Dan yeri ağaranda

 

Müdriklərə məxsus fikirdir ki, əsl alim nur mənbəyidir. Həqiqətən də unudulmaz Həsən Əliyev nəinki ətrafına, elinə, obasına, məmləkətinə, bütün dünyaya nur yayan alimlərdən idi. İşıqlı insanlar isə həmişə nura qənşər bir yolun əbədi yolçularıdır. Hər dan yeri ağaranda onların da ömrü təzələnir. Haqqında böyük ehtiramla söz açdığımız əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Həsən Əliyev ötən əsrin yetirdiyi böyük alimlərdən biri idi. Azərbaycan təbiətini, torpağını, xalqını ürəkdən sevən və bu yolda vətəndaşlıq, cəfakeş alimlik xidməti göstərən unudulmaz Həsən Əliyevin istər elmi fəaliyyəti, istərsə də örnək ola biləcək insanlığı heç vaxt unudulmayacaq. Bu gün respublikamızın elmi-tədqiqat institutlarında, ali təhsil ocaqlarında Həsən Əliyev məktəbinin yetirmələri çalışmaqdadır.

O, milli elmi kadrların hazırlanmasında böyük fədakarlıq göstərmişdir. Vaxtilə "Həyəcan təbili" adlı kitabında yazırdı: "Keçmişdə özünün bir nəfər belə ixtisaslı torpaqşünas alimi olmayan respublikamızda indi iri elmi-tədqiqat institutları və yüzlərlə mütəxəssis vardır. Elmlər Akademiyasında və digər institutlarda 20 nəfər elmlər doktoru (onlardan 5 nəfəri akademik və akademiyanın müxbir üzvüdür), 80 nəfərdən çox elmlər namizədi, 200 nəfərdən artıq kiçik elmi işçi, aspirant fəaliyyət göstərir və onlar torpaqşünaslıq sahəsində geniş tədqiqat aparırlar".

86 il ömür yaşamış Həsən Əliyev Azərbaycanın taleyinə yazılmış bir çox ağrıları öz şəxsi həyatında da çəkməli olmuşdur. O, elə bir zamanda dünyaya gəlmişdi ki, Zəngəzur qan içində boğulurdu. 1905-ci ildə ermənilərin törətdiyi vəhşiliklər hələ də sona yetməmişdir. Belə bir vahiməli məqamda - 1907-ci ildə Zəngəzur mahalının Comərdli kəndində Əlirza kişinin ailəsində oğul övladı dünyaya göz açdı. Dinə, imana çox bağlı olan Əlirza kişi ilk övladının adını Həsən qoymaqla sanki bu bəlalardan Tanrının köməyi ilə sıyrılmaq istəyirdi. Amma vəziyyət olduqca gərgin idi. İl-ildən bəd gəlirdi. Zəngəzurda ermənilər tərəfindən törədilən vəhşiliklər səngimək bilmirdi. Onlar azərbaycanlılar yaşayan kəndləri talan edir, insanları diri-diri yandırır, evləri xaraba qoyurdular. Belə bir vaxtda çoxu ailə üzvlərini başına yığaraq Naxçıvana köçmək məcburiyyətində qaldı.

1905-ci ildən başlanan qara tufanın nəticəsində Andronikin qoşunları azərbaycanlılar yaşayan kəndləri bir-bir yer üzündən silməyə başladılar. Comərdli 1918-ci ilin yazında bu fəlakətin ən dəhşətli məqamını yaşadı. Gecə qəflətən kəndə hücum edən daşnaklar əhaliyə divan tutdular. Birtəhər canını götürüb Naxçıvana tərəf qaçanlar bu qətldən xilas oldular.

O vaxtlar Zəngəzurdan Naxçıvana pənah gətirən insanlar çox idi. Vəziyyət çətinləşmişdi. Buna görə də ayağı yer tutan işlə məşğul idi, çünki ailəyə çörək gətirmək lazım gəlirdi. Əlirza kişinin də ailəsi böyük idi. Ona görə də 11 yaşlı Həsən işləmək məcburiyyətində qalır. Bununla bərabər, oxumaq eşqini başından çıxara bilmirdi. O, hələ beş yaşında olarkən atası onu doğma kənddə molla məktəbinə qoymuşdu. O, ilk savadını burada almışdı. Zaman ağır gəldiyindən təhsilini davam etdirməyə çox gecikmişdi. Naxçıvan şəhərindəki kənd axşam məktəbində oxumağa başlayanda artıq onun 17 yaşı var idi.

Həsən Əliyevin həmin məktəbdə oxuduğu illərdə "Şərq qapısı" qəzetində (1925) "Bizə də teatr lazımdır", "Molla Nəsrəddin" jurnalının 16-cı sayında isə (1929) "Müəllim lazımdır" adlı məqalələri dərc edilmişdir.

Həsən Əliyev çox bacarıqlı, istedadlı, kənd təsərrüfatının bütün incəliklərini  bilən mütəxəssis kimi o illərdə diqqət çəkirdi. Altı il ərzində orta təhsil, üç il ərzində ali təhsil almış Həsən Əliyevi birbaşa aspiranturaya qəbul etmişdilər. O, Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi, coğrafiyası, iqtisadi rayonlaşması üçün səmərəli elmi-tədqiqat işləri aparırdı. 1937-ci ildə Həsən Əliyev Bakıya gəlir. SSRİ EA-nın Azərbaycan filialının torpaqşünaslıq bölməsində elmi işçi, elmi katib vəzifəsində çalışır. Bu illər ərzində Həsən Əliyevin ilk monoqrafiyası işıq üzü görür. Bir neçə elmi əsərləri çap edilir. Lakin İkinci Dünya müharibəsinin başlanması onun elmi işlərini yarımçıq saxlayır.

O, Şimali Qafqazın faşistlərdən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Şiddətli döyüşlərin birində ağır yaralanıb. Ömrü boyu müharibədən yadigar olaraq sifətində gəzdirdiyi nişanəyə işarə edən Həsən müəllim  deyərdi: "Mən müharibəni hər gün görürəm".

Ağır yaralandığına görə hərbi hissədən vaxtından əvvəl tərxis olunan Həsən Əliyev əvvəlki yerinə qayıdaraq elmi fəaliyyətini davam etdirib. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsinə yiyələnən Həsən Əliyev 9 il sonra Azərbaycan EA-nın akademiki kimi şərəfli bir missiyanı yerinə yetirirdi.

Həsən Əliyevin bioqrafiyası olduqca zəngin hadisələrlə səciyyələnir. Uzun illər Torpaqşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini, Botanika İnstitutunda direktor, Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışmış Həsən Əliyev digər akademik həmkarları - M.Mirqasımov, Y.Məmmədəliyev, H.Hüseynov, M.Topçubaşov, N.Qaşqaybaşqa alimlərlə birgə Azərbaycan elminin gələcək inkişafının uğurlu özülünü qoyanlardandır.

O, bir tərəfdən torpaqşünas-alim kimi tədqiqatlar apararaq ətraf mühitin çirklənməsinə, suyun, havanın, torpağın zəhərlənməsinə, bitkiheyvanat aləminin məhvinə səbəb olan amilləri tədqiq edirdisə, digər tərəfdən də ətraf mühitin mühafizəsinə bağlı adam kimi elmi fəaliyyətinin ikinci istiqamətinin inkişafına səy göstərirdi. O, 1955-ci ildə təbiəti mühafizə üzrə komissiyanın sədri kimi fəaliyyətə başlamışdı. Bu sahədən onlarca məqalə yazmış, monoqrafiyaları çap edilmişdi. 1969-cu ildə direktoru olduğu Coğrafiya İnstitutunda ətraf mühitin qorunmasına aid ilk elmi-tədqiaqt şöbəsinin yaradılmasına nail olmuşdu.

Həsən Əliyev təbiətlə ünsiyyətdə olmağı çox sevərdi. O, Naxçıvandan tutmuş Dəvəçiyə, Qubaya, Şamaxıya, Gəncəyə, Abşerona, Qəbələyə - hər yerə tez-tez gedərdi. Onun sorağı İlanlıdağdan, Çıraqqaladan, Təngə dərəsindən, Pirquludan, Göy göldən... gələrdi. Həsən Əliyevin təbiətin mühafizəsində, ondan səmərəli istifadə edilməsi sahəsində apardığı tədqiqatların, gördüyü işlərin miqyası olduqca genişdir. Ədəbiyyatşünas alim Şamil Qurbanov "Əliyevlər" adlı kitabında Həsən müəllimlə bağlı bölmədə yazırdı: "O, Azərbaycanın torpağını işıqlandıran, torpağın üstünü, xüsusən onun meşələr və heyvanlar aləmini dərindən bilən, torpağımızı qarış-qarış gəzib dolanan alimlərdən idi. 

Bütün varlığı ilə torpağa bağlı olan Həsən Əliyev Azərbaycan təbiətinin vurğunu idi. Akademikin oğlu, memar Rasim Əliyev söyləyir: "Atam Azərbaycan meşələrinin məftunu idi. Deyərdi ki, ən qansız, qəddar insan təbiətə qəsd edəndi. Mən istəyirəm ki, Azərbaycanda heç bir ağacın budağı da kəsilməsin, meşələr qırılmasın, nadir sərvətlərimizin nəsli kəsilməsin. Bir ağacı ərsəyə gətirmək üçün bəzən bir insan ömrü bəs etmir. İnsanlar bilməlidirlər ki, selin, suyun, daşqının qarşısını kəsən, təbii fəlakətlərə sinə gərən meşələrdir. Meşələr həm də torpağın zinətidir. Bir sözlə, Azərbaycan təibəti bütün nemətləri, gözəllikləri ilə atamı özünə elə bağlamışdı ki, o, ömrünün mənasını bu zümrüd dünyanın mühafizəsində görürdü. Heç bir fəslin fərqi, vaxt anlayışı onun üçün yox idi. O, hər bir ağaca, gülə, çiçəyə, bulağa nəfəsi gedib-gələn canlı varlıq kimi baxırdı. Təbiətin qoynunda onunla yol getmək müşkül məsələ idi. Çox iti yeriyirdi. Dağlara quş kimi qalxırdı".

Meşələrimizin qorunmasında, heyvanlar aləminin mühafizəsində, çəmənliklərin nəzarətə alınmasında xidmətləri həddən artıq böyük idi. O, Azərbaycanın şoran torpaqlarında yeni meşə zolaqlarının salınmasında böyük şücaət göstərmişdir. Bütün bunlar isə Azərbaycan təbiətinin mühafizəsinə, ekoloji tarazlığına xidmət edirdi. Akademik Həsən Əliyevin böyük xidmətlərindən biri də Azərbaycanda dövlət qoruqlarının yaranmasında, təşkilindəki əvəzsiz roludur. O yazırdı: "Qoruq sözü varsa, deməli, təbiətimiz qorunur. Qorunursa, daha da gözəlləşəcək və zənginləşəcək". Tuqay meşələrinin qorunub saxlanılması məqsədilə Qarayazı, eləcə də Bəsitçay, Türyançay, Hirkan, Qızılağac, Şirvan dövlət təbiət qoruqları Həsən Əliyevin təşəbbüsü ilə yaradılmışdı. Bu qoruqlarda Azərbaycanın nadir təbiət kompleksləri qorunub saxlanaraq gələcək nəsillərə çatdırılıb. 1961-ci ildə respublika ərazisində cəmi 100 baş ceyran qalmışdı. "Qırmızı kitab"a daxil edilmiş bu təbiət gözəlinin qorunub saxlanmasında Həsən Əliyevin xüsusi qayğısı olmuşdu. İndi bu zərif varlıqların sayı beş mini ötməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində hazırda 14-dən artıq dövlət qoruğu və 20 dövlət yaşıllığı mövcuddur. Bunların da əksəriyyəti akademik Həsən Əliyevdən nişanədir. O, milli parkların yaradılmasına da xüsusi əhəmiyyət verərdi. Dünyanın bir çox ölkələrində belə parkları görən Həsən Əliyev Azərbaycanda da milli parkların yaradılmasını arzulayırdı.

Uzun müddət Həsən Əliyevlə bir yerdə çalışmış xalq şairi Məmməd Araz akademikə həsr etdiyi xatirələrinin birində yazırdı: "Həsən Əliyev el, xalqcanlı insan idi. Odur ki, o, ümumxalq məhəbbəti qazanmışdı... bütöv bir ömrü gənclik eşqi ilə başa vuran, gənclik ehtirası ilə yazıb-yaradan, xitabət kürsülərində cəsarətli, alovlu çıxışlar edən, təbiəti, dünyanı gəzib dolaşmaqdan həzz alan bir alimin, sənət adamının taleyinə düşən xoşbəxtlik əslində alın yazısıdır. O alın yazısı ki Tanrı onu ən sevimli övladlarına bəxş edir. Həsən müəllim də məhz həmin xoşbəxt taleli insanlardan biri idi".

"Təbiətin mühafizəsini insanın mənafeyi tələb edir" - deyən Həsən Əliyevi dünyanın təbiətşünas alimləri çox gözəl tanıyırdılar. Çünki o, ən nüfuzlu, beynəlxalq elmi konfranslarda adi nümayəndə kimi yox, onun təşkilatçılarından biri kimi çıxış edirdi. Kanada, Yaponiya, Macarıstan, Almaniya, Fransa, Belçika, ABŞ, Vyetnambaşqa ölkələrdə keçirilən konqreslərdə maraqlı məruzələrlə çıxış etmişdi. 1960-cı ildə Beynəlxalq Torpaqşünaslıq Cəmiyyətinin üzvü seçilən Həsən Əliyev Azərbaycanda təbiəti mühafizə və ekologiya elminin banisi və əsas yaradıcısıdır.

İnsan var ki, gündəlik ruzi qayğısı ilə çalışır, həyatı ancaq kiçik sevinclərdən ibarət olur. İnsan da var ki, onun bütün fəaliyyəti, xidməti çətinliklərdən, ağrı-acılardan, uzun illərin çalışmalarından keçərək millətin, xalqın xoş sabahına yönəlir. Həsən Əliyevə görə Azərbaycan təbiəti Azərbaycan torpağı demək idi. Bunların ünsiyyəti isə Azərbaycan xalqının varlığından xəbər verirdi. Ona görə də bütün həyatını, elmi fəaliyyətini Azərbaycan təbiətinin gələcək nəsillərə olduğu kimi çatdırılmasına yönəltmişdi. Ən böyük arzusu bu idi ki, insanlar ətraf mühitə ağıllı nəzərlə baxsınlar. O deyirdi ki, təbiətin ahəngini, səliqə-sahmanını pozmaq olmaz. Onun fikrincə, ahəng torpaqdır, sudur, havadır, yaşıllıqdır, canlı aləmdir, onlarla insanın təmasıdır. Təbiətdə hər şey vəhdətdədir. Akademik yazırdı: "Təbii gözəlliyi görmək hər şeydən əvvəl ona qayğı göstərmək deməkdir. Əgər biz gözəlliyin qayğısına qalmırıqsa, demək, onu görmürük".

Son dərəcə zəngin və mənalı bir ömür yaşayan Həsən Əliyev alimliyindən, sənətindən, vəzifəsindən öncə əsl insan, hamıya nəsib olmayan böyük ürək sahibi idi. Neçə-neçə insanın həyatında, taleyində bu müqəddəs şəxsin elə rolu olub ki, hər an onu hörmətlə xatırlayır, ruhu qarşısında ehtiramla baş əyirlər. Xalq şairi Nəriman Həsənzadə yazır: "Həsən Əliyev kimsəsizlər kimsəsi idi". Belə şəxslərin yoxluğu onu yaxından tanıyanları məyus etsə də, müqəddəs əməlli, xeyirxah insanların ruhu həmişə başımızın üzərində olur. Həsən Əliyev təkcə vətənimizdə deyil, dünyanın hər yerində təbiətin təəssübkeşi kimi çıxış edirdi. Ona görə də bu təbiət aşiqinin adı şair demişkən:

 

 

Ana təbiətin ürəyindədi,

Əsən küləyində, axan suyunda,

Sabaha açılan səhərindədi.

 

 Hər bir xalqın bəşər mədəniyyətində, tarixində, siyasətində yeri və mövqeyi onun şəxsiyyətləri ilə müəyyən olunur. Bu mənada Həsən Əliyev elmdə iz qoymuş, öz hünəri ilə mövqe qazanmış və dünyanın tanıdığı məşhur alimlərin sırasında əzəmətlə dayanıb. Dünya şöhrətli səyyah Tur Heyerdal sonuncu dəfə Azərbaycanda olanda ulu öndər Heydər Əliyevlə görüş əsnasında dediyi ilk cümlələrdən biri də Həsən müəllimlə bağlı olmuşdur. Bildirmişdi ki, o öz köhnə dostunun vasitəsilə Azərbaycanı yaxından tanıyıb və qətiyyətlə əmin olub ki, dünyanın ən qədim xalqlarından birincisi məhz azərbaycanlılardır. Qobustan qayaqlıqlarındakı tarixi daş sənədlər bunun ən bariz sübutudur. İndi anadan olmasının 105 ili tamam olan Həsən Əliyev Azərbaycan torpağının, təbiətinin özü kimi əbədidir.

 

 

Flora XƏLİLZADƏ,

Azərbaycan.-2012.- 16 dekabr.- S.7.