Füzuli Su Elektrik
Stansiyası istismara verilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev dekabrın 15-də Füzuli Su Elektrik
Stansiyasının açılışında iştirak
etmişdir.
"Azərenerji"
Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar
Pirverdiyev dövlət başçısına məlumat verdi ki, Füzuli Su Elektrik Stansiyası Baş
Mil kanalı üzərində 14 hektar ərazidə inşa
olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik
stansiyası Füzuli rayonundakı 110 kilovoltluq
"Haramı" yarımstansiyası vasitəsilə
respublikanın enerji sisteminə birləşdiriləcək və
sistemlə paralel rejimdə işləyəcəkdir.
Diqqətə
çatdırıldı ki, Füzuli Su Elektrik
Stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004-cü il
1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən
həyata keçirilmişdir. Stansiyanın təməlini
2008-ci ildə Füzuliyə səfəri çərçivəsində
Prezident İlham Əliyev qoymuşdur. Tikinti
işləri yerli "Azenco" şirkəti tərəfindən
həyata keçirilmişdir.
Elektrik
stansiyasının suqəbuledici qurğusuna baxan dövlət
başçısına məlumat verildi ki,
qurğu üçün Baş Mil kanalı üzərində
40 min ton tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə
generatora ötürülür. Hər bir
hidroturbin avtomatlaşdırılmış qapılarla
açılıb-bağlanır. Stansiyanın
işləməsi üçün nəzərdə tutulan su
müəyyən həcmdən artıq olduqda digər xətt
vasitəsilə Baş Mil kanalına ötürülür.
Lazım olan su isə hər birinin uzunluğu 250 metr, diametri
isə 3 metr olan 4 boru vasitəsilə generator və digər
mexaniki avadanlığın yerləşdiyi SES binasına
ötürülür. Stansiyada texnoloji
avadanlıq kompyuterlərlə idarə olunur. Bütün emal prosesi
avtomatlaşdırılmış şəkildə həyata
keçirilir. Bu məqsədlə binada
ayrıca idarəetmə mərkəzi
yaradılmışdır. Mərkəz həm
elektrik enerjisinin istehsalı prosesini idarə edir, həm də
baş verə biləcək nasazlıqları əvvəlcədən
qeydə alaraq müvafiq tədbirlərin görülməsi
üçün xəbərdarlıq edir.
İdarəetmə mərkəzinə gələn
Prezident İlham Əliyev Füzuli Su Elektrik Stansiyasını
işə saldı.
Bildirildi ki, ərazidə iki körpü və kabel
estakadası qurulmuşdur. Stansiyanın ərazisində
110 kilovoltluq yeni yarımstansiya tikilmiş və onunla əlaqəli
digər yarımstansiyalar yenidən qurulmuşdur. Ərazidə geniş abadlıq-quruculuq və
yaşıllaşdırma işləri
aparılmışdır. Stansiyanın ərazisində
bütün lazımi avadanlıqla təchiz olunmuş ikimərtəbəli
inzibati bina inşa edilmişdir. Su elektrik
stansiyasının inşasında 400 nəfər
işçi çalışmışdır. İlkin mərhələdə 35 nəfərin
işləyəcəyi stansiya Aran bölgəsinin enerji təhlükəsizliyinin
və dayanıqlılığının təmin
olunmasında mühüm rol oynayacaqdır. Stansiyada ildə 100 milyon kilovat/saata yaxın elektrik
enerjisi istehsal olunacaqdır.
Stansiyada görülən işlərdən
razılığını bildirən Prezident İlham
Əliyev rayon ictimaiyyətinin nümayəndələri və
energetiklərlə görüşdü.
Prezident
İlham ƏLİYEV rayon ictimaiyyətinin nümayəndələrini
və energetikləri salamlayaraq dedi:
- Əziz
dostlar, əziz füzulililər!
Bu gün sizinlə bərabər olmaq mənim
üçün çox xoşdur. Dördüncü dəfədir
ki, Prezident kimi Füzuli rayonuna səfər edirəm. Bu dəfə gözəl obyektlərin
açılışında iştirak etmişəm. Onların içində əlbəttə ki, ən
böyük obyekt Füzuli Su Elektrik Stansiyasıdır.
Dörd il bundan əvvəl sizinlə bərabər bu
stansiyanın təməl daşını qoyduq. Çox şadam ki, artıq stansiya istifadəyə
verilmişdir. Son illər ərzində Azərbaycanda
tikilən ən böyük su elektrik stansiyasıdır.
Gücü 25 meqavatdır və Füzuli
rayonunun enerjiyə olan tələbatının bir hissəsini
ödəyəcəkdir. Stansiyanın əhəmiyyəti
ondan ibarətdir ki, bu, su elektrik stansiyasıdır. Burada istehsal olunan enerjinin qiyməti də
aşağıdır. Eyni zamanda, bu
stansiya vaxtilə işğal edilmiş ərazidə
yaradılmışdır. Bu da
stansiyanın əhəmiyyətini böyük dərəcədə
artırır. Erməni
işğalçı qüvvələri Füzuli rayonunu
işğal etmişlər. Ancaq ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu
rayonun bir hissəsini işğalçılardan azad
etmişdir. Artıq bu ərazilərdə
böyük quruculuq-abadlıq işləri aparılır, evlər
tikilir, binalar bərpa edilir, sənaye müəssisələri
yaradılır.
Bu gün mən Füzulidə bir neçə obyektin
açılışında iştirak etmişəm. Gənclər Mərkəzinin,
Heydər Əliyev Mərkəzinin, Heydər Parkının, məktəbin
və digər obyektlərin açılışlarında
iştirak etmişəm. Əvvəlki dövrdə
Muğam Mərkəzi, Olimpiya İdman Kompleksi, Diaqnostika Mərkəzi
tikilmişdir. Yəni, Füzuli rayonunun
inkişafı üçün bütün lazımi tədbirlər
görülür. Beş il bundan əvvəl
Horadiz qəsəbəsinə şəhər statusu
verilmişdir və bu gün Horadiz uğurla inkişaf edir.
Növbəti illərdə Füzuli rayonunun
inkişafı ilə bağlı əlavə tədbirlər
görüləcəkdir. Erməni vəhşiləri
tərəfindən dağılmış evlərin bərpası
məsələsi də vardır. Bu
gün bu barədə məsələ qaldırıldı.
Bu məsələ də öz həllini
tapacaqdır. Rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi
üçün əlavə tədbirlər görüləcəkdir.
Yeni stansiyanın işə salınması əslində
Azərbaycanda bu sahədə görülən işlərin
təzahürüdür. Çünki son illər
ərzində ölkəmizdə elektrik enerjisi ilə
bağlı bütün məsələlər yüksək
səviyyədə öz həllini tapmışdır.
1500 meqavat yeni güclər yaradılmış və beləliklə, Azərbaycan
öz enerji təhlükəsizliyi məsələlərini
tam şəkildə həll etmişdir.
Əvvəllər biz elektrik enerjisini idxal edirdik. İndi isə
biz qonşu ölkələrə - Türkiyəyə,
Gürcüstana, İrana, Rusiyaya elektrik enerjisini ixrac edirik.
Yəni, biz bu sahədə ciddi dönüş
yarada bilmişik. Bu gün bütün
bölgələrdə elektrik enerjisi ilə bağlı
heç bir problem yoxdur. Yeni tikilən və
tikilməkdə olan stansiyalar bizə imkan verəcək ki, bu
sahədə əldə edilmiş uğurları artıraq.
Hazırda ölkəmizin cənubunda "Cənub"
elektrik stansiyasının tikintisi davam edir. Bakıda
"Şimal-2" elektrik stansiyasının tikintisi davam edir.
Bu iki stansiyanın toplam gücü 1200 meqavatdan
artıqdır. Yəni, biz bütün bu
planları elə qururuq ki, gələcəkdə də Azərbaycan
enerji təhlükəsizliyi məsələlərində
daim öz sözünü dünyada deyə bilsin. Bu gün Azərbaycanda bu sahədəki icra edilən
layihələr nəinki ölkəmiz, regionumuz
üçün, eyni zamanda, Avropa üçün də
çox böyük əhəmiyyət daşıyır.
Bütün sahələrdə olduğu kimi,
iqtisadiyyat və sosial məsələlərin həlli
üçün vacib olan enerji təhlükəsizliyi məsələləri
də yüksək səviyyədə həll edilir. Bu stansiya bunun gözəl nümunəsidir.
Bu stansiya ekoloji cəhətdən də çox sərfəlidir. Bildiyiniz kimi,
son illər ərzində Azərbaycanda bütün stansiyalar
ya qaz ilə, ya da su mənbəyi hesabına fəaliyyət
göstərir. Biz artıq mazutdan istifadə
etmirik və beləliklə, ölkəmizin ekoloji vəziyyətini
də yaxşılaşdırırıq. Ancaq iqtisadiyyat artır, tələbat artır, əhalinin
sayı artır. Beləliklə, elektrik enerjisinə olan tələbat
artacaq və yenə qeyd etmək istəyirəm ki, biz yeni
stansiyaların tikintisi ilə məşğuluq. Hazırda bərpa olunan elektrik enerjisinin
yaradılması ön plandadır və bu sahədə su,
külək, günəş stansiyalarının tikintisi nəzərdə
tutulur.
İqtisadi
artım, əlbəttə, tələb edir ki, biz iqtisadiyyatı sürətləndirmək
üçün əlavə tədbirlər görək. Çünki Azərbaycanda son illər ərzində
əldə edilmiş iqtisadi uğurlar, yeni yaranmış
müəssisələr, infrastruktur layihələrinin həyata
keçirilməsi, əlbəttə ki, ölkəmizi
böyük dərəcədə qabağa
aparmışdır. İqtisadi sahədə
əldə edilmiş uğurlar bizə imkan verir ki, sosial məsələləri
də uğurla həll edək. Çünki
bu iki məsələ bir-biri ilə sıx
bağlıdır.
Bütün beynəlxalq kredit reytinqləri
böhranlı illərdə Azərbaycanın iqtisadi göstəricilərini
yüksək qiymətləndirirlər, iqtisadiyyatımız rəqabət
qabiliyyətli, dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi
siyasətdə ancaq daxili imkanlara arxalanırıq. Bizi bəzi
başqa ölkələrdən fərqləndirən cəhət
məhz ondan
ibarətdir ki, xarici dövlət borcumuz çox
aşağı səviyyədədir. Biz yalnız Azərbaycanın
daxili imkanlarını səfərbər edərək öz iqtisadi gələcəyimizi
qururuq. Bu sahədə, iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində atılmış addımlar bizə imkan
verir ki, bu gün iqtisadiyyat enerji sektorundan daha az
asılı olsun. Artıq 2012-ci il başa
çatır. Bu ilin yekunları da bunu göstərir
ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faizə
yaxın artıb. Bu da dünya
miqyasında, xüsusilə böhranlı illərdə
çox yüksək göstəricidir.
Növbəti
illərdə bu gün icra edilən layihələrin başa
çatması və yeni layihələrin icra edilməsi nəticəsində
Azərbaycan inkişaf etmiş ölkələrin sırasına
daxil ediləcəkdir. Mən bu məsələ
ilə bağlı artıq əvvəlki dövrlərdə
fikirlərimi kifayət qədər geniş şəkildə
bildirmişəm. İqtisadi cəhətdən
inkişaf etmiş ölkəyə çevrilmək
üçün, əlbəttə ki, bölgələrin
inkişafı lazımdır. Biz son illər
ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası nəticəsində bu istiqamətdə
də böyük nailiyyətlərə çata bilmişik.
İşsizlik azalıb. Yoxsulluq
böyük dərəcədə - beş
dəfə azalmışdır. Bu gün Azərbaycana
xaricdən işləmək üçün gələnlərin
sayı artır və bu məqsədlə vaxtilə Miqrasiya
Xidmətini yaratdıq ki, əmək resurslarının səmərəli
şəkildə tənzimlənməsi üçün bizdə
işlək mexanizm olsun.
Növbəti illərdə Azərbaycanın uğurlu
inkişafı heç kimdə şübhə doğurmur - nə
ölkə əhalisində, nə beynəlxalq maliyyə
qurumlarında.
Bizim bütün
iqtisadi proqnozlarımız çox müsbət və
çox təsirlidir. Əlbəttə, hər
birimiz çalışmalıyıq ki, ölkəmizi daha da
inkişaf etdirək, gözəlləşdirək. Xüsusilə, bölgələrdə
abadlıq-quruculuq işləri daha da sürətlə getməlidir.
Biz bu inkişafı Füzuli rayonunun
timsalında görürük. Mən çox şadam
ki, son iki il ərzində rayonda
böyük dəyişikliklər baş vermişdir. Mən yenə qeyd etmək istəyirəm ki,
Prezident kimi dördüncü dəfədir Füzuliyə səfər
edirəm. Son səfərimdən sonra
keçən dövr, doğrudan da, Füzuli rayonu üçün
çox böyük uğurlarla zəngin olan bir dövr
olmuşdur. Qısa müddət ərzində
böyük işlər görülmüş, parklar
salınmış, yeni sənaye müəssisələri
yaradılmışdır. Abadlıq
işləri görülür və bu, məni çox
sevindirir. Çünki Füzuli rayonu
ölkəmiz üçün çox böyük əhəmiyyətə
malik olan bir diyardır. Füzulililər
bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin
möhkəmlənməsində öz rolunu oynamışlar.
Müharibə dövründə böyük qəhrəmanlıq
göstərmişlər.
Ulu öndər Heydər Əliyev Füzuliyə daim
böyük diqqət göstərmişdir - həm 1970-ci illərdə
Azərbaycanda rəhbərlik edəndə, eyni zamanda, müstəqillik
dövründə. Məhz onun rəhbərliyi ilə
Füzulinin 22 kəndi işğalçılardan azad
edilmişdir. Bu gün bu ərazilərdə
həyat qaynayır, inkişaf edir. Füzulinin
bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı,
burada görülən işlər Azərbaycan dövlətinin
gücünü göstərir. Onu
göstərir ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəndən sonra
hazırda işğal altında olan bütün ərazilər
də belə gözəl, abad yerlərə çevriləcəkdir.
Bütün yaşayış məntəqələri,
bütün kəndlər, o cümlədən Şuşa və
Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra
qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları
orada yaşayacaqlar. Hər birimiz öz
işimizlə o tarixi günü
yaxınlaşdırırıq. Çünki
ölkəmizin artan qüdrəti, beynəlxalq nüfuzu,
ölkədə gedən müsbət proseslər bizim
gücümüzü artırır.
Bu gün
Azərbaycan beynəlxalq müstəvidə söz sahibidir, böyük
hörmətə malik olan ölkədir. Təsadüfi
deyil ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir
və bu gün biz dünyanın ən mötəbər
qurumunun - BMT Təhlükəsizlik Şurasının
üzvüyük, bu təşkilatda çox fəal və
uğurla fəaliyyət göstəririk.
Bu yaxınlarda biz Qoşulmama Hərəkatına üzv
olduq və dərhal bu təşkilatın birinci zirvə
görüşündə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı çox dəyərli qətnamə qəbul
edildi. Orada göstərilir ki, bu məsələ yalnız
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır. Yəni,
bizim beynəlxalq nüfuzumuz, iqtisadi gücümüz
artır, hərbi potensialımız da artır.
Ermənistana gəldikdə isə, onların
işğalçı siyasəti özlərini ağır vəziyyətə
salmışdır. Onların rəsmi statistik məlumatlarına görə,
hər il yüz mindən artıq vətəndaş
bu ölkəni tərk edir. Ümidsizlik,
özbaşınalıq, səfalət və iqtisadi tənəzzül
- bunlardır Ermənistanı başqa ölkələrdən
fərqləndirən əlamətlər. Azərbaycan
isə inkişaf edir və bizdə olan inkişaf uzunmüddətlidir,
dayanıqlıdır. Bir daha demək istəyirəm
ki, görülən tədbirlər nəticəsində bu
gün Azərbaycan bölgənin aparıcı ölkəsinə
çevrilibdir. İllər keçdikcə
Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşəcək
- həm iqtisadi, həm hərbi və həm də demoqrafik
sahədə. Bizim əhalinin sayı artır, Ermənistanda
isə əhali
azalır.
Mən heç şübhə
etmirəm ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə bir neçə əsas amil var -
iqtisadi imkanlar, beynəlxalq mövqeyimiz, beynəlxalq hüquq
normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən
əminəm və bir daha demək istəyirəm ki,
işğala son qoyulandan sonra hazırda işğal altında
olan bütün
torpaqlar gözəlləşəcək, orada abadlıq
işləri aparılacaq, yeni müəssisələr
yaradılacaqdır. Biz öz tarixi və dini
abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin
törətdiyi cinayətlərin fəsadlarını aradan
qaldıracağıq. Ölkəmiz
uğurla inkişaf edəcək və Azərbaycan ərazi
bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə
daha da fəal olmalıyıq. İlk
növbədə, ölkə daxilində proseslər müsbət
istiqamətdə gedir və getməlidir.
Mən
bir daha bu gözəl hadisə münasibətilə sizi
ürəkdən təbrik etmək istəyirəm. Füzulidə son illər ərzində görülən
işlərlə bağlı sizi təbrik etmək istəyirəm.
Sizi əmin etmək istəyirəm ki, mən Prezident kimi bundan sonra
da Füzuli rayonunun inkişafı ilə bağlı səylərimi
göstərəcəyəm. Daim bu məsələ
diqqət mərkəzində olacaqdır. Biz
hələ çox-çox görüşəcəyik,
çünki Füzulidə gələcəkdə
böyük işlər görüləcək, böyük
açılışlar olacaqdır. Bir
daha sizi ürəkdən təbrik edirəm, sizə
cansağlığı, xoşbəxtlik arzulayıram.
* * *
Füzuli
rayon ictimaiyyəti adından çıxış edən
Tural NƏBİYEV rayonun inkişafına göstərdiyi diqqət
və qayğıya görə dövlət
başçısına təşəkkür edərək
dedi:
- Möhtərəm
cənab Prezident!
İcazə verin Sizi bütün füzulililər
adından salamlayım və "Xoş gəlmisiniz!"
deyim.
Hazırda məskunlaşdığımız bu ərazilər
1994-cü ildə ulu öndərimizin qətiyyətli
addımları nəticəsində düşmən
tapdağından azad edilmişdir. Biz çox sevinirik ki,
Sizin rəhbərliyiniz və qayğınız sayəsində
bu ərazilər indi abadlaşır, inkişaf edir,
gülüstana çevrilir. Qısa
müddət ərzində burada yeni qəsəbələr
salındı. Minlərlə ailə, on
minlərlə insan öz yurd-yuvalarına qayıtdı, yeni
salınmış qəsəbələrdə məskunlaşdı.
İşğaldan azad olunmuş ərazilərdə
həyat qaynadı. Təhsil, səhiyyə,
mədəniyyət obyektləri tikildi. Yeni
yollar inşa edildi. Qaz, elektrik xətləri
çəkildi. Biz başa
düşürük ki, düşmənlə təmas xəttinə
yaxın ərazidə istifadəyə verilən hər bir
obyektin ayrıca siyasi və mənəvi dəyəri
vardır. Bu işlər bizim hər
birimizdə qələbəyə, xoşbəxt gələcəyimizə
inamı daha da artırır.
Möhtərəm
cənab Prezident, qürur hissi ilə qeyd etmək istəyirəm
ki, Sizin qətiyyətinizdən ruhlanan füzulililər atəşkəsin
tez-tez pozulduğu bir şəraitdə düşmənlə
üzbəüz dayanaraq bu gün heç bir qorxu hiss etmədən
yaşayıb yaradırlar. İşğal
dövründə dağıdılmış Horadiz Sizin
qayğınızla bütün əhalimizin gözü
qarşısında öz görkəmini tamamilə dəyişərək
müasir bir şəhərə çevrilmişdir.
Burada Muğam Mərkəzi, İdman Kompleksi, Diaqnostika Mərkəzi
inşa edilmiş, yeni park və xiyabanlar salınmış,
küçələrimiz müasir üslubda yenidən
qurulmuşdur.
Bu gün isə bizim üçün bu nəhəng su
elektrik stansiyasını istifadəyə verirsiniz. Bununla da Siz
füzulililərə böyük həyat, gözlərinə
işıq bəxş edirsiniz. Hər evə,
hər bir sakinimizə nur verirsiniz. Biz
bununla fəxr edir, göstərdiyiniz qayğıya görə
Sizə və cəmiyyətimizin həyatının çox
mühüm sahələrinin inkişafına öz töhfələrini
verən, xalqımızın sevimli qızı Mehriban
xanım Əliyevaya bütün füzulililərin minnətdarlığını
çatdırıram.
Bütün bunlar onu göstərir ki, Füzuli torpaqlarının
55 faizi işğal altında olsa da, rayonumuz bu gün
yaşayır və inkişaf edir. Artıq əhalimizin
60 faizi, yəni 70 min nəfər öz torpaqlarına
qayıtmışdır. Bunu düşmənlərimiz
də görür. Sizin son müşavirələrin
birində dediyiniz sözlər bizim yaddaşımıza həkk
olunub: "Bizim hər bir qələbəmiz Ermənistanın
faciəsidir. Hər bir uğurumuz
onların məyusluğudur. Bizim
uğurlarımız hələ qabaqdadır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan
bayrağı Şuşada və Xankəndidə
dalğalanacaqdır. Mən buna əminəm
və buna şübhə etmirəm". Bəli,
cənab Prezident, o gün uzaqda deyildir. Biz
hamımız əminik ki, gün gələcək
torpaqlarımız düşmən tapdağından azad
olunacaqdır. Mən bütün Füzuli gəncləri
adından deyirəm, cənab Prezident, biz Sizin
əmrinizi gözləyirik. Əgər torpaqlarımız
sülh yolu ilə azad olunmasa, Sizin bir
çağırışınız və rəhbərliyinizlə
biz gənclər müsəlləh əsgərə
çevrilib Qarabağımızı yağı düşməndən
azad etməyə qadirik. Siz buna əmin ola
bilərsiniz.
Siz biz gənclər üçün bir nümunəsiniz,
cənab Prezident. Ən böyük azərbaycanlı kimi Vətənini,
xalqını sevmək nümunəsi. Siz öz fəaliyyətinizlə
bizə Vətənə sədaqətli olmağı, onun
yolunda qəhrəmanlığa və fədakarlığa hər
an hazır olmağı öyrədirsiniz.
Biz gənclər Sizinlə fəxr edir, daim Sizə
arxalanırıq. Bu gün Siz Azərbaycanda
gördüyünüz işlərlə dövlətimizi
dünya müstəvisində yüksəklərə
qaldırmısınız. Sizin əzmkarlığınızın,
Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
apardığınız siyasətin nəticəsidir ki, bu
gün ölkəmiz bütün dünyanı heyran qoyan
mötəbər beynəlxalq siyasi, mədəni tədbirlərin
keçirildiyi bir məkana çevrilmişdir. Bu,
dünya birliyi tərəfindən ölkəmizə, Sizin şəxsinizdə bütün
xalqımızın uğuruna verilən yüksək qiymətdir.
2015-ci ildə Birinci Avropa Olimpiya
Oyunlarının Azərbaycanda keçirilməsi barədə
qərar da bunun yeni bariz nümunəsidir. Biz
yaxşı başa düşürük ki, ölkəmizə
gələn hər bir qonaq burada haqq sözünü
eşidir, əsl həqiqəti görür və özü
ilə aparıb bütün dünyaya yayır. Bu, Sizin Qarabağımızın azad olunması
istiqamətində apardığınız titanik işlərin
yalnız bir hissəsidir.
Möhtərəm cənab Prezident, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətimizin daha da qüdrətlənməsi, torpaqlarımızın azad olunması istiqamətində apardığınız işlərdə biz füzulililər hər zaman Sizinləyik və xoşbəxt gələcəyimizi yalnız və yalnız Sizinlə bağlayırıq. Siz bizim əbədi, daimi Prezidentimizsiniz.
Çox sağ olun!
* * *
Bununla da Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri başa çatdı.
AzərTAc
Azərbaycan.-2012.- 16 dekabr.- S.3-4.