Yeni mərkəz Füzuli
rayon gənclərinin intellektual
inkişafında mühüm
rol ynayacaqdır
Azərbaycan
Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, ikimərtəbəli bina il yarıma tikilmişdir. Mərkəzin ümumi sahəsi 980 kvadratmetrdir. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini, Füzuli rayonuna səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Mərkəzdəki mini-kafedə gənclərin istirahəti üçün hər cür şərait vardır. Birinci mərtəbədə bilyard otağı, tikiş dərnəyi və inzibati otaqlar fəaliyyət göstərəcəkdir. Mərkəzdəki rəsm dərnəyində gənclər rəssamlığın sirlərini öyrənəcəklər. İnternet otağındakı bütün kompyuterlər sürətli internetə qoşulmuşdur. Kompyuter bilikləri öyrədən kursların təşkili planlaşdırılır. Linqafon otağında təşkil ediləcək kurslarda isə gənclər xarici dilləri öyrənəcəklər.
Bildirildi ki, mərkəzdəki pnevmatik və interaktiv tirlərdə gənclər atıcılığın sirlərinə yiyələnəcəklər. Hər iki tir xaricdən gətirilmiş avadanlıqla təchiz olunmuşdur. İnteraktiv tirin avadanlığı atıcılıq üzrə 30 müxtəlif proqramla təmin edilmişdir. Bu proqramlardan ikisi Olimpiya idman növlərinə daxildir. Mərkəzdə rayon gəncləri arasında intellektual oyunların keçirilməsi də nəzərdə tutulmuşdur. Beləliklə, bu mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır. Mərkəzin ərazisində müasir işıqlandırma və suvarma sistemləri qurulmuş, yaşıllaşdırma işləri görülmüşdür.
Mərkəzlə
tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2012.- 16 dekabr.- S.2.