu, xidmət sahələrini planlı şəkildə inkişaf etdirməkdədir. Bu inkişaf həm adamlarına yaradılan şərait, həm də yüksəksəviyyəli xidmət təqdim etmək baxımından önəmlidir. Biz Azərbaycanın sürətli inkişafını qardaş ölkə olaraq qürurla izləyirik, bu inkişafa əlimizdən gələn hər cür dəstəyi verməyə hazırıq. Bugünkü sərgini də bu yolda önəmli addım kimi qiymətləndirirəm.

Sərgi ilə tanışlıq zamanı məlumat verilmişdir ki, dekabrın 16-dək davam edəcək sərgidə Türkiyə, Almaniya, Belarus, İran, İsveçrə və İtaliyadan 38 şirkət öz məhsullarını və imkanlarını təqdim edir. Sərgidə kranlar, maşın hissələri, müxtəlif qurğular, hidravlik qaldırıcılar, dəmir və polad istehsalı texnologiyaları, yanacaq stansiyaları üçün avadanlıq, müxtəlif kompressorlar, dəzgahlar, hasarlama sistemləri, vakuum maşınları, elektrostatik maşınlar, plazmakəsən mexanizmlər və digər qurğular nümayiş olunur.

İşgüzar fikir mübadiləsi aparmaq üçün ideal məkan olan "Bakımaş" ilk dəfə 1993-cü ildə qabaqcıl türk ticarət yarmarkası təşkilatçısı "Türkel Yarmarkaları" tərəfindən keçirilmişdir. "Türkel" dünyada genişmiqyaslı sənaye sərgiləri təşkil edir.

 

Azərbaycan.-2012.- 14 dekabr.- S.7.