Çinli qonaqlar Milli Azərbaycan Tarixi Muzeyindən

 xoş təəssüratla ayrılmışlar

 

Çin Xalq Respublikası Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi sədrinin müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində dekabrın 17-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.

AzərTAc xəbər verir ki, çinli qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, muzeyin yerləşdiyi Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox qiymətli eksponatlar toplanmışdır.

Qeyd edilmişdir ki, 150-dən çox işçisi olan muzey həm də Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə əsaslı təmir olunmuşyeni görkəm almışdır.

Qonaqlar muzeyin ekspozisiya zalında Azərbaycanın qədim dövrlərdən XVIII əsrədək tarixinə dair maddi-mədəniyyət nümunələri ilə tanış olmuşlar. Burada nümayiş etdirilən müxtəlif dövrlərə aid silahlar, sənətkarlıq nümunələri, əski kitablar və əlyazmalar qonaqların diqqətini daha çox cəlb etmişdir.

Xüsusi vurğulanmışdır ki, burada nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

Sonra qonaqlar hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları ilə tanış olmuşlar. Nümayəndə heyətinə müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı olmuş hacı Zeynalabdin Tağıyev haqqında məlumat verilmişdir.

Xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar çinli qonaqlar tərəfindən maraqla qarşılanmışdır.   

Muzeylə tanışlıqdan xoş təəssürat alan Çin Xalq Respublikası Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi sədrinin müavini Bay Liçen xatirə kitabına ürək sözlərini yazmışdır.

 

Azərbaycan.-2012.- 18 dekabr.- S.2.