Azərbaycan Çin ilə müxtəlif sahələrdə

 əməkdaşlığın inkişafında maraqlıdır

 

Dekabrın 17-də  Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenlə görüşdü.

Azərbaycan-Çin əlaqələrinin daim inkişaf etdiyini vurğulayan Oqtay Əsədov bildirdi ki, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün hüquqi baza var. Azərbaycan Çin ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır və bu siyasət bundan sonra da davam edəcəkdir.

Milli Məclisin Sədri ölkəmizin iqtisadi inkişafından söz açaraq Cənubi Qafqazda istehsal olunan ümumi daxili məhsulun 80 faizinin Azərbaycanın payına düşdüyünü söylədi: "Azərbaycan regionda həyata keçirilən iqtisadi layihələrin həm birbaşa təşəbbüskarı, həm də iştirakçısıdır. Bu da Azərbaycanın təkcə regionda deyil, bütün dünyada nüfuzunun artmasına xidmət edir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır".

Bay Liçen isə diqqətə çatdırdı ki, Azərbaycanın sürətli inkişafı və regionda lider dövlət olması Çin xalqını sevindirir. Çin Xalq Respublikası Cənubi Qafqaz regionunun bu cür inkişaf etmiş ölkəsi ilə münasibətlərin genişlənməsində maraqlıdır. Qonaq eyni zamanda bildirdi ki, rəsmi Pekin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir və bu siyasət dəyişməyəcəkdir.

Azərbaycan-Çin əlaqələrinin dərin köklərinin olduğunu vurğulayan Bay Liçen son 10 il ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, Bakının dünyanın gözəl şəhərlərindən birinə çevrildiyini xüsusi qeyd etdi.

Görüşdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Bay Liçen dedi ki, Çin 30 il əvvəl xarici sərmayəçiləri ölkəyə dəvət edirdi. İndi isə bu ölkənin özü xarici dövlətlərə investisiya qoyur. Azərbaycan isə qısa zamanda çox böyük sürətli inkişaf yolu keçmiş və hazırda özü xarici ölkələrin iqtisadiyyatına sərmayə qoyan ölkəyə çevrilib. Hər iki ölkənin investorlarının bir araya gəlməsi üçün isə birgə forumun keçirilməsinə ehtiyac var.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə əməkdaşlıq, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı. 

 

Azərbaycan.-2012.- 18 dekabr.- S.2.