Stokholmda «Azərbaycan həqiqətləri» mövzusunda

kitab sərgisi olmuşdur

 

Stokholmda Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Azərbaycan-İsveç Federasiyasının (AFİ) təşkilatçılığı ilə "Azərbaycan həqiqətləri" mövzusunda kitab sərgisi keçirilmişdir.

AzərTAc xəbər verir ki, sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Qaradağlı faciəsindən bəhs edən, həmçinin ölkəmizin tarixibu günü barədə kitablar nümayiş olunmuşdur.

Sərginin keçilməsində məqsəd həm bu ölkədə yaşayan soydaşlarımızı, həm də İsveç ictimaiyyətini Azərbaycan həqiqətləri, ölkəmizin bugünkü inkişafı, turizm imkanları barədə məlumatlandırmaq olmuşdur.

Tədbirdə çıxış edən AFİ-nin rəhbəri Səttar Sevigin sərginin əhəmiyyəti barədə iştirakçılara məlumat vermiş, Azərbaycandan uzaqda yaşayan soydaşlarımızda ölkəmiz haqqında təsəvvürlərin formalaşmasında belə sərgilərin təşkilinin vacibliyini diqqətə çatdırmışdır. AFİ rəhbəri bildirmişdir ki, dünya ictimaiyyətinə Azərbaycan reallıqlarının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların çatdırılması hər bir azərbaycanlı üçün prioritet olan məsələlərdən biridir: "Bu işdə xaricdə yaşayan soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Azərbaycanlıların yaşadığı faciələri, Xocalı soyqırımını dünyaya çatdırmaq bizim ümdə vəzifəmizdir. Bunun üçün isə ilk növbədə, dəqiq faktlara və sənədlərə əsaslanan kitablara, fotoşəkillərə və filmlərə böyük ehtiyac vardır. Azərbaycanda bununla bağlı kifayət qədər ədəbiyyat olsa da, ölkədən kənarda yaşayan həmvətənlərimizin bu nəşrləri əldə etməsində bəzən çətinliklər yaranır".

S.Sevigin rəhbərlik etdiyi Federasiyanın AzərTAc-la birlikdə həyata keçirdiyi layihənin nəticəsi olaraq Bakıdan gətirilən Heydər Əliyev Fondunun nəşr etdiyi kitab və bröşürlərin, həmçinin Azərbaycan tarixi, dili, turizm imkanları və bugünkü inkişafını əks etdirən nəşrlərin İsveçin aparıcı kitabxanalarında yerləşdirildiyini bildirmişdir. AFİ rəhbəri bu layihənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu demiş, bu təşəbbüsün həyata keçirilməsində verdiyi dəstəyə görə AzərTAc-ın rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış edənlər də layihənin təşkilatçılarına təşəkkürlərini bildirmiş, İsveçdə yaşayan azərbaycanlıların, xüsusən də uşaqların məlumatlandırılmasında belə təşəbbüslərə böyük ehtiyac olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan reallıqlarını özündə əks etdirilən bu kitablar Stokholmda fəaliyyət göstərən kitabxanalara çatdırılacaqdır.

Sonda sərgiyə baxış keçirilmiş, tədbir iştirakçılarına Azərbaycanın milli şirniyyatları təqdim edilmişdir.

 

Azərbaycan.-2012.- 18 dekabr.- S.3.