Azərbaycan Prezidenti İlham Əliyev Horadizdə Heydər
Parkının
açılışında iştirak etmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Horadizdə Heydər Parkının açılışında iştirak etmişdir.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Prezidenti İlham Əliyevə Heydər Parkında görülmüş tikinti işləri barədə məlumat verdi. Bildirildi ki, park Heydər Əliyev prospektində yerləşir. Əbədiyaşar liderin adını daşıyan bu parkın tikintisinə 2011-ci ilin iyununda başlanılmışdır. İnşaat işləri cari ilin sentyabrında başa çatdırılan parkın ərazisi 3,5 hektardır. Parkda ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmışdır.
Diqqətə çatdırıldı ki, burada yaşıllıqlar salınmış, xarici ölkələrdən gətirilən müxtəlif dekorativ ağac və gül kolları əkilmiş, suvarma sistemi yaradılmışdır. Parkda dirəyinin hündürlüyü 33 metr olan dövlət bayrağı ucaldılmışdır. İstirahət mərkəzində 8 guşəli fəvvarə tikilmişdir. Şəhərə xüsusi gözəllik verən parkda müasir dizaynda inşa olunmuş internet-kafe də fəaliyyət göstərəcəkdir. Kompyuterlərlə təchiz edilmiş internet-kafedə gənclərin istirahəti üçün hər cür şərait vardır. Parkda çoxsaylı oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmış, ətrafdakı evlərin fasadları və damları əsaslı təmir edilmişdir.
Dövlət
başçısı görülmüş işləri
yüksək qiymətləndirdi, tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2012.- 16 dekabr.- S.1.