Azərbaycan nümayəndə heyəti
Türkiyədə səfərdə olmuşdur
Türkiyə Prezidenti Abdullah Gül ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Ankarada səfərdə olan Baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini Çankaya köşkündə qəbul etmişdir.
A.Gül dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinin Türkiyədə də əziz tutulduğunu, "bir millət, iki dövlət" olan qardaş ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə ən yüksək səviyyədə olduğunu vurğulamışdır. Görüşdə Türkiyə Prezidenti Aparatının rəhbəri Mustafa İsen və ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov da iştirak etmişlər.
Ankaranın
Yeniməhəllə rayonunda Heydər Əliyev Parkının
və Heydər Əliyev adına orta məktəbin Azərbaycan
Dövlət Neft Şirkətinin (ARDNŞ) apardığı
əsaslı təmirdən sonra açılış mərasimi
olmuşdur.
Mərasim iştirakçıları parkda ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önünə əklil və tər güllər qoymuşlar. Azərbaycan və Türkiyənin dövlət himnləri səslənmişdir.
Mərasimdə çıxış edən Türkiyənin milli təhsil naziri Ömər Dinçər Ankaraya xüsusi gözəllik verən Heydər Əliyev Parkının Türkiyə və Azərbaycan qardaşlığının rəmzlərindən biri olduğunu söyləmişdir. Ömər Dinçər demişdir ki, qardaş Azərbaycan xalqının əziz tutduğu bütün mənəvi dəyərlər Türkiyə xalqı üçün də qiymətlidir. Azərbaycanın ümummilli lideri və türk dünyasının dahi şəxsiyyəti olan Heydər Əliyevin xatirəsi də bizim üçün əzizdir. Mən hesab edirəm ki, bu park ölkələrimizin qardaşlıq rəmzlərindən biridir. Eyni zamanda, ankaralılar parkın açılışı ilə gözəl bir istirahət mərkəzinə sahib oldular.
Baş nazirin müavini Elçin Əfəndiyev bildirmişdir ki, bir çox ölkələrdə dünya şöhrətli siyasi dövlət xadimi Heydər Əliyevin adını daşıyan məktəblər, universitetlər və parklar vardır. Yerləşdiyi ərazidə 6 mindən çox ağac əkilmiş bu parkın açılışı da əlamətdar hadisədir. Buradakı həyat rəmzi ulu öndər Heydər Əliyevin ruhunun şad olması deməkdir. Parkda oynayacaq uşaqların sevincində ulu öndərin də payı olacaqdır.
Ankara bələdiyyəsinin sədr əvəzi Əli Coşqun Türkiyə paytaxtı sakinlərinin dahi Heydər Əliyevin xatirəsini daim andıqlarını söyləmişdir. Yalnız Azərbaycan üçün deyil, Türkiyə kimi qardaş ölkələr üçün də sülh və əmin-amanlıq diləyən bu böyük dövlət xadimini türk xalqı heç bir zaman unutmayacaqdır. Ankaranın Yeniməhəllə rayonu bələdiyyəsinin sədri Fəthi Yaşar da qardaş Azərbaycanın və türk dünyasının tarixində mühüm səhifələr yazmış Heydər Əliyevin adını daşıyan parkın istifadəyə verilməsindən qürur və sevinc hissi keçirdiyini söyləmişdir. Mərasimdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov və digər rəsmi şəxslər iştirak etmişlər. Açılış mərasimindən sonra parkla tanışlıq olmuşdur.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-2012.- 15 dekabr.- S.10.