Azərbaycan və Argentina
arasında gömrük sahəsində əməkdaşlığın
genişləndirilməsi
məsələsi müzakirə olunmuşdur
Dekabrın 17-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
DGK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Aydın Əliyev bu gün davamlı iqtisadi inkişaf tempi ilə irəliləyən Azərbaycanın dünya dövlətləri, o cümlədən Argentina ilə digər sahələrdə olduğu kimi, gömrük sahəsində də sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu bildirmişdir.
DGK-nın sədri ötən ilin fevralında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Argentinaya səfərini xatırlatmış, bu səfərin sözügedən ölkənin Gömrük İdarəsinin fəaliyyəti ilə yaxından tanışlıq və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün çox faydalı olduğunu bildirmişdir. O, səfər zamanı "Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini demişdir. A.Əliyev Buenos-Ayresdə keçirilən "Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından" mövzusunda sərgini də məmnunluqla xatırlamışdır.
Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının rəhbəri Rikardo Eçeqaray Azərbaycana ilk dəfə səfərə gəldiyini, ölkəmizdə iqtisadi tərəqqinin şahidi olduğunu bildirmişdir.
Argentina hökumətinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirən Rikardo Eçeqaray iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır. Qonaq ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin rolundan danışmışdır.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2012.- 18 dekabr.- S.3.