Çin və Azərbaycan ticarət
dövriyyəsinin həcmini artıra bilərlər
"Azərbaycan və Çin hazırda yüksək inkişaf tempi nümayiş etdirən ölkələrdir və iqtisadi əlaqələrin inkişafı üçün görüləcək iş potensialı çoxdur". Bu fikri Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin (ÇXSKŞ ÜK) sədr müavini Bay Liçen dünən Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun görüşündə söylədi.
Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirdi ki, bu səfər iki ölkə arasında olan dostluq münasibətlərini daha da möhkəmləndirəcək və ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək: "İki ölkənin parlamenti arasında olan işçi qrupunun fəaliyyəti bu qəbildən olan qrupların ən fəalıdır. Bu da hər iki ölkə arasında olan dostluq münasibətlərində özünü göstərir. İnanıram ki, işçi qruplarının fəaliyyəti iki ölkənin dostluğuna böyük töhfə verəcək. Azərbaycan və Çin arasında münasibətlər dərin tarixi köklərə malikdir. Biz Azərbaycanda Çinin sürətli inkişafını izləyir və qarşılıqlı səfərlərimizlə buna stimul veririk". Əli Əhmədov onu da bildirdi ki, Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Azərbaycanın da Çinə olan yaxşı münasibəti iki ölkə arasında siyasi sahədə də sıx əlaqələr qurmağa şərait yaradır. Eyni zamanda inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatı xarici sərmayələr üçün açıqdır. Bu isə imkan verir ki, çinli sahibkarlar Azərbaycana sərmayə yatırsın. Çin və Azərbaycan qarşılıqlı əməkdaşlıq nəticəsində ticarət dövriyyəsinin həcmini artıra bilər.
Azərbaycanda
son illərdə gedən inkişafdan söz açan Bay
Liçen qeyd etdi ki, əməkdaşlıq iki ölkənin
xalqlarının rifahının yüksəlməsinə xidmət
edir. Onun sözlərinə görə,
iki ölkənin parlamentləri
arasındakı dostluq əlaqələri
və iqtisadi münasibətlər artan templə inkişaf edir: "Beynəlxalq arenada
əməkdaşlığımız və bir-birimizə dəstək
verməyimiz regionda sabitliyin
və sülhün bərqərar
olmasında mühüm əhəmiyyət
kəsb edir".
Azərbaycan.-2012.- 18 dekabr.- S.2.