Niderlandda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə həsr
edilmiş beynəlxalq konfrans keçirilmişdir
Niderland parlamentinin binasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun problemləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans Benilüks Azərbaycanlılar Konqresi (BAK) və Avropa Demokrat Türklər İttifaqı tərəfindən təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, konfransda Azərbaycanın və Gürcüstanın Niderlanddakı səfirləri, bu ölkədə akkreditə edilmiş diplomatik korpusun, habelə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
BAK-ın sədri Sahil Qasımov konfransı açaraq xatırlatmışdır ki, dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günüdür. O qeyd etmişdir ki, azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, bütün insanların hüquqlarına böyük hörmətlə yanaşırlar. S.Qasımov münaqişə zamanı əsir düşmüş və ya girov götürülmüş yüzlərlə soydaşımızın hüquqlarının pozulmasını təhqiq etməyin vacibliyini vurğulamış, bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmağın zəruriliyini qeyd etmişdir.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva çıxışında qeyd etmişdir ki, Cənubi Qafqazın ən mürəkkəb və təhlükəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında Azərbaycanın müstəqilliyi ilə barışmayan bədxahlarımız böyük rol oynamışdır. Onun sözlərinə görə, ABŞ-da, Fransa və Niderlandda türk icmalarının sayca erməni diasporundan üstün olmasına baxmayaraq, bəzi məsələlərdə onlar birliyə nail ola bilmir, düşmənlərimiz də bundan bacarıqla istifadə edirlər.
Konfransın
yekunlarına əsasən, Avropa ölkələrinin
başçılarına, beynəlxalq təşkilatların
rəhbərlərinə və dünyanın
tanınmış siyasi xadimlərinə
ünvanlanmış, Ermənistan tərəfindən Azərbaycana
qarşı təcavüzü və beynəlxalq ictimaiyyətin
bu məsələyə laqeydliyini pisləyən qətnamə
qəbul edilmişdir.
Azərbaycan.-2012.- 16 dekabr.- S.6.