Sənət sərhəd tanımır
Hindistanda dahi Azərbaycan
şairi Nizami Gəncəvinin
870 illik yubileyinə həsr
olunmuş sərgi keçirilib
Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəvi düşüncəsinin ayrılmaz hissəsinə çevrilib. Böyük sənətkarın bütün həyatı və ədəbi fəaliyyəti o dövrün mədəniyyət mərkəzi kimi tanınmış Gəncənin adı ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb-yaratmış, dünya poeziyasına bir-birindən dəyərli, qiymətli söz inciləri bəxş etmişdir.
Şair ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Onun məşhur "Xəmsə"si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutmuşdur.
Nizami Gəncəvinin 870 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 dekabr 2011-ci il tarixində sərəncam imzalamışdır. Sərəncamın icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 14 mart 2012-ci il tarixdə Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı müvafiq Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına müvafiq, Hindistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş konfransı respublikamızın Hindistandakı səfiri İbrahim Hacıyev açmış, hər iki xalqın görkəmli nizamişünas alimləri irsini təhlil və tədqiq edərkən, əsərlərinin dünya bədii-fəlsəfi fikrinə töhfələrini qeyd etməklə yanaşı, onun Azərbaycan torpağı və millətinə mənsubluğunun danılmaz olduğunu bildirmişlər.
Məruzə və çıxışlarda xüsusi olaraq qeyd edilmişdir ki, irqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən şairin əsərlərində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Humanist hisslərə malik şair müxtəlif dinlərə mənsub olan qəhrəmanların heç birinin milliyyətinə, dini baxışlarına qarşı çıxmırdı. Onun qəhrəmanları haqq-ədalət, öz xalqının xoşbəxtliyi uğrunda mübarizə aparırdılar. İnsan şəxsiyyətinə, əməyinə ehtiram onun yaradıcılığının əsas mövzusudur.
Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Dahi sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış, zəngin kitabxanaları bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.
Nizami Gəncəvi poemalarında xalq sənətlərinə də xüsusi yer ayırmışdır. Uludan-ulu xalçaçılıq sənətinə dərin məhəbbət isə özünü daha parlaq və obrazlı göstərir. Çünki saraylar bəzəyən gözəl xalça təsvirlərinə əsərlərində daha geniş yer verilmişdir. "İsgəndərnamə" əsərinin "Şərəfnamə" hissəsində İsgəndərin Bərdə şəhərinə Nüşabənin sarayına qonaq getməsi haqqında belə yazır:
Bir çox ip əyrilmiş, toxunsun palaz,
Palazın yerini tapmışdır atlas.
"Xosrov və Şirin"də Xosrovun Şirinin qəsrinə getməsini təsvir edərək yazır:
Şahın yollarına göndərib
adam
Xalça ilə, palazla bəzətdi tamam.
Azərbaycanda çox geniş yayılmış xalça
məmulatı olan heybə haqqında isə "Yeddi gözəl" əsərində
belə misralar var:
Yeməyə azuqə götürüb
hərə
Qoyub heybəsinə
çıxdı səfərə.
"Xosrov və Şirin" poemasında Xosrovun ova çıxmasını təsvir
edərkən məfrəş
haqqında şair belə yazır: "Min dəvə, içi gözəl bəzək şeyləri ilə dolu olan ipək
toxunuşlu məfrəşlərlə
yüklənmişdir". Bu
məlumatlar Azərbaycanda
yüksək keyfiyyətli
xalça məmulatları
istehsal edildiyini göstərir.
Nizami Gəncəvinin
süjetləri öz
növbəsində Azərbaycan
incəsənətinə xüsusi
təsir göstərmişdir. Onun əsərləri
ən yaxşı xəttatlar tərəfindən
köçürülür, zəngin və gözəl cildlərə
salınır, miniatürlərlə
bəzədilirdi. Nizami poeziyasının
özünəməxsusluğu Təbriz, Şiraz, İsfahan kimi miniatür məktəblərini
sanki yenidən həyata qaytardı.
Təsadüfi deyildir
ki, Şərq təsviri sənətinin ən parlaq nailiyyəti Təbriz sənətkarlarının Nizami
poemalarının süjeti
əsasında yaratdıqları
miniatürlər ("Dilənçi
qadının Məcnunu
Leylinin qapısına
aparması", "Xosrovun
çimən Şirini
görməsi", 1539-1543-cü illər, Təbriz) olmuşdur. Miniatürlərlə yanaşı, Nizami
obrazları dünya şöhrətli, qədim
süjetli Azərbaycan
xalçalarında mühüm
yer tutur. Onun əsərlərinin gözəllik,
ədalət və xoşbəxtlik uğrunda
ölməz mübarizə
ideyaları xalça
sənətini də dolğunlaşdırdı. Təbriz xalçalarına
xas olan yüksək dekorativ quruluş, rəsmlərin
zərifliyi və incə kolorit artıq XVI əsrdə xalçaçılıq sənəti
üçün örnək
olmuş, klassik sənətin kamil nümunələri kimi Azərbaycan, İran, Türkiyə, Hindistan toxucuları tərəfindən
istifadə edilmişdir.
Nizami poeziyasının
zəngin xəzinəsindən
bəhrələnən xalçaçı-rəssamların
yaratdığı əsərlər:
"Leyli və Məcnunun görüşü"
(Kaşan, XVI əsr),
"Dörd fəsil"
(Təbriz, XIX əsr),
"Leylinin səhrada
Məcnunun görüşünə
getməsi", "Xosrovun
çimən Şirini
görməsi", "Bəhram
Gur və çoban", "Məcnun
vəhşi heyvanlar arasında" (L.Kərimov,
1939-cu il) və s. dahi şairin ölməz obrazlarının
əbədi həyatının
parlaq səhifələridir.
Konfrans çərçivəsində
şairin yaradıcılığını
özündə əks
etdirən sərgi təşkil olunmuşdur. Sərgi
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi, ölkəmizin Hindistandakı
səfirliyi və Nyu-Dehlidə İndira Qandi adına
Milli Mədəniyyət
Mərkəzinin təşkilatçılığı
ilə keçirilmişdir.
Sərgidə Lətif Kərimov
adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövləti
Muzeyinin fondlarında saxlanılan "Xovlu xalçalar" kolleksiyasından
xalq rəssamı Kamil Əliyevin Nizami Gəncəviyə həsr etdiyi xalçalar, xalçaçı-rəssamlar
Eldar Mikayılzadənin
və Gülmurad Bəbirovun Nizami Gəncəvinin süjetlərindən
bəhrələnərək toxuduğu xalçalar nümayiş olunmuşdur.
Nizaminin yaradıcılığına, məşhur əsərlərinə,
o cümlədən "Leyli
və Məcnun"a müraciət edən xalçaçıların, xalq
ustalarının süjet
xətti biri-birindən
maraqlı olan kompozisiyaları öz gözəlliyi ilə qonaqların diqqətini cəlb etmişdir. Onlar bu kompozisiyalara nikbin ştrixlər qataraq, bəşəriyyətin
ən ülvi və əbədi olan məhəbbət hissinin gözəlliyini, şirinliyini ön plana çəkib, xalçada motivin ideyasını daha
monumental, daha əsrarəngiz
ifadə etmişlər.
Sərgidə xalçalarla yanaşı,
"Bədii metal" toplusundan
olan nümunələr,
Saleh Məmmədovun dekorativ bulud nümunələri, Nailə
Sultanovanın çini
üzərində miniatürləri,
Oqtay Əliyevin misdən hazırlanmış
"Bəhram Gur ovda", Malik Qasımovun "Xosrov və Şirin", "Leyli və Məcnun"
dekorativ məcməyiləri
nümayiş olunmuşdur.
Nizami Gəncəvinin əsərləri
əsasında yaradılan
ov səhnəsində
Azərbaycan xalqının
mərd, igid, mübariz, qəhrəman övladlarının obrazları
canlandırılmışdır. Sərgidə təqdim olunan
mis panno - "Ovçuluq" bu baxımdan diqqətəlayiqdir.
Sərgidə nümayiş etdirilən
və tamaşaçıların
marağına səbəb
olan, muzey tərəfindən nəşr
edilən "Azərbaycan
xalçası" kataloqu
və muzeyin direktoru, sənətşünaslıq
elmləri doktoru,
professor Röya Tağıyevanın
"Nizami obrazları
xalçalarda" adlı
kitabı İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin prezidenti cənab R.Qarexana və professor M.Haidara təqdim edilmişdir.
Tədbir çərçivəsində Azərbaycanın incəsənət
ustaları maraqlı konsert proqramı ilə çıxış
edərək Hindistan tamaşaçılarını bir daha əsrarəngiz
musiqilərimizlə heyrətləndirmişlər.
Hindistanın Nyu-Dehli şəhərində
keçirilən silsilə
tədbirlər Azərbaycanın
dahi şairinin qəlblərdə əsrlərlə
yaşadığını və sevildiyini bir daha sübut
etmişdir.
Rəma ZEYNALOVA,
L.Kərimov adına Azərbaycan Xalçası
və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin böyük
elmi işçisi
Azərbaycan.-2012.- 16 dekabr.- S.8.