O, bənzərsiz təfəkkürlü alim idi

 

"Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil.

Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər."

 

 Xudu Məmmədov

 

 "Dünya bildikdə bizim olur. Dünya bildiyinizdən artıq bizim ola bilməz"

 

 Onun haqqında hətta qısa məlumatları da nəzərdən keçirmək kifayətdir ki, kimliyi, qeyri-adi şəxsiyyəti haqqında tam təsəvvür yaransın: Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də  Qarabağda -  Ağdam rayonunun  Mərzili kəndində anadan olub. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsində idi. Xudu Məmmədov həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut edən nadir istedad sahiblərindən biri idi.

Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələr ilə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. Elmi terminlərlə ifadə eləsək, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib.

Xudu müəllimin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında da müstəsna xidmətləri olub. "Şərəf nişanı" ordeni və medallarla təltif edilib...

 

 

 

Ölüm köməyim olsun

 

 

Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı dillər əzbəri olan bayatıları, rübailəri, zərb-məsələ dönən fikirləri də məşhurdur. Onun vaxtilə söylədiyi bu sözlər keşməkeşli həyat yolunun, arzularının, ümidlərinin ifadəsi idi:

 

Çiy yumyrta soyulmaz,

Göydə ulduz sayılmaz,

Bütün xalqlar oyandı,

Mənim xalqım ayılmaz.

 

 Elim köməyim olsun,

Əlim köməyim olsun,

Kimsəyə yük olarsam,

Ölüm köməyim olsun.

 

Onun bitib tükənməyən arzularından daha çox dostları xəbərdar idi. Türk dünyasının böyük şairi, Xudu müəllimin ən yaxın dostlarından biri Bəxtiyar Vahabzadə onun hamıya bəlli olmayan xüsusiyyətlərindən belə danışardı:

- 1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən ən müqəddəs arzumun Azərbaycanın cənublu-şimallı birliyində olduğunu dedim. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir. Xudu isə dedi: "Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm... Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə..."

Xudu müəllim hələ ötən əsrin ortalarında o günü görürdü. Bilirdi ki, bir gün sərhədlər açılacaq, sovet quruluşu dağılacaq, 1918-ci ildə olduğu kimi yenə bir gün  türk əsgəri Bakıya əlində silah gələ biləcək - Azərbaycanı düşmənlərdən qorumaq üçün, ona arxa durmaq üçün...

 

 

 

"Bu qala bizim Qala..."

 

 Bu Qala - bizim Qala,

Qaldıqca bizim Qala.

Qurmadım, özüm qalam,

Qurdum ki, izim qala.

 

O vaxtlar Ağdam RPK-nin birinci katibi işləyən Sadıq Murtuzayev Xudu müəllimin "tikdiyi qalalar"la bağlı iki hadisəni xatırlayır. Bunun biri Ağdamın məşhur "Çay evi", o biri isə Kəlbəcərdə İstisu yaylağında tikdiyi binadır:

...Ağdam məscidinə hər cümə günü Qarabağın hər yerindən namaza gəlirdilər. Bu ibadətgah Qarabağda fəaliyyət göstərən yeganə məscid idi. Və bu binəva məslək sahibləri üçün heç bir şərait yox idi. Bəzən dəstəmaz üçün su da tapılmırdı. Yaxınlıqda yaraşıqlı bir bulaq tikdirdik, lakin bu, kifayət deyildi. Bir gün Xudu Məmmədov mənə "Yaponiya" adlı jurnal verdi ki, elə-belə tanış olum. Mənim diqqətimi çin-yapon üslubunda tikilmiş bir bina cəlb etdi və dərhal qərara gəldim ki, məscidin qarşısında bu üslubda bir "Çay evi" tikdirim. Fikrimi ona deyərkən alqışladı və xahiş etdi ki, icazə verim, onun maketini düzəltsin və tikintiyə rəhbərlik etsin. Məmnuniyyətlə razılaşdım. Ertəsi günü səhər saat 6-da maketlə yanıma gəldi. Dərhal işə başladıq. Yeməkxana olan zirzəmisilə 4 mərtəbəli yaraşıqlı bir bina qısa müddətdə istifadəyə verildi və az qala Ağdamın bir rəmzinə çevrildi. Hər gün səhər saat 6-da iş icraçısı kimi özünü tikintiyə çatdıran bu fədakar Vətən oğlu orada işləyənlərə elə örnək oldu ki, könüllü olaraq gəlib burda işləmək istəyənlərin sayı gündən-günə artırdı...

Mən digər böyük üç dostla (onlara böyük üçlük deyirdilər) - Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev və Xudu Məmmədovla Kəlbəcərin Dəlidağ yaylaqlarına çobanlarla görüşə getmişdik. Gecəni Əli Abbasovun alaçığında keçirib səhər dərədəki bir meydançada çobanlarla görüşdük. 500 nəfərədək adam toplaşmışdı. Birdən sanki Allahın bir möcüzəsi baş verdi. Təzəcə söhbətə başlamışdıq ki, bir anda qara bir bulud parçası gəlib üstümüzdə dayandı və çox şiddətli bir yağış tökdü. Bizi yaxınlıqdakı alaçığa çəkməyə çalışdılar. Heç birimiz getmədik. Hamı iliyinədək islandı. Söhbətimizi qısaltdıq, ən başlıcası, söz demək istəyən çoxlu çobanın sözü ağzında qaldı.

Biz tez sağollaşıb yola düşdük. Heç birimiz dinib danışmırdıq. Çox qəribə olsa da, mən qeyri-adi bir mənəvi gərginlik keçirirdim. Sanki tədbirin yarımçıq qalmasının günahkarı mən idim. Çox böyük sarsıntı içərisində düşüncələrimə qərq olmuşdum. Qəflətən dilə gəlib dedim ki, tapdım. Hər üçü təəccüblə üzümə baxdılar. Sözə başladım. Abşeronda işləyərkən Moskvanın qərarına əsasən Bolqarıstanın Razqrad mahalı ilə Abşeron rayonunun qardaşlaşması yaranmışdı. Oraya ikinci gedişimdə məni Razqrad şəhərinin fəxri vətəndaşı seçmiş və xüsusi pasport vermişdilər. Mahalın Dəli orman (Dəli meşə) adlanan çox zəngin bir təbiət qoruğunda Voden deyilən kurort və burada məşhur türk sərkərdəsi Osman Paşa tərəfindən tikilmiş maraqlı bir bina var idi. Dəyirmi binanın mərkəzində bir neçə xırman həcmində bir zal və ətrafında da xırda otaqlar yerləşmişdi.

...Binanın 10 metrliyində məscid vardı. Osman Paşanın iqamətgahı idi və burada o, xarici qonaqları, səfirləri qəbul edirmiş.

Yol yoldaşlarıma həmin binanı təsvir edib dedim ki, tədbirimiz yarımçıq qalmış meydanda belə bir bina tikdirəcəyəm.

Xudu Məmmədov dərhal səsimə səs verərək dedi: "İcazə verin, tikintiyə mən "prorablıq" edim".

Nurəddin Rzayev də eyni çılğınlıqla ona etiraz etdi ki, "axı sən infarkt keçirmisən, bu səfərə də zor gücünə qoşuldun. Əl çək bu fikirdən". Lakin Xudu Məmmədov əl çəkmədi. Mən gecə saat 12-də professorla onu Mərzili kəndindəki evinə qoyub şəhərə qayıtdım. Səhər saat 6 olmamış gördüm ki, Xudu Məmmədov əlində təsvir etdiyim binanın maketiylə qonşuluğumdakı qonaq evinin həyətindədir...

Həmin gün hazırlıq gördüm, ertəsi gün çoxlu inşaatçı, tikintiyə ilkin lazım olacaq daş və sementlə onları Dəli Dağa yola saldıq. Orada hava telefonu quraşdırdıq. Çox qəribə olsa da, Ağdamdan bəzən 15-20 km məsafədə eşidilməyən bu telefon 190 km məsafədə çox gözəl eşidilirdi. Hər gün Xudu Məmmədov mənə telefonla nə lazım olduğunu sifariş verir, mən də dərhal göndərirdim. Bina görünməmiş bir sürətlə, 14 günə hazır oldu. Bu müddətdə oraya 170 maşın material göndərilmişdi.  Binanın ən qəlbi yerində Ağdamın ağ daşları ilə "Ağdam" sözü də yazılmışdı. İndi orada da mənfur qonşularımız ya at oynadır, ya da bəlkə də onu da dağıdıblar.

Xudu Məmmədov belə ziyalı, belə vətəndaş, belə insan idi.

Xudu Məmmədov haqqında çox deyilib, yox yazılıb və yazılacaqdır. Bunlar daha çox böyük alim, istedadlı tədqiqatçı, ixtiraçı olması ilə əlaqədar olub. Mən isə onun böyük vətəndaş, son dərəcə nəcib, sadə, təvazökar, xeyirxah bir insan olmasını önə çəkib onun böyük ziyalı şəxsiyyətini bu keyfiyyətlərilə tamamlamaq istədim.

Qarabağ münaqişəsi alovlanarkən Ağdama Dağlıq Qarabağın kəndlərindən axın-axın qaçqınlar gəlirdi və onları qarşılayıb yerləşdirərkən daima yanımda idi. Yanıb yaxılırdı, respublika rəhbərliyinin acizliyinə, biganəliyinə dözə bilmirdi. Onu bu dərdlər apardı. Böyük Üzeyir bəy Hacıbəylinin ev muzeyində ürəyinin partlaması da bu dərdin məhz orada tüğyan etməsinin faciəli nəticəsi, Üzeyir bəyin ruhu qarşısında onun dözüm gətirə bilməməsinə dəlalət edirdi."

O günü böyük dərdlə, yanğı ilə xalq artisti Fərhad Bədəlbəyli belə xatırlayır: "Xudu müəllim mənim qucağımda can verdi." 15 oktyabr 1988-ci ildə Qarabağda hadisələrin gündən-günə tüğyan etdiyi bir vaxtda...

 

 "İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?"

 

 Alimin aforizmə çevrilmiş  fikirləri arasında bu deyimin ayrıca bir yeri var: "İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?" Bir vaxtlar Azərbaycanın ən böyük kəndindən çıxıb ən böyük şəhərinə gələn Xudu müəllimin ən böyük suallarından biridir bu! Baxmayaraq ki, bu böyük şəhərdə onun ruhu kimi sözləri, kəlamları da dolaşmaqdadır. Budur Xudu müəllimin sözü - Xudu müəllimin ruhu:

"Qonşu qonşuya baxar, özünü oda yaxar" - deyiblər. Ancaq "Qonşu qonşunun atasını yandırar" deməyiblər.", "Məsələ predmetdə deyil, ondan necə danışıldığında və ona necə baxıldığındadır.", "Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.", "Bir şeyi və hər şeyi bilən heç bir şey bilmir.", "Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb.", "Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir.", "Onu xalqın pis münasibətindən qanun qoruyurdu.", "Mürəkkəblik çətinlik olmasa belə, onu insanlar özləri üçün yaradırlar.", "Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır.", "Orada insan əli ilə yaradılmış heç bir gözəllik yox idi...", "Ömür yadda qalan günlərın sayı ilə ölçülür", "Məqsədə arzumu itirmiş gəldim...", "Vəzifə verirlər, sonra iş axtarırlar...", "Təbiət daşları necə də adama oxşadır. Əksinə də olur.", "Şairin özü bir yana, hər uğurlu sözü insanlar arasında bir körpü, bir bağlı teldir.", "Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın.", "İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır.", "Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus!", "Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin göz yaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı", "Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı", "Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum", "Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım", "Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur", "Təşkil olunmuş bekarçılıq...", "Başa düşülmək üçün başa düşməyə çalış", "Yersiz görülmüş iş də yersiz deyilmiş söz kimidir", "Qabiliyyətsizlik hələ qorxu deyil. Qorxulu onun çalışqanlığıdır", "Adamların qanunla qorunmaq dərəcəsinə çatması yüksəlişdirmi?", "Pislikdən danışmaq yaradıcılığı hamıya verilib", "Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə!", "İdeal adam olmur, ideallaşdırmağa layiq adamlar olur", "Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır", "Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur."

 "Deyirlər: "Dünyanı gözəllik xilas edəcək". Doğrudur, amma gözəlliyin özünü xilas edə bilsək", "Təbiət qanunları ilə cəmiyyət qanunlarının əsas fərqi ondan ibarətdir ki, birinciləri cəzasız pozmaq mümkün deyil, ikinciləri isə mümkündür."

 

"Tanrı insanı yaşada bilmir, el yaşadır"

 

 Xudu Məmmədov haqqında söz demək çətindən çətindir. Elm və mədəniyyətimizdə, ictimai düşüncəmizdə əzəmətli bir zirvə olan Xudu müəllim elinə, obasına, xalqına, Vətəninə, dilinə, musiqisinə vurğunluğu ilə xalqının, millətinin sevgisini qazandı. "Elmin vətəni yox, alimin Vətəni olmalıdı" fikrini Xudu müəllim tez-tez söyləyərdi. Sanki bu günümüzə baxaraq, bu günümüzü görərək deyirdi:

 

 Anam ozan olubdur,

Dərdə dözən olubdur,

Dili haqdan bağlanıb,

Naxış düzən olubdur.

 

 

Sənə bəslədiyim, Vətən, nə simdi?

Səsinnən ürəyim əsim-əsimdi.

Sevgimin əvəzin vermək istəsən,

Bir ovuc torpağın olmaq bəsimdi.

 

 Xudu müəllim öz yaradıcılığı, şəxsiyyətilə Füzuli, Xətai, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Üzeyir bəy kimi Azərbaycanın mənəvi gücü və o gücü daima çiyinlərində saxlayan dayaqlardan biri idi. Belə yanaşsaq bəlkə itkilərimizi daha dəqiq qiymətləndirə bilərik. Get-gedə daha sürətlə azalan bu ziyalıları pul aldada, var-dövlət azdıra bilmədi! Dünyaca məşhur Eynşteynin  dediyi kimi: "Siz İsa peyğəmbəri, Musa peyğəmbəri pul kisəsi ilə təsəvvür edə bilirsinizmi? Mən təsəvvür edə bilmirəm". Siz təsəvvür eləməyə çalışın... Onlara millətin dərdi, əziyyəti, iztirabları lazımdır ki, apara bilsinlər. Apara bildikcə apardılar, apara bilməyəndə isə... Bəlkə ona görə Xudu Məmmədov deyirdi:  Dərdlərim yetim qalsa, məndən sonra kim çəkər. Doğrudan da, indi bu dərdi çəkən, əziyyətə sahib duran  çoxdurmu?

 

 Xudu müəllimə məktub və ya "...Onun qəlbi qarabağlıların səs telləri kimi incə idi"

 

 Xudu Məmmədov rəhmətə getdikdən sonra onun haqqında  dostu həkim  Nurəddin Rzayev bir kitab yazıb. Bu kitab Xudu Məmmədovu yaxşı tanımayanlara bir daha tanıtdı. Kitabda Xudu müəllimin çalışmaları, türk tarixinə baxışları və düşüncələri öz əksini tapıb. Kilimlərdə, xalçalardakı naxışlarla bağlı fikirləri, yaradıcılığının bəzi tərəfləri burada geniş əks olunub. Xudu müəllimi bir insan kimi tanımaq üçün orda təsvir olunan bir hadisəni yada salmaq yerinə düşərdi. Nurəddin Rzayev dostu Xudu Məmmədov haqqında yazırdı:

"Xudu, mən və Bəxtiyar Vahabzadə çox köhnə dostlar idik. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Xüsusilə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdırdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməmi istərsənmi? Uşaq da Xuduya "istərəm" dedi. Xudu ona "Nə göndərim sənə?" soruşduqda uşaq Xuduya "Mənə məktub göndər, mənə kimsə məktub göndərmir" dedi. Xudu göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı. Bakıya döndükdən sonar o uşağa məktub yazır, hədiyyələr də göndərirdi!

Sonda Yavuz Bülənd Bakilərin "çiçəyin qoxusu kimi, ruhun ipəyi kimi soylu bir insan" olaraq qiymətləndirdiyi Xudu müəllimə məktub yazaraq ona öz sözlərini göndərirəm. Bu, Xudu müəllimin vaxtilə Xızıda görüb Bakıdan məktublar göndərdiyi o kimsəsiz uşağın illər sonra ona məktubu da adlana bilər:

 

 "İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, Sizə eşq olsun!

 İnsanlar arasında olmayınca ölü və diriliyini necə bilərsən?

Sənə uzun ayrılığın sınağından çıxmış bir məhəbbət gətirmişəm.

Amma Qarabağı yox..."

 

 

P.S. Dekabrın 14-ü həm də Azərbaycana dünya şöhrəti gətirən Rəşid Behbudovun ad günüdür. Oxuduğu nəğmələr ilə nəsillərin yaddaşına köçən, unudulmayan, dəyərdən düşməyən Rəşid Behbudov. "Azərbaycanım", "Ana", "Qızıl üzük", "Bakı", "Zibeydə", "Alagöz", "Laçın", "Uzun gecələr", "Gəlmədin", "Sənə də qalmaz", "Sənsiz", "Ayrılıq", "Qalada yatmış idim" və daha nələr... Bir də Qarabağ. Ondan ötrü, həqiqətən, ölməyə də, öldürməyə də dəyər. Onlar bunu hamımızdan yaxşı bacardı...

Xudu Məmmədov və Rəşid Behbudov - Qarabağdan nigaran gedən, Qarabağdan ötrü lazım gələndə ölməyi bacaran böyük qarabağlılardan ikisi...

 

 Bəxtiyar QARACA,

Azərbaycan.-2012.- 16 dekabr.- S.7.