Fövqəladə Hallar Nazirliyinin yaradılmasının yeddi ili tamam olmuşdur

 

Dekabrın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının yeddinci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin rəhbərliyi və əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.

FHN-in mərkəzi aparatında keçirilən mərasim Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.

Əməkdaşları peşə bayramı münasibətilə təbrik edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov demişdir ki, müstəqil və qüdrətli Azərbaycanın banisi və memarı olan ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində baş verən ən müxtəlif fövqəladə hadisələrə çevik və uzaqgörən reaksiyası, çətin vəziyyətə düşən vətəndaşların daim yanında olması xalqın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə hər zaman verdiyi böyük dəyərin göstəricisi idi. Məhz ümummilli liderin bu dəst-xəttini bu gün böyük inam və məharətlə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Fövqəladə Hallar Nazirliyinin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, ordenmedallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması dövlət başçısının bizə göstərdiyi xüsusi diqqət və qayğının bariz göstəricisi olmaqla, bizi daha məhsuldar fəaliyyət göstərməyə ruhlandırır.

Nazir demişdir ki, ötən illər ərzində nazirliyin strukturunun optimallaşdırılması, onun texniki təchizatının və kadr potensialının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Təkcə cari ildə Bakı şəhərində və regionlarda yerləşən qurumlarda əsaslı təmir və yenidənqurma işləri davam etdirilmiş, bir sıra inzibati və xidməti binaqurğular tikilərək istismara verilmişdir. Nazirliyin qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bir ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi,

"KamAZ" markalı 25 yanğınsöndürən avtomobil, "Kinroud" markalı 6 nəfərlik elektromobil, amfibiya tipli qayıq və "QAZ" markalı 12 avtomobil alınmışdır.

Ötən ildə tikinti obyektlərində təhlükəsizlik, tikinti norma və qaydalarına əməl olunması, texnogen qəzaların və fəlakətlərin qarşısının alınması, yanğınların profilaktikası və digər istiqamətlər üzrə müvafiq işlər həyata keçirilmişdir. Cari ilin ötən dövründə sosial, sənaye, nəqliyyat, rabitə və kənd təsərrüfatı obyektləri, xidmət sahələri üzrə 75 minədək obyektdə diqqətli və 39 mindən artıq obyektdə nəzəri yanğın-texniki müayinələr aparılmış, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün obyekt rəhbərlərinə "Göstəriş" məktubu ilə 556 mindən artıq təklif verilmiş, onlardan 158 mindən çoxunun yerinə yetirilməsinə nail olunmuşdur.

Həmin müddətdə respublika ərazisində 15 minədək müəssisədə və 100 mindən artıq yaşayış evində qaz təsərrüfatı müayinədən keçirilmiş, minədək müəssisənin və 8 mindən artıq yaşayış evinin qaz təsərrüfatında yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edilmişdir. Bu nöqsanların aradan qaldırılması və təxirəsalınmaz tədbirlər görülməsi üçün yerli qaz istismar idarələrinə məktublar ünvanlanmışdır.

Nazir vurğulamışdır ki, fövqəladə halların vaxtında xəbərdar edilməsi və qarşısının çevik alınmasında insanların fövqəladə hadisələrlə bağlı davranış qaydalarından çox asılıdır. Bunu nəzərə alaraq, nazirliyin müvafiq qurumları və regional mərkəzləri tərəfindən fövqəladə hallar zamanı davranış qaydaları, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın təhlükəsizliyi və digər aidiyyəti mövzularda təhsil, səhiyyə, mədəniyyət və sair müəssisələrdə aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilmiş, təhlükəsiz davranış qaydalarına aid plakatlar, buklet və broşürlər hazırlanaraq paylanılmışdır.

Qeyd edilmişdir ki, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin qurulması və möhkəmləndirilməsi işləri davam etdirilmiş, cari ildə bu istiqamətdə bir sıra sazişlər imzalanmışdır.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin şəxsi heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən nazir dövlət başçısını əmin etmişdir ki, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təminatı, maddi və mədəni sərvətlərimizin mühafizəsi, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin təmin edilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarığımız səfərbər ediləcəkdir.

Mərasimdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın ordenmedallarla təltif edilməsi haqqında sərəncamları oxunmuşdur.

Sonra nazirliyin xidmətdə fərqlənən bir qrup əməkdaşına mükafatlar verilmişdir.

Mərasimdə Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Azərbaycan.-2012.- 16 dekabr.- S.6.