Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatı
müasir inzibati binada fəaliyyət
göstərəcəkdir
Dekabrın 15-də Prezident İlham Əliyev Horadiz şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, YAP rayon təşkilatının yeni inzibati binasının inşası 2011-ci ilin martında başlanılmış və 2012-ci ilin avqustunda başa çatdırılmışdır. Ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli binada tikinti işləri yüksək səviyyədə aparılmışdır. Binanın foyesində partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı, o cümlədən Yeni Azərbaycan Partiyasının respublikamızın siyasi həyatında rolunun artırılması ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır.
Qeyd olundu ki, binanın ikinci mərtəbəsində də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotostendlər qurulmuşdur.
Bildirilmişdir ki, təşkilatın daha səmərəli fəaliyyəti üçün binada hər cür şərait yaradılmışdır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 60 nəfərlik müasir iclas zalı vardır. Bütün iş otaqlarında zəruri avadanlıq və kompyuterlər quraşdırılmış, binanın ətrafında yaşıllıqlar salınmışdır.
Diqqətə çatdırıldı ki, YAP Füzuli rayon təşkilatının 5 min 500-dən çox üzvü vardır. Onların 2 min 300-ü qadınlar, 1500-ü isə gənclərdir.
Prezident
İlham Əliyev YAP Füzuli
rayon təşkilatının yeni inzibati binasında
yaradılan şəraiti yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan.-2012.- 16 dekabr.- S.1.