Dövlət Sərhəd Xidmətinin 2012-ci ildə xidməti-döyüş

 fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

 

Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2012-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə hesabat məruzəsi  ilə çıxış edən DSX-nin rəisi, general-leytenant Elçin Quliyev bildirmişdir ki,  2012-ci il Azərbaycan Sərhəd Mühafizəsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş xüsusi tapşırıqların icrası, dövlət sərhədinin toxunulmazlığının təminatı sahəsində tədbirlərin ardıcıl davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti-quruculuq işləri, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüş hazırlığının daha yüksək müstəvidə təmin edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olmuşdur.

Elçin Quliyev qeyd etmişdir ki, bu nailiyyətlərin əldə olunması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bütün lazımi şəraitin yaradılması və bu sahənin inkişafına xüsusi önəm verilməsi nəticəsində mümkün olmuşdur.

Bildirilmişdir ki, dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu müddətdə 420 binadan ibarət 41 tikinti kompleksinin, o cümlədən 10 yeni hərbi hissə komplekslərinin əsaslı təmir-tikintisi həyata keçirilmişdir. Hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1226 mənzilin inşası üzrə tədbirlər həyata keçirilmişdir. Dövlət sərhədindən keçən şəxslərin fotoşəkillərinin İAMAS sistemi ilə inteqrə olunmuş elektron bazası və real vaxt rejimində videogörüntü imkanları genişləndirilmiş, o cümlədən bütün dövlət sərhədindən keçid məntəqələrində dövlət sərhədindən keçən şəxslər barədə məlumatlar mərkəzləşdirilmişdir. DSX-nin xüsusi bölmələri üçün yüksək manevrlikeçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, özəl müdafiə vasitələri alınmışdır.

Rəis demişdir ki, Dövlət Sərhəd Xidməti Akademiyasının ilk buraxılışının həyata keçirilməsi, gənc leytenantların Dövlət Bayrağı Meydanında sərhədçi zabit andını içmələri və xidmət yerinə yola salınması, DSX Akademiyasının tərkibində yeni kafedraların fəaliyyətə başlaması, ilk dəfə olaraq "mexanika mühəndisliyi" ixtisası üzrə qəbulun keçirilməsi cari ilin uğurlarındandır.

Bu il Dövlət Sərhəd Xidmətinin 2 yeni hərbi hissəsi xidməti-döyüş fəaliyyətinə başlamış, zəruri təşkilati-texniki tədbirlər həyata keçirilmişdir.

Bildirilmişdir ki, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi sayəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər Azərbaycan vətəndaşı və 2 nəfər xarici ölkə vətəndaşı barədə müvafiq tədbirlər görülmüşdür. Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 10 nəfər şəxs saxlanılmışdır. Milli Təhlükəsizlik Nazirliyi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Evrovision-2012" mahnı müsabiqəsi ərəfəsində ölkə ərazisində terror aksiyası törətmək niyyətində olan 3 nəfər Azərbaycan vətəndaşı saxlanılmışdır. Qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.

Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafelərinin qorunması sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Xəzər dənizində müşahidə və aşkar etmə imkanları əhəmiyyətli dərəcədə artırılmışdır.

Qeyd olunmuşdur ki, Avropa İttifaqı, NATO, BMQT, BMTQAK, Şiofok Konfransı, GUAM, ATƏT kimi beynəlxalq təşkilatlar və Rusiya, İran, Gürcüstan, Almaniya, Fransa, Türkiyə, Ukrayna, Belarus, Baltikyanı dövlətlər, Çin, Koreya Respublikası sərhəd xidmətləri ilə əməkdaşlıq inkişaf etdirilmiş, o cümlədən "Frontex" beynəlxalq sərhəd agentliyi, Türkiyə, Gürcüstan, İtaliya, İsveçrə, Tacikistanın sərhəd mühafizə qurumları ilə ikitərəfli beynəlxalq normativ-hüquqi sənədlər hazırlanmışdır.

İl ərzində hərbi prokurorluq və məhkəmə orqanları ilə birgə hərbi cinayətlərin profilaktikası, şəxsi heyət və yerli əhali arasında geniş izahat işləri aparılmış və qanunsuz əməllərdən çəkindirmə təcrübəsi tətbiq olunmuşdur.

Dövlət sərhədinin müqəddəsliyinin və sərhədçi xidmətinin təbliğ edilməsi məqsədi ilə müxtəlif sənədli və tədris filmləri, verilişlər nümayiş etdirilmiş, xidməti fəaliyyətin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması təmin olunmuş, şəxsi heyətlə ictimai hazırlıq tədbirləri gücləndirilmişdir.

Dövlət Sərhəd Xidmətinin peşəkar heyətlə komplektləşdirilməsi üçün  sərhəd zastavasının qrup komandirlərinin, miqrasiyasahil mühafizəsinin kiçik mütəxəssislərinin hazırlığı kurslarının sayı artırılmış, sərhəd dəstələrinin çevik hərəkət bölmələrinin zabitgizir heyəti ilə komplektləşmə səviyyəsi yüksəldilmişdir.

Hesabat ilində Dövlət Sərhəd Xidmətinin rəsmi saytı fəaliyyətə başlamışdır.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində müxtəlif miqyaslı idman yarışları təşkil edilmiş, idman və təlim bazası genişləndirilmiş, sərhədçi idmançılar respublika, Avropadünya miqyaslı yarışlarda 49 qızıl, 37 gümüş, 43 bürünc medal qazanmışlar.

Xüsusi vurğulanmışdır ki, ölkə ərazisinin 20 faizə qədər hissəsinin, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrinin və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometrinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, müqabil ölkə xüsusi xidmət orqanlarının sərhəddən kəşfiyyat-təxribat fəaliyyətlərinin davam etməsi, üçüncü ölkə vətəndaşlarının ərazimizdən tranzit istifadə etməklə Qərbi Avropa ölkələrinə getmə cəhdləri, ölkə ərazisindən narkotik maddələrin tranziti üçün istifadə cəhdləri, qaçaqmalçılıq və digər məqsədlərlə dövlət sərhədinin pozulması, saxta sənədlərdən istifadə etməklə dövlət sərhədindən keçmə cəhdləri, İran İslam Respublikasında və Şimali Qafqazda əməliyyat şəraitinin gərgin olaraq qalması, dəniz sərhədlərində mövcud gərginlik, xidmətdə olan sərhəd naryadlarına qarşı təzyiqlər, silahlı müqavimət göstərilməsi, müqabil ölkələrin həmsərhəd rayonlarında sərhəd pozucularına köməklik göstərən mütəşəkkil bələdçi qrupların fəaliyyəti hesabat dövründə dövlət sərhədinin mühafizəsinə təsir göstərən əsas amillər olmuşdur.

İl ərzində 427 nəfər saxta, 21 nəfər özgəsinin sənədi ilə və 24 nəfər gizli şəkildə sərhəd nəzarət məntəqələrindən keçməyə cəhd edərkən saxlanılmışdır. Hesabat dövründə axtarışda olan 1896 nəfər tutulmuşdur.

2012-ci il ərzində təqribi məbləği 7 milyon 856,9 min manat dəyərində qaçaqmal tutulmuşdur.

Cari il ərzində dövlət sərhədində aşkar edilmiş qaçaqmal əsasən 3 milyon 876 min manat dəyərində valyutadan, 3 avtomat silahdan, 1549 döyüş patronundan, 8 tapançadan, 48  pnevmatik tapançadan, 3 pnevmatik tüfəngdən, 3 ədəd gecə görmə cihazından, 12,8 kiloqram barıtdan, 22521 qutu siqaretdən, 56 kiloqram zinət əşyalarından,  4981 ədəd spirtli içkidən, 39 qayıqdan, 15 ədəd qayıq mühərrikindən, 324 ədəd dinimizə uyğun olmayan kitabdan, 4559 mobil telefondan, 4232 ədəd mobil telefon aksessuarından və s.  ibarət olmuşdur.

Əməliyyat şəraitinin dəyişməsi ilə əlaqədar sərhəd dəstələri və sərhəd nəzarət məntəqələri 57 halda 177 gün dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsinə keçirilmişlər.

2012-ci il ərzində şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə mühüm diqqət yetirilmiş, hərbi hissələrin təlim-tədris bazalarının genişləndirilməsi məqsədi ilə sərhəd dəstələrində və hərbi hissələrdə zəruri işlər aparılmışdır.

Döyüş hazırlığı zamanı həyəcan komandaları ilə məşğələlərə və praktiki atəşin keçirilməsinə daha çox üstünlük verilmiş, təmas xəttinə yaxın olan hərbi hissələr döyüş texnikası, müşahidə və mühafizə vasitələri ilə tam təmin edilmişdir.

Hesabat müşavirəsinin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev tərəfindən hərbi hissələrin və struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilmiş, 2013-cü ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqlar qeyd edilmiş, xidməti-döyüş fəaliyyətində ciddi nailiyyətlər əldə etmiş hərbi qulluqçular təltif edilmişlər.

 

Azərbaycan.-2012.- 15 dekabr.- S.12.