«Alüminium» V Beynəlxalq
Müasir İncəsənət Biennalesi
çərçivəsində təqdim
olunan növbəti layihələr maraqla
qarşılanmışdır
Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "YARAT!" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə keçirilən "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində dekabrın 13-də İçərişəhərdəki "Abşeron" rəsm qalereyasında layihələrin təqdimatı olmuşdur.
Mərasimdə biennalenin kuratoru, sənətşünaslıq namizədi Dilarə Vahabova çıxış edərək keçirilən təqdimatda "Baku Creative Center" yaradıcılıq mərkəzinin "Memory/ Retrospective" kurator layihəsinin, Gürcüstan və Almaniyadan olan yaradıcı insanların əsərlərinin, videoartın yer aldığını demişdir.
"Baku Creative Center" yaradıcılıq mərkəzinin təqdim etdiyi layihənin kuratoru Fərəh Ələkbərli biennalenin əsas konsepsiyası olan "Zamanın siması" mövzusu kontekstində inkişaf etdirilən "Yaddaş" mövzusunun əksini tapdığı envayronmental layihədə 3 rəssamın yaradıcılıq işinin təqdim edildiyini demişdir.
Bildirilmişdir ki, envayronment - tamaşaçını əhatə edən məkan kompozisiyasıdır. İnsan özünü əsərin bir hissəsi və ya iştirakçısı hiss edir.
Layihənin iştirakçıları olan heykəltəraşlar İslam Həsənəlizadə, Novruz Məmmədov, monumentalist-rəssam Erkin Ələkbərli genetik, mexaniki, vizual yaddaş mövzularında instalyasiyalarını nümayiş etdirmişlər.
Sərgidə
əsərləri nümayiş olunan digər ölkələrin
nümayəndələri Quram
Çibaxaşvili və Sonya Schönberger layihədə təqdim
etdikləri yaradıcılıq nümunələri
haqqında iştirakçılara məlumat vermişlər.
AzərTAc
Azərbaycan.-2012.- 14 dekabr.- S.7.