Dünya Bankının Azərbaycan Hökuməti ilə

 əməkdaşlığının 20 ili tamam olmuşdur

 

Xəbər verdiyimiz kimi, Dünya Bankının Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 ili tamam olur.

Bu münasibətlə keçirilən tədbirdə Dünya Bankının Azərbaycandakı fəaliyyəti barədə qısa məlumat verilmişdir.

AzərTAc xəbər verir ki, 1992-ci ildə əməkdaşlığa başlanmasına baxmayaraq, qurumun Azərbaycanda maliyyələşdirdiyi ilk layihə 1995-ci ildə olmuşdur. Dünya Bankı bu 20 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə 3 milyard dollardan çox vəsait yatırmışdır. Bu gün isə Azərbaycanın artan maliyyə imkanları birgə layihələrin həyata keçirilməsinə imkan yaratmışdır.

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov çıxış edərək 20 illik tarixi olan əməkdaşlığın bütün sahələri əhatə etdiyini vurğulamışdır. O demişdir ki, bu dövr ərzində 56 layihə üzrə Dünya Bankı tərəfindən 3 milyard 136 milyon dollar vəsait ayrılmışdır. Həmçinin bu dövrdə qurum Azərbaycana 2 milyon dollar qrant ayırmışdır. Qrant vəsaitləri əsasən layihələrin idarə olunması, kadr hazırlığı və texniki məsələlərin həllinə yönəlmişdir. Bütün bu fəaliyyət bu gün öz bəhrəsini verməkdədir.

Tədbirdə Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov ölkəmizin iqtisadiyyatında Dünya Bankının əhəmiyyətli rolunu vurğulamışdır. Bildirilmişdir ki, özülü ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu müvəffəqiyyəti əməkdaşlıq illərində Azərbaycan Dünya Bankından bütün inkişaf və dəyişiklik istiqamətində strateji dəstək almışdır.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Dünya Bankının Azərbaycandakı fəaliyyətinin 20 illiyi münasibətilə buraxılmış markanı təqdim etmişdir. Baş nazirin müavini Abid Şərifov markaya rəsmi möhür vurmuşdur.

Sonra 20 ildə həyata keçirilən layihələrdən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Tədbir çərçivəsində Dünya Bankının Azərbaycandakı fəaliyyətinə göstərdiyi dəstəyə görə Baş nazirin müavinləri Abid Şərifov, Əli Həsənov, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov fəxri fərmanlarla təltif olunmuşlar.

Digər nominasiyalar üzrə hazırlanmış sertifikatlar da sahiblərinə təqdim edilmişdir.

Tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov da iştirak etmişdir.

 

Azərbaycan.-2012.- 16 dekabr.- S.4.