Mərkəzləşdirilmiş Azərbaycan
dövlətinin banisi
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı şəxsiyyət kimi" ictimai rəyi səfərbər edən məqaləsi çox vacib bir vaxtda meydana çıxmışdır. Məqalədə Azərbaycan tarixinin taleyüklü məsələlərinə müraciət edilir və tariximizin tədqiq edilməsinin metodologiyasının müəyyənləşdirilməsinə proqram verilmişdir. Bu qeyd olunan cəhətlərdən başlayaraq məqalə müəllifi ilə bir tarixçi olaraq fikirlərimi bölüşdürməyə ehtiyac duydum.
Artıq son yüz ildə xaricdə və ölkədə aparılan tədqiqatlarda isbat edilmişdir ki, tarixin ən qədim dövrlərindən başlayaraq bütöv Azərbaycan coğrafiyası türk yurdu olmuşdur. Arxeoloji, etnoqrafik, numizmatik, dilçilik və başqa tədqiqatlar aydın şəkildə sübut etmişdir ki, ən qədim dövrdən başlayaraq Anadolu və Qafqaz türk yurdu olub. Mannalıların, midiyalıların, atropatenalıların dövrünün türk dövrü olaraq qəbul edilməsinin vaxtı çoxdan çatmışdır. Tarixi metodoloji yanlışlığımız ondan ibarət olmuşdur ki, Qafqazda və Anadoluda region xalqlarının etnik mənsubiyyətini hökmdarın etnik mənsubiyyəti ilə eyniləşdirmişik. Halbuki tarixin müxtəlif dövrlərində yabançıların hakimiyyətdə olduğu çox sayda etnik coğrafiyaları saymaq mümkündür.
Tariximizin uzun illər mübahisəli olan məsələləri elmi cəhətdən həll edilmiş, nəticələr ortaya qoyulmuşdur. Onların qəbul edilib Azərbaycan tarixi kitablarında əks olunması və xalqa təqdim edilməsi lazımdır.
Bədxahlarımz, onların sayı müxtəlif amillərin təsiri ilə çoxdur. Ona görə ki, bədxahlarımızla və onları dəstəkləyənlərlə müqayisə etdikdə türklər, o cümlədən Azərbaycan türkləri çox böyük tarixi keçmişə, dövlətçilik təcrübəsinə malikdir. Məşhurlarımızın çoxu etiraf etməliyik ki, öz əzəmətlərinə görə minillikləri aşa bilmiş və varisləri olan bizlərə onları tanımaq və bundan sonra tanıtmaq imkanı vermişlər. Doğrudanmı, bədxahlarımızın şüurunda Azərbaycan və onun tarixi haqqında hələ də yanlış təsəvvürlər yaranmaqdadır? Həqiqətən də bədxahlarımızın təmsil etdikləri xalqın şüurunda məqsədli olaraq yanlış təsəvvürlər yaradılması dövlət proqramı səviyyəsində hazırlanmış və həyata keçirilmişdir. Ona görə də alimlərimiz Azərbaycan millətinin tarixinin mənəvi sərhədlərinin keşiyində güzəştsiz və barışmaz olmalıdır.
Bədxahlarımızın dövlətləri və onların ideoloqları akademik Ramiz Mehdiyevin haqlı qeyd etdiyi kimi, anlamazlıq sindromundan istifadə edirlər. Bu sahədə bütün yollardan istifadə edir və "məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur" prinsipi ilə hərəkət edirlər. Bugünkü "başabəla tədqiqatçıların" çoxunun bədxahlarımızın dəyirmanına su tökdüklərini görmək üçün tədqiqat aparmağa ehtiyac yoxdur! Hər şey göz qarşısındadır! Bu gün auditoriya elektronlaşdığı üçün böhtanlar sürətlə dünyada yayılır.
Akademik Ramiz Mehdiyevin "tarixin dərk olunmasında siyasət müəyyənedici rol oynayır", "ya öz keçmişimizi inkar edirik", ya da "yalnız keçmişlə yaşamaqda davam edirik" fikirləri tarixi tədqiqatlarımızın metodologiyasında olan yanlışlıqları aşkar etməkdə mühüm göstəricidir. Ona görə ki, xalqın tarixi və tarixi yaddaşı məsələsi çox mühüm əhəmiyyət kəsb edir. Xalqın tarixi və tarixi yaddaşı arasında zəruri əlaqə ondan ibarətdir ki, onlardan birinci müəyyənedici, ikinci müəyyənediləndir. Ona görə də Azərbaycan türklərinin tarixi yaddaşı tariximizin ekvivalenti olmalıdır. Bunun gerçəkləşməsinə nail olunması yolu real tarixin tarixi yaddaşa çevrilməsi, onun təftiş edilməsinə yol verilməməsidir.
Bir xalq olaraq yol göstərənlərimiz bizi unutqanlıq sindromundan qorunmağa çağırmışlar. Lakin unutqanlıq sindromuna qarşı apardığımız mübarizədə çox halda uğursuzluğa uğradığımızın dəfələrlə şahidi və qurbanı olmuşuq. Çox halda tariximizlə əlaqədar olaraq hazırlanan bədxah "manifestolara" əhəmiyyət verməmiş, "xaricidir", "qonaqdır", "qapımıza gəlib", - deyib yan keçmişik. Onlar daha da ürəklənmiş və tariximizə qarşı nifrətlə köklənmiş, saxta "mənbələrə" əsaslanan kitablar çap etdirərək lazım olan ölkələrin kitabxanalarına yerləşdirmişlər.
Heç təsadüfi deyil ki, akademik haqlı olaraq bizim hər birimizi ayıq olmağa, milli tariximizin tərxis gözləməyən keşikçisi olmağa çağıraraq bildirmişdir ki, hər birimiz "özümüzü ən azı bu tarixin bir hissəsi kimi dərk etməyə başlamalıyıq" və "özünün kim olmasını" bilməliyik. O zaman milli tariximizə və şəxsiyyətlərimizə qarşı çevrilmiş bütün böhtançılara və sapı özümüzdən olan baltalara qarşı mübariz və amansız ola bilərik. Hamını qorumaq böyük məziyyət olsa da, tarixi irsimizi qorumaq və dünyaya çatdırmaq ondan irəlidə durmalıdır. Bu, millətin tarixinə sahib çıxmasının qızıl qanunudur. Qızıl qanun pozulduqda xalq çox fəlakətlərə mübtəla olur.
Məqalədə keçmişlə müasirlik arasında körpünün zəruriliyi xüsusi qeyd edilir. Bu, onunla əlaqədardır ki, keçmişin unudulması bugünkü tarixə ciddi şəkildə təsir göstərir. Əslində, böyük xalqların (bu, Azərbaycana da aiddir) - dövlətçilik səltənətinin bünövrəsində möhtəşəm keçmiş dayanır. Dövlətçilik sarayı əzəmətli keçmişin üzərində qurulur. Bu mənada, müasir tariximiz keçmiş tarixin müasirləşməsidir.
Buna görə də bədxahlarımız saxta tarixə sahib olduqlarından real gerçək tarixdən xəbərsizdirlər. "Erməni xalqının tarixi" kitabını oxuyanda çox mətləblər aydın olur. Ermənilər indiki Ermənistanın onların olmadığını dəqiq bilirlər. Buna görə də ermənilər tarix boyunca real tarix olmadığından saxta tarix yaratmaqda ixtisaslaşmışlar. Əslində, ermənilərin tarixi real tarixdə deyil, kitablarda yaradılmışdır!
Məqalədə xüsusi olaraq qeyd edilən məsələlərdən biri də "insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir", "öz keçmişinizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır" xəbərdarlığı bu sahədəki bağışlanılmaz nöqsanlarımızın zəruri nəticəsidir. Dünyada ikinci elə bir millət ola bilməz ki, dünyaya bu qədər böyük zəkalar, söz sahibləri, sərkərdələr versin. Azərbaycan türklərinin dünyaya təqdim etdiyi siyasət korifeyləri bu millətin tarix boyunca sahib olduğu mənəvi zənginliyimizin bir daha təsdiqidir. Bu korifeylərin mənəvi və praktiki irsləri ölkəmiz və xalqımız üçün yolgöstərən ulduz olmuşdur.
Məqalədə önə çəkilən əsas məsələ Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvi ilə əlaqədardır. Göstərilir ki, "Səfəvilər hərəkatının mərkəzləşdirilmiş Azərbaycan dövləti yaradılması uğrunda strategiyasının məqsədi və məzmunu" açılmadan ona düzgün qiymət vermək mümkün deyildir. Buna görə də Şah İsmayıl Səfəvinin bədxahlarının, əslində, tariximizin təftişçilərinin istifadə etdiyi faktlara, həmçinin "arxiv sənədlərinə" də diqqət yertirməyə ehtiyac vardır. Arxivdən tapılan hər sənədə arxayın olmaq olarmı? Xeyr! Ona görə ki, arxivlər də "müdaxilədən" sığortalanmamışdır. Şah İsmayıl haqqında yazanların etnik, siyasi kimliklərinə çox halda əhəmiyyət verilmir. Çoxlarının Şah İsmayılla əlaqədar istifadə etdikləri mənbələr ciddi təhlil edilmir. Mənbənin və ya mənbələrə müdaxilə sayəsində mövcud olan sənədin elmi dəyəri axıradək dəyərləndirilmir! Yanlış mənbələrə əsasən, aparılan "tədqiqat" səhv nəticələr alınması ilə nəticələnir. Tarixi həqiqət daha da dolaşdırılır, aydınlaşdırmaq imkanı daha da azalır.
"Tədqiqatlarda" "faktların elmliyə və tarixi təfəkkürə üstün gəlməsi" aydın şəkildə görünür. Çox halda özünü elm adamı, ziyalı hesab edənlər qondarma faktlar əsasında Şah İsmayıla qərəzli siyasi tərcümeyi-hal hazırlayırlar. Səfəvilər dövlətinin yaranmasından keçən müddət ərzində qərəzli, çox halda mənbəyi bəlli olmayan məlumatlar hesabına Şah İsmayıl Səfəvinin tarixi dolaşdırılır. Bunu yalnız xarici müəlliflər deyil, özünü iddialı olaraq ziyalı adlandıranlarımız da edirlər!
Belə tədqiqatçılar yanlış olaraq əksər hallarda Şah İsmayılın tərcümeyi-halına dini hərəkatlar prizmasından baxırlar. Məhdudluqları və ucuz tədqiqatlar apardıqlarından onu heç cür anlamaq və qəbul etmək istəmirlər ki, Şah İsmayıl dini deyil, dünyəvi hökmdar olmuşdur! Onun üçün dini hərəkat və ya dini təəssübkeşlik aparıcı amil deyil, böyük məqsədini həyata keçirmək üçün vasitə olmuşdur! Orta əsrlərdə dünyanın harasında olmasından asılı olmayaraq, dini hərəkatdan azad hərəkat olmamışdır! Dini hərəkatı vasitə hesab edən Şah İsmayıl üçün mərkəzləşdirilmiş Azərbaycan dövləti əsas idi. Azərbaycan Səfəvi Dövləti Avropa monarxları kimi dünyəvi dövlət idi. Şah İsmayıl dövlətində islam dininin şiəlik qolu nə qədər qüvvətli olsa da, siyasi idarədə din xadimləri deyil, mülki şəxslər, tayfa rəhbərləri, el içindən çıxmış sərkərdələr rəhbərlik edirdilər. Şah İsmayılın fəth proqramında da dini vasitələr aparıcı olmayıb, siyasi, dünyəvi və strateji məqsədlərin həyata keçirilməsi üçün vasitə idi.
F.Ələkbərli kimi yazanlara və ya televiziyada ayrı-ayrı proqramlarda iştirak edən ziyalıların nəzərinə çatdırmaq istəyirəm ki, Şah İsmayıl qürur mənbəyi olan tariximizin sıravi simalarından deyil, Ərdəbil mülkündən başlayaraq qısa müddətdə mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmış siyasi xadimdir. Şah İsmayılı yalnız ona bərabər ola biləcək şəxsiyyətlər qiymətləndirər və özlərində səlahiyyət tapsalar, tənqid edə bilərlər.
"Birmənalı olmayan simalar" (F.Ələkbərli) nə deməkdir? Müəllif 2012-ci ildə 512 il əvvəl 1,5 milyon kvadratkilometr əraziyə sahib olan dövlətin banisi Şah İsmayılda yeni, əlavə mənalar "kəşf edir". Şah İsmayıl dünyada, xüsusən Azərbaycan tarixində olan elə simalardandır ki, o, yalnız Azərbaycan üçün yaşamışdır. Bir sıra tədqiqatçılar böyük simalarda qara ləkələr tapıb özlərinin "böyüklüyünü" isbat etmək istəyirlər. Bu kimi müəlliflər unutmamalıdırlar ki, şanlı tariximizdə dərin iz qoyan simalarda nöqsanlar aşkar etməyə çalışmaq Azərbaycan tarixini baltalamaqdan başqa bir təşəbbüs deyildir!
Unudulmamalıdır ki, dünyanın hər yerində mərkəzləşdirilmiş dövlətlərin tarixi alman dövlətinin banisi Bismarkın deyimi ilə ifadə etsək, "qılınc və qanla" yazılmışdır. Şirvanşahlara səfərində Şah İsmayıl üçün ən ali məqsəd Azərbaycan dövlətini mərkəzləşdirmək idi. Heç təsadüfi deyil ki, Şirvanşahlara hücum dövründə Şah İsmayılın ətrafında olanlardan bir qrupu Gülüstan qalasının alınmasını təklif etdikdə o, hərbi şura üzvlərinə "Siz Azərbaycan səltənətini, yoxsa Gülüstan qalasını istəyirsiniz?" demiş və Gülüstan qalasından yan keçərək Şirvanşahları da tabe edərək mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmaq planını reallaşdırmışdır.
Şah İsmayılın Osmanlı imperiyası ilə apardığı müharibələrə çox halda bu günün prizmasından yanlış olaraq tarixi reallıqla heç bir əlaqəsi olmayan və xaricilərin tapşırığı ilə hazırlanan, reallaşmaqda olan türk dünyası birliyinə mane olmaq məqsədi daşıyan televiziya seriallarının təsiri altında baxılır. Avropada 30 illik, 100 illik və başqa uzun sürən müharibələrdə iştirak edən dövlətlərin insanları o zamanın siyasi reallığını qəbul etmiş, qeyd olunan müharibələrdən düzgün nəticə çıxarmış, "sülhün müharibədən yaxşı olduğunu" qəbul edərək müharibəsiz Avropa ideyasını reallaşdırmaq üçün Avropa Birliyini qurmuşlar. Bizim də yolumuz Azərbaycan Səfəvilər dövləti ilə Osmanlı dövləti arasında olan müharibələrin səbəbini axtarmaq və onlar üzərində "məhkəmə" qurmaq əvəzinə Türk Dövlətlərinin Birliyini qurmaqdır! Bu, ən düzgün nəticə olar!
Müharibələrdə udmaq və ya uduzmaq heç də udanın haqlı, uduzanın haqsız olmasının təsdiqi deyildir! Bu gün hər birimiz Osmanlı-Səfəvi müharibələrinə təəssüf hissi ilə baxırıq. Dünya tarixində qardaş qılıncından ölənlər təkcə Osmanlı-Səfəvi hadisəsi deyildir. Dünyanın ayrı-ayrı qitələrində daha amansız nümunələr var. Müəlliflərin Osmanlı Səfəvi müharibələrini "Şah İsmayıl başladı" fikrini isbat etmək çox çətin, faktiki olaraq imkansızdır. Müharibədə iki tərəf olur, onların qarşılaşması müharibəni reallaşdırır.
Şah İsmayıla yaratmış olduğu mərkəzləşdirilmiş Azərbaycan dövlətinə və dövlət dili statusu qazanmış Azərbaycan türkcəsinə görə qiymət verdikdə onun nə qədər əlçatmaz zirvədə olduğu aydın görünür!
Bir sıra müəlliflərin tarixi tədqiqatçılıq konsepsiyasının yanlışlığı ondadır ki, bir çox halda hansı hissin təsiri altındasa hətta işğalçıya belə haqq qazandırır və onun adını özündən başqa heç kimin qəbul etmədiyi şəkildə obyektiv tədqiqatçılıq metodu adlandırır. Bir çoxları sovet dövründə yazırdılar: "Yaxşı ki, Rusiya gəlib xanlıqları işğal etdi. Yoxsa xanlıqlar bir-birini qıracaqdılar". Bu, bizim bəzi ziyalılarımızın tarixçilik təfəkkürü! XIX əsrdə Almaniyada 300-dən artıq kiçik dövlətlər (xanlıqlara oxşar) var idi. Onların birləşdirilməsi nəticəsində Almaniya dövləti yaradıldı.
Şah İsmayılın mərkəzləşdirilmiş Azərbaycan dövləti 250 il mövcud olmuş və XVIII əsrin ortalarında mərkəzi hakimiyyətin zəifləməsi ilə əlaqədar xanlıqlara parçalanmışdır.
Din, təriqət savaşlarını bu günə gətirmək, mövqe tutmaq yanlışdır. G.Gəncalp tarixçi olmadığı üçün Avropadakı din-təriqət müharibələrindən görünür ki, xəbərsizdir. Avropada min illərlə din-təriqət müharibələri getmiş, saysız-hesabsız qırğınlar olmuşdur. Avropa müəllifləri indi günah axtarmaqdan çox uzaqdırlar. Kim varisi olduğumuz "səfəviyyətə qarşı bir etiraz manifestosu" yaradırsa, anlamalıdır ki, Səfəvilər torpağında su içməyə, hətta hava udmaq haqqına sahib deyildir! G.Gəncalpın məqsədi onun yanlış, böhtançı fikrini yaradır. Əslində, səfəvilərin tarix səhnəsinə gəlməsi ilə siyasi Azərbaycan elitası meydana çıxmış, bölgədə siyasi proseslərə yeni türkçülük istiqaməti verilmişdir.
Şah İsmayıl Şeyx Səfiyəddinin təşkil etdiyi "Səfəviyyə" sufi ordeninin varisi olsa da, onun fəaliyyətinin ana xətti mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılması olmuşdur. Bir çox başabəla "tarixçilərimiz" görkəmli şərqşünas İ.P.Petruşevskinin "Səfəvilər şiəlik bayrağı altında Azərbaycanı siyasi cəhətdən birləşdirmək məqsədi daşıyan hərəkatı inkişaf etdirdilər" fikrindən dərs almalıdırlar. Elmi obyektivlik buna deyilir!
Şah İsmayıl ona görə yüksək zirvədə dayanır ki, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövləti - Azərbaycan Səfəvilər dövlətinin qurucusu olmuşdur. Dünyanın hər yerində millət haqlı olaraq qurucu rəhbərləri müqəddəsləşdirir və ona tənqid olunmaz statusu verirlər! Bəs biz nə vaxt buna nail olacağıq?
Şah İsmayılı "Milli İran Dövləti qurmaqda" günahlandırmaq, ya siyasi məqsədə xidmət etməkdən, ya da tarixi bilməzlikdən irəli gəlir. Şah İsmayılın vaxtında da əhalinin türk-fars nisbəti İran coğrafiyasında bugünkündən fərqli olmayıb. Şah İsmayıl çoxluğun - türklərin təmsil olunduğu mərkəzləşdirilmiş Azərbaycan dövlətinin qurucusu idi. Şah İsmayılı İran dövlətinə (İran yaylasının xilafətin tərkibinə daxil ediməsi ilə tarixi İran dövləti dağılmışdır. 1925-ci ilə qədər İran yaylasında İran adında dövlət olmamışdır) qulluq etməkdə günahlandırmaq da qəbuledilməzdir.
Səfəvilərin mənşəyi ilə əlaqədar tədqiqatlar onların türk olduğunu çox sayda faktlarla təsdiq etmişdir və heç bir mübahisəyə yer qoymamışdır. Bədnam niyyətli qonşular yalnız torpağa deyil, mədəniyyətə də, şəxsiyyətlərə də sahib olmağa çalışırlar. Əvvəlcə saxta sənədlər vasitəsilə görkəmli şəxsiyyətlərin tərcümeyi-halına müdaxilə edir, sonra saxta sənədlərə arxalanaraq görkəmli şəxsiyyətlərimizə sahib çıxmağa çalışırlar.
Onlara ən döğru və əsaslı cavabı Şah İsmayıl verir, özünü mərkəzləşmiş Azərbaycan dövlətinin banisi və fədaisi hesab edir. Xorasan hökmdarı Hüseyn Bayqaranın Azərbaycan xalqının böyük oğlu (M.D.Mikluko-Maklay) Şah İsmayıla dünyada "istirahətin, eyş-işrətin" olduğunu xatırlatması ilə əlaqədar olaraq "onlara sərf olunası vaxtım yoxdur. Mənim müqəddəs vəzifəm Azərbaycan dövlətinin sərhədlərini qorumaqdır" yazırdı. Vəsiyyətnaməsində "Əldə qılınc qələbələr qazanaraq parçalanmış vətəni birləşdirməyə çalışdım" yazılmışdır.
Şah İsmayıl Səfəvi Azərbaycan tarixinin müqəddəsi elan edilməli, nəinki onu tənqid etmək, onun fəaliyyətində səhvlər axtarılmasına cəhd göstərmək qadağan edilməlidir! Şah İsmayıl mərkəzləşmiş Azərbaycan Səfəvi dövlətini quran tarixi şəxsiyyətimizdir. Onu tariximizdə yalnız ümummilli lider Heydər Əliyevlə müqayisə etmək olar!
Şah İsmayıl Azərbaycan türkcəsində divan yarada biləcək qədər şeirlər yazmışdır. "Azərbaycan dili İsmayılın ana dili idi" (Petruşevski) "Şah İsmayıl türk dilini sarayın rəsmi dili etmişdir". (Nəsrulla Fəlsəfi) Səfəvilər sülaləsinin hakimiyyətinin sonuna qədər sarayın rəsmi dili olaraq türk dili qaldı.
Səfəvilərin hakimiyyətinin əhatə etdiyi coğrafiyada əsas ünsiyyət vasitəsi Azərbaycan türkcəsi idi. Azərbaycan dili İran yaylasının, İraqın, Anadolunun və qismən də Kiçik Asiya regionunun müxtəlif tayfalarından ibarət türkdilli əhalisi üçün ədəbi dilə çevrildi. Akademikin məqaləsində göstərildiyi kimi, Şah İsmayıl şairlərimizin "başqa dillərdə yazıb-yaratması ənənəsinə birdəfəlik son qoydu".
Şah İsmayılın Azərbaycan-türk hökmdarı (Nəsrulla Fəlsəfi) olmasını ondan da görmək olar ki, o, Azərbaycan türkləri içərisindən çıxmış elmli adamları, alimləri, şairləri, memarları öz ətrafında birləşdirməklə dövlətçiliyin elmi və yaradıcı potensialını formalaşdırırdı.
Düşmənlərimiz, bədxahlarımız və onların varisləri 500 ildən artıq bir müddətdir ki, Şah İsmayıl və Səfəvilərə qarşı saxtalaşdırmalara çalışırlar. Saxta əsərlər heç bir dəyəri olmasına baxmayaraq, arxivləşdirilmiş, arxivdə olan hər "sənədi" bütləşdirən tədqiqatçılar onlardan istifadə edib genetik iddialarını doğrultmağa çalışırlar. Şah İsmayıl dövrü Azərbaycan dövlətinin intibah dövrünün yeni mərhələsidir!
Şah İsmayıl böyük diplomat idi. Şah İsmayıl Azərbaycanın dövlətçilik ənənələrinin, polietnik dövlət ənənələrinin inkişafında yeni mərhələnin yaradıcısıdır. O, xarici siyasət mexanizmini hazırlamışdır. Əslində, Şah İsmayıl dövründə də akademik Ramiz Mehdiyevin göstərdiyi kimi, "müasir dövrdə bizim azərbaycançılıq ideyası kimi qavradığımız fenomeni formalaşdırırdı".
Şah İsmayıl dövlətçilik zirvəsinin toxunulmazlığını şərtləndirən amillərdən biri ondan ibarətdir ki, ona qədər Azərbaycan hökmdarlarından heç biri Səfəvilər dövlətinin sərhədləri daxilindəki torpaqları vahid Azərbaycan bayrağı altında birləşdirə bilməmişdilər. Azərbaycanlıların orta əsrlərdə ən güclü etnosiyasi amil kimi tarix səhnəsinə çıxması Səfəvilər dövrünə aiddir və onların tarixi xidmətidir.
Şah İsmayıla opponentlik xəstəliyi böyük qəbahətdir! Dünyanın heç bir xalqı tarixlərində Şah İsmayıl qədər ad qoymuş liderinə qarşı opponenti nəinki bağışlamaz, hətta onu cəzasız buraxmazlar!
Şah İsmayıl və onun tərəfdarları üçün şiəlik təriqəti xalq kütlələrini vahid mərkəz ətrafında birləşdirmək, strateji məqsədlərə nail olmaq üçün birləşdirici ideya idi. Şah İsmayıl dövlətçilik uğrunda fasiləsiz mübarizəsində dini ideologiyadan çox, siyasi doktrinaya əməl edirdi.
İnsanlar özləri cavan görünmək istədikləri halda təmsil olunduqları nəsillərinin tarixinin qədimliyinə nail olmağa çalışırlar. Bu, onunla əlaqədardır ki, bütün xalqlarda nəsillərin qədimliyi şərəf və nəcabət əlaməti olaraq qəbul edilməkdədir.
Şah İsmayılın İmam Rzaya bağlılığı genetik deyil, mənəvi bağlılıq olub yoxsul təbəqələri Azərbaycanın birləşdirilməsi hərəkatına cəlb etmək üçün bir vasitə idi!
Şah İsmayılın fəaliyyətinin strateji məqsədi mərkəzləşdirilmiş Azərbaycan dövlətini, öz etnik tarixi, ərazisi və ideologiyası olan dünya dövləti çərçivəsində yaratmaq idi!
Çaldıran döyüşündəki günahkarı axtarmaq hekayəsinə son vermək vaxtı çoxdan keçmişdir. Ona görə ki, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, günahkar orta əsrlərdə dünyanın hər yerində ortaya çıxan rəqabətdir. Axı orta əsrlərdə dünyanın heç bir yerində dini etiqadından asılı olmayaraq dəyişməz sərhədlər yox idi, dövlətlərin öz ərazilərini güc faktoruna əsaslanaraq genişləndirməsi əsas prinsip idi. Bu da fasiləsiz olaraq müharibələri zəruri edirdi. Bununla yanaşı, Osmanlı-Səfəvi ziddiyyətlərində Avropa dövlətlərinin də payı az deyildir! Dövlətləri dostluq deyil, maraqlar yaxınlaşdırır və ya uzaqlaşdırırdı.
Şah İsmayılın dühası, onun Azərbaycan xalqı qarşısında xidmətləri bütün tariximiz üçün əvəzedilməz örnəkdir!
Biz Azərbaycan Səfəvilər dövlətini quran Şah İsmayılın rəhbərlik etdiyi etnosiyası birliyin və dövlətin varisləriyik. Müqəddəsimiz, fenomenal şəxsiyyətimiz Şah İsmayıl öz varislərinə 500 il bundan əvvəl olduğu kimi, bu gün də yaşayan, yaşadan və parlaq Azərbaycan sabahına yol göstərir.
Həsənbala SADIQOV,
Gəncə Dövlət
Universitetinin professoru
Azərbaycan.-2012.- 18 dekabr.- S.4.