Professor Nərgiz Paşayeva Avropa Ticarət, Kommersiya

 Sənaye İqtisadi Palatasının «Xidmətlərə görə» qızıl

 ordeninə layiq görülmüşdür

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) "Xidmətlərə görə" qızıl ordeninə layiq görülmüşdür.

Palatadan AzərTAc-a bildirmişlər ki, dekabrın 13-də Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Brüsseldə yerləşən Senatı professor Nərgiz Paşayevanı göstərdiyi xidmətlərə görə bu qurumun  qızıl ordeni ilə təltif etmək barədə qərar qəbul etmişdir.

Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının "Xidmətlərə görə" qızıl ordeni Palatanın Brüsseldə yerləşən Senatı tərəfindən mühüm xidmətləri ilə seçilən və fəaliyyətində peşəkarlıq nümayiş edən ziyalı xadimlərə təqdim olunur.

Nərgiz Paşayeva Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1983-cü ildə Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır.

O, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının assistentindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru vəzifəsinə qədər mürəkkəb bir yol keçmiş, "Azərbaycanın əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Çox cəhətdən məhz filialın rektorunun səyləri sayəsində qısa müddətdə Bakıda regionun ən yaxşı ali məktəblərindən biri yaradılmışdır. Burada təhsilin keyfiyyəti ən yüksək tələblərə müvafiqdir. Nərgiz Paşayeva bir sıra monoqrafiya və kitabların, elmidövri mətbuatda dərc edilmiş onlarca məqalənin müəllifidir.

Professor Nərgiz Paşayevanın layiq görüldüyü təltiflər arasında dünya mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə UNESCO-nun medalı, Macarıstanın "Xidmətlərə görə"  Komandor Xaç ordeni vardır. O, Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına və rus incəsənətinin xaricdə populyarlaşdırılmasına böyük  töhfələrinə görə "Dostluq" ordeni ilə təltif edilmiş yeganə qadındır.

Professor N.Paşayeva təbiətən yaradıcı insandır, onun 2006-cı ildə yaratdığı "ÜNS" Teatrı sənət xiridarlarının sevimli məkanına çevrilmişdir. Tanınmış alim, filologiya elmləri doktoru, pedaqoq, ictimai xadim, professor Nərgiz Paşayevanın bütün uğurları gərgin əməyin nəticəsidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü və İngiltərə-Azərbaycan Xeyriyyə Cəmiyyətinin həmsədri kimi o, öz tələbələrinə həqiqi vətənpərvərliyin gözəl nümunəsini göstərir.

 

Azərbaycan.-2012.- 15 dekabr.- S.11.