Azərbaycan Prezidenti İlham Əliyev Böyük
Britaniya
parlamentinin
üzvü Nik de Buanı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Böyük Britaniya parlamentinin üzvü Nik de Buanı qəbul etmişdir.
Nik de Bua Böyük Britaniyanın Baş naziri Devid Kemeronun salamlarını və məktubunu dövlət başçısına çatdırdı. Məktubda Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanmış, ölkələrimizin qeyri-neft, biznes, ticarət sahələrində əməkdaşlığının daha da genişləndirilməsinə dair məsələlər əksini tapmışdır. Nik de Bua Baş nazir Devid Kemeronun Azərbaycanı Böyük Britaniya üçün çox vacib tərəfdaş ölkə hesab etdiyini dedi. O, Baş nazir Devid Kemeronun Prezident İlham Əliyev ilə XXX London Yay Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırladığını deyərək bu yarışlarda Azərbaycan idmançılarının uğurlar qazanmasının önəmini vurğuladı. Nik de Bua 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə Devid Kemeronun təbriklərini də dövlət başçısına çatdırdı və ilk Avropa Olimpiya Oyunlarının Bakıda uğurla keçiriləcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı öz növbəsində Böyük Britaniyanın Baş naziri Devid Kemeronla XXX London Yay Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırladı. Azərbaycan ilə Böyük Britaniya arasında uzunmüddətli tarixi əlaqələrin mövcud olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlət başçısı ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələrdə gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Devid Kemeronun salamlarına və məktubuna görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2012.- 18 dekabr.- S.1.