AzərTAc və AFİ Stokholm Mərkəzi Kitabxanasına

 Azərbaycan haqqında kitablar təqdim etmişdir

 

Azərbaycan-İsveç Federasiyasının (AFİ) və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşəbbüsü və təşkilatçılığı ilə Stokholm Mərkəzi Kitabxanasının beynəlxalq ədəbiyyat bölməsinə Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı barədə kitablar, həmçinin uşaqlar üçün nağıl və hekayələr təqdim olunmuşdur.

Kitabları kitabxanaya AzərTAc-ın Stokholma ezam olunmuş bölmə müdirləri Aygün Həsənova, Elşən ŞahbalayevAFİ-nin rəhbəri Səttar Sevgin təqdim etmişlər. Bu kitablar arasında Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş "Azərbaycan xalçaları" toplusu, klassik ədəbiyyat nümunələri, Azərbaycan-ingilis-rus danışıq kitabçası və digər nəşrlər də vardır.

Stokholm Mərkəzi Kitabxanasının beynəlxalq ədəbiyyat bölməsinin şefi Rza Şərifzadə kitabxanada 130 dildə ədəbiyyatın yer aldığını bildirmişdir. Bu kitablar arasında Azərbaycan ədəbiyyatı nümunələrinin də olduğunu vurğulayan R.Şərifzadə əsasən bu kitabların kitabxananın maliyyə vəsaiti hesabına alındığını demişdir. Kitabxana əməkdaşı son vaxtlar Azərbaycan dilində ədəbiyyata marağın çoxaldığını, bu dildə oxucuların artdığını da diqqətə çatdırmışdır. O, İsveçin bir çox kitabxanalarından Azərbaycan haqqında kitablar üçün sifarişlər aldıqlarını, amma lazımi ədəbiyyatın olmadığı ilə əlaqədar bu tələbatı ödəyə bilmədiklərini də əlavə edərək demişdir: "Hazırda əsasən Azərbaycan dilində roman, hekayə, novella və şeirlərə böyük ehtiyac vardır. Kitabxanamıza xüsusən də Azərbaycanın müasir yazıçı və şairlərinin əsərlərini almaq istərdik. Daha bir boşluq Azərbaycan dilində psixologiya, sosiologiya, fəlsəfə və publisistika üzrə kitablarla bağlıdır. Əsasən latın qrafikasında çap olunmuş kitablara ehtiyac olsa da kitabxanamızda kiril və ərəb əlifbasında olan nəşrlərə də tələbat vardır".

R.Şərifzadə demişdir ki, İsveçdə yaşayan soydaşlarımız daha çox Anar, Elçin, Çingiz Abdullayev, Ramiz Rövşən, Vaqif Səmədoğlu kimi tanınmış yazıçı və şairlərin əsərlərinə maraq göstərirlər. Buna görə də belə nəşrlərin kitabxanamızda olması çox vacibdir. Ümid edirik ki, həm AFİ, həm də AzərTAc-ın birgə səyləri ilə biz bu kitabları əldə edəcəyik.

Nəşrlərin və CD-disklərin qəbul qaydaları barədə də məlumat verən R.Şərifzadə demişdir ki, kitabxanada kitablardan sərbəst istifadə üçün nəşrləri təqdim edən müəllif və ya təşkilatların yazılı icazəsi tələb olunur. Əks halda bu kitabların fonda əlavə edilməsində çətinliklər yaranır. Bunu İsveç qanunları tələb edir.

Sonra R.Şərifzadə AzərTAc-ın əməkdaşlarını kitabxananın Azərbaycan bölməsi ilə tanış etmişdir. O, 2000-ci ildən fəaliyyət göstərən bölmədə 600-ə yaxın kitab toplandığını demişdir. Kitabxana əməkdaşı, həmçinin fondda Azərbaycan muğamları, klassikxalq musiqisi ilə bağlı CD-lərin də olduğunu bildirmişdir. Onun sözlərinə görə, bölmədə Azərbaycan bədii filmlərinin DVD variantlarına da böyük ehtiyac vardır.

R.Şərifzadə fonda yeni təqdim edilən kitablara görə AzərTAc və AFİ-yə təşəkkür etmiş, əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirmişdir.

 

Azərbaycan.-2012.- 15 dekabr.- S.12.