Horadizdəki 3 nömrəli şəhər tam orta

 məktəbinin açılış mərasimi olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri

 

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 240 şagird yerlik 3 nömrəli Horadiz şəhər tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Prezidenti məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni təhsil ocağı ilə tanışlıq zamanı dövlət başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş  məktəb binasının tikintisinə 2011-ci ilin sentyabrında başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 3 min 170  kvadratmetrdir. Məktəbin 1,5  hektar həyətyanı sahəsi vardır. Burada 2 min 600 kvadratmetr sahəyə tamet plitə döşənmiş, yaşıllıq zolağı salınmış, 150 dekorativ ağac əkilmiş, müasir işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır.

Yaraşıqlı məktəb binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri diqqət və qayğısını əks etdirən fotostendlər quraşdırılmışdır. Bina müasir havalandırma sistemi ilə təchiz olunmuşdur. Birinci mərtəbədə lazımi tədris vasitələri və ləvazimatlarla təmin olunmuş 10 sinif otağı, bufet, kitabxana, sürətli internetlə təchiz edilmiş kompyuter otağı və idman zalı yerləşir. İdman zalında voleybol, basketbol, mini-futbol, güləş və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır.

Binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılmışdır. Həmçinin bu mərtəbədə 130 yerlik akt zalı, tədris laboratoriyaları və 12 sinif otağı da vardır. Yeni məktəb müəllimlərə elmlərin sirlərini şagirdlərə daha yüksək səviyyədə öyrətmək imkanı verəcəkdir.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 16 dekabr.- S.2.