Əfsanələr qədim tarixdən söz açır

 

Bu yerlərin tarixinə daha bir önəmli səhifə yazıldı. "Gədəbəy - Azərbaycanın əfsanələr paytaxtı - 2012" nominasiyası başa çatdı. Ötən müddət ərzində rayonun hər guşəsində bu sahədə çox böyük işlər görüldü. Bu günlərdə  əlamətdar tədbirə yekun vuruldu. Yekun mərasiminə Mədəniyyət və Turizm Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, təbiəti sevərlər yığışmışdı.

Tədbiri rayon mədəniyyət şöbəsinin müdiri Fazilə Məmmədova açdı. Rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev görülən işlər barədə ətraflı məlumat verdilər. Qeyd olundu ki, ötən bir il ərzində rayonda əfsanələrin və abidələrin tədqiqi ilə bağlı sistemli işlər görülüb. "Bələdçi" turizm klubu, "Örnək" və "Şəlalə" bilgi mərkəzləri yaradılıb. "Dağın yazı-aşığın sazı" ədəbi-bədii birlik fəaliyyətə başlayıb. "Xalq aşığı" ansamblı qəsəbələri, kəndləri gəzdi, Aşıq İslamın rəhbərliyi ilə neçə yerdə "Dastan günü" keçirildi. Miskin Abdal ədəbi məclisi folklorun tədqiqi ilə daha fəal məşğul olub. Tanınmış foto ustası Kərəm Nəbiyevin köməyi ilə tarixi abidələrin görüntüləri fotolara köçürülüb, sənədli filmlər çəkilib. Görkəmli alim Qoşqar Əhmədlinin,  riyaziyyatçı Mikayıl Xıdırzadənin, şair İlyas Tapdığın, Aşıq İsfəndiyar Rüstəmovun və başqalarının yubileyləri keçirilib. Abidələrin tarixitaleyi haqqında "Gədəbəy abidələri", "Gədəbəy-fotolarda", "Azərbaycanın əfsanələr paytaxtı Gədəbəy - 2012" adlı kitabçalar nəşr olunub.

Mədəniyyət şöbəsinin işıqlı, yaraşıqlı foyesində yeddi bölmədən ibarət geniş sərgi açılıb. Hər bölmədə ona müvafiq sənədlər, fotolar yığılıb. Bir-birindən dəyərli lövhələrə baxırıq: arxeoloji əfsanələr, memarlıq əfsanələri, simens əfsanələri, qəhrəmanlıq əfsanələri, turizm əfsanələri, elm əfsanələri, saz-söz əfsanələri. Bölmələrin hər birində tarixin neçə-neçə canlı səhifəsindən söz açılır. "Şöhrətli həmyerlilər" bölməsində ziyalılar yurdu kimi tanınan Gədəbəyin adlı-sanlı elm və sənət adamlarının haqqında geniş məlumat verilir. Bir nəsildən yetişmiş iki akademik - FirudinTofiq Köçərli qardaşları, dağ merinosunun müəllifi, dövlət mükafatı laureatı Mirzə Sadıqov, professor-cərrah, ictimai xadim Nurəddin Rzayev, Söyüdlüdə bir ocağın başından pərvazlanan üç dəyərli elm xadimi - Qoşqar, Şəmil və Cəmil Əhmədovlar, tanınmış filosof Həmid İmanov, Prezident təqaüdçüsü şair İlyas Tapdıq...

"Sazsöz əfsanələri" bölməsinin qabağına daha çox adam yığışıb. Burada Miskin Abdaldan, Vəli Miskinlidən üzü bəri Prezident təqaüdçüsü Aşıq İsfəndiyar, əməkdar artist Raziyə Şirinova kimi neçə-neçə ustad sənətkarın haqqında məlumat verilir. Onların biri, bəlkə də birincisi Miskin Abdaldır. Mədəniyyət evinin müdiri, tədqiqatçı-jurnalist Etibar Əliyev rəvayətə bənzər maraqlı bir hekayət söyləyir. E.Əliyev deyir ki, Şah İsmayıl Xətai növbəti yürüş zamanı yolunu bu yerlərdən salır. O zaman hələ gənc olan sərkərdə 1500-cü ildə müqəddəs övliya kimi tanınan Miskin Abdal ilə görüşür. Miskin Abdal ona təzə bir saz bağışlayır. Səmimi ünsiyyət etibarlı dostluğa çevrilir. Miskin Abdal Şah İsmayıl Xətainin vəziri olur. O, burada çoxlu əsər yazır. Deyilənə görə, "Şahsevən" və "Şahqalxdı" saz havaları da Şah İsmayılın şərəfinə səslənmişdi. Böyük sərkərdə hörmət və ehtiram əlaməti olaraq Miskin Abdalın yaşadığı Sarıyaqub kəndini ona bağışlayır. Etibar Əliyev deyir ki, 1535-ci ildə Miskin Abdal 105 yaşında vəfat edəndən sonra söz-sənət vurğunları onun yaşadığı evi, uyuduğu məzarı müqəddəs ocaq kimi uzun illər ziyarət ediblər.

Əfsanələr, rəvayətlər bax belə yaranır.

Əbəs demirlər ki, əfsanə, rəvayət tarix deyil. Amma əfsanələr, rəvayətlər tarixsizdeyildir. Heç şübhəsiz hər qala, hər məbəd, hər kurqan müxtəlif rəvayətlərlə, əfsanələrlə zəngindir. Müəyyən tarixi həqiqətlərə söykənən həmin rəvayətlərdə, əfsanələrdə isə xalqın taleyi görünür, ruhu, mənliyi yaşayır.

Dağlar diyarı Gədəbəy açıq səma altında zəngin muzeyə bənzəyir. Rayonda bir ədəd dünya, 81 ədəd ölkə və 24 ədəd yerli əhəmiyyətli abidə qeydə alınıb. Gədəbəyin hər guşəsində qalaqalaçalar, müdafiə istehkamları, məbəd və türbələr diqqəti cəlb edir. Koroğlu qalası daha məşhurdur. Ona Cavanşir qalası da deyirlər. Bundan əlavə Cənnət qala, Qız qalası, Zəngi qala... Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarıdır. Onların hər biri haqqında bu yerlərdə neçə-neçə əfsanə, rəvayət danışılır. İlin ən böyük qazancı bu olub ki, arayıb axtardıqca tarixi abidələrin geniş bir mənzərəsi yaranıb.

Yeri gəlmişkən, tarixin bu daş yaddaşlarından bəzilərini yada salmaq istəyirik. Dünya əhəmiyyətli Böyük Qalaça Söyüdlü kəndinin ərazisində yerləşir. Əslində bu, nəhəng daşlardan hörülmüş uca bir qala - dağdır. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilib. Müdafiə məqsədi daşıyırmış. 1947-ci ildə burada müəyyən qazıntı, axtarış işləri aparılıb. Elimizin tarixitaleyi ilə maraqlanan hər kəs üçün çox baxımlı, çox ibrətamiz bir zirvədir.

Söyüdlü kəndinin digər bir "möcüzəsi" Qız qalasıdır. O da yüksək bir qayalığın başında, son dərəcə mənzərəli, füsunkar bir sahədə yerləşir. Hər tərəfdən yaşıllıqla əhatə olunub. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası beş dairəvi sütundan ibarətdir. Hamısı da kərpiclə hörülüb. İlk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Cəm halında bu kompleks qədim bir şəhəri xatırladır.

Gədəbəyin ən baxımlı yerlərindən biri də Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Bura əsl yerüstü etnik muzeyidir.

Tarixi böyük, taleyi maraqlıdır. Ömür boyu namərd qonşuların hücumlarına mərdliklə sinə gərib. Sərvəti, dövləti yaxın-uzaq ölkələrin diqqətini cəlb edirdi. On doqquzuncu yüzilliyin ortalarında almanlar bu yerlərə gəlib çıxıblar. 1849-cu ildə filiz yataqları kəşf edilib. Birbaşa dağların qoynunda zavodun inşasına başlanıb. Simens qardaşları burada xeyli görüblər. 1865-ci ildə ilk zavod işə salındı. 1883-cü ildə isə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər tikildi. 31 kilometrlik ensiz dəmir yol xətti quruldu. Misi əritmək üçün elektrik stansiyası inşa edildi. Beləcə Qalakəndin məhsulu dünya bazarına çıxarıldı. Bu yerlərin şöhrəti hər yana yayıldı.

Daha bir möhtəşəm qala toplantı iştirakçılarının diqqətini cəlb etdi. Bu yerlərin iftixarı olan Koroğlu qalası dəniz səviyyəsindən azı iki min metr hündürlükdə yerləşir. Bu, əslində qala - şəhərdir. Öz dövrünə görə yaşayış üçün hər şəraiti olub. Gildən hazırlanmış borularla xeyli uzaqdan su çəkilib. Qala daxilində iki gözdən ibarət gizli su anbarı və külək dəyirmanın qalıqları indidurur. Qalanın ətrafında da qoşa təndir qalıqları, yüzlərlə qoyun sığan mağara, habelə, bir neçə qədimi məbəd...

Böyük Qaramurad kəndi yaxınlığındakı Zəngli qala da tarixi əhəmiyyətə malikdir. Qədim alban məbədidir. Əsrlərin qovğalarına dözərək bu günümüzə qədər gəlib çıxıb. Çox şeylərdən, çox mətləblərdən xəbər verir.

Gədəbəy rayonu axarlı-baxarlı olduğuna görə burada illər, əsrlər boyu bir sıra körpülər tikilib. Hamısı da tağlı körpülərdir. Bu yerlərdə uzunluğu bir tağdan başlamış yeddi-səkkiz tağa qədər olan körpülər mövcuddur. Onların bir hissəsi, xüsusən yeddi tağlı Qanlı körpü nadir memarlıq nümunəsidir. Həmin körpü düz xətt boyunca deyil, qövsvari salınıb. Təbii ki, bu, körpünün yerləşdiyi ərazinin relyefindən asılıdır. Onların əksəriyyəti indi də fəaliyyətdədir.

Gədəbəyə ən çox şöhrət gətirən qala, qalaça və körpülərlə yanaşı onun saysız-hesabsız mağaraları, kilsə və məbədləridir. Bunların hər birinin öz tarixi, öz taleyi var. Təəssüf ki, onlardan bir hissəsinin adları vaxtilə dövlət tərəfindən mühafizə olunan abidələr siyahısına salınmayıb. Bunların tarixi-taleyini dəqiqləşdirərək dövlət tərəfindən qorunan abidələr siyahısına salınması üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırılıb.

Gədəbəy abidələri Azərbaycanın ulu tarixinin canlı nümunələri, elmi ədəbiyyatda Gədəbəy - Xocalı mədəniyyəti kimi tanınmış qədimi mərhələnin danılmaz təzahürüdür. Gədəbəy-Xocalı mədəniyyəti isə özlüyündə iki minillik bir tarixi dövrün - Tunc dövrünün arxeoloji təsdiqidir.

Mədəniyyət və turizm nazirliyi mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva deyir ki, Gədəbəy əfsanələrinin yeni çalarlarla zənginləşməsi on doqquzuncu yüzilliyin ikinci yarısında misin sənaye üsulu ilə emalı ilə bağlıdır.

Milliyyətcə yunan olan, Türkiyə vətəndaşlığını qəbul etmiş Mexov qardaşları 1849-cu ildə bir nəfər rus vətəndaşı ilə birlikdə Misdağda zəngin yataqdan istifadə etməyi qərara aldılar. Beş il keçəndən sonra vəsait tükəndi və aralarında mübahisə  düşdüyü üçün onlar bu işdən ayrıldılar.

Bundan sonra mis yatağı bir neçə dəfə müxtəlif əcnəbi sahibkarların əlinə keçir. 1864-cü ildə bu yerlərə alman əsilli VolterVerner Simens qardaşları gəldilər. Gədəbəyin neçə-neçə əfsanəsi buradan yarandı.

1865-ci ildə onlar dağların qoynunda misəritmə zavodu inşa etdilər. Zaqafqaziya dağ-mədən sənayesinin ilki sayılan Gədəbəy zavodunun bir neçə misəridən peçi, dəmirçi kürəsi, havatəmizləyən qurğusu, buxar maşını, lokomobilis. var idi. Zavodun yanında xarrat-dülgər, cilingər, dəmirçi, tornacı emalatxanaları, kərpic hazırlayan üç peç yerləşirdi. Burada metalın əridilməsi üçün böyük hovuz sistemi quraşdırılmışdı.

Gədəbəy misinin ilk topdansatış alıcısı Peterburqun Vıborq mis-prokat zavodu olmuşdu. Azərbaycanda isə Gədəbəyə dəvət edilmiş Lahıc ustaları misdən müxtəlif məişət əşyaları düzəldirdilər. Onların hazırladıqları milli qabların nümunələri Berlinə aparılmış, bir sıra Avropa muzeylərində sərgilərə qoyulmuşdu. Gədəbəy əfsanələri beləcə dünya miqyasına çıxıb.

İlk vaxtlar misin əridilməsi üçün odunla qızdırılan sobalardan istifadə olunurdu. Bu məqsədlə Gəncə quberniyasının sərəncamı ilə mədənçilərə icarə əsasında 24 min hektar meşə zolağı ayrılmışdı (Almanlar kəsilən hər ağacın əvəzinə müvafiq yerdə təzə ağac əkirdilər.) Müəssisənin məhsuldarlığı artdıqca yanacağa tələbat da çoxalırdı. Odunu çatdırmaq olmurdu. Kaxetiyadakı neft quyuları haqqında məlumat gələn kimi Simens qardaşları şirkətə neft kəmərinin çəkilməsi üçün çar Rusiyasının Nazirlər Kabinetindən icazə aldılar.

Çexiyadan polad borular gətirildi. Ən güclü mütəxəssislər işə cəlb edildi. 1892-ci ildə Dəllər-Çənlibel neft kəmərinin çəkilişi başa çatdırıldı. Əvvəllər neft kiçik həcmli çənlərə doldurularaq at qoşqulu arabalarla Gədəbəyə daşınırdı. 1894-cü ildən başlayaraq həmin məhsullar Dəllər-Gədəbəy neft kəməri ilə misəritmə zavoduna çatdırılırdı.

Heyrət doğuran işlərdən birielektrik işığının əldə edilməsi idi. Dağların qoynunda elektroliz zavodu yaradılandan sonra mədən şəhərciyinə gur işıq gəldi. Peterburqda, Moskvada, Varşavada və digər şəhərlərdə küçələr kerosinqaz fanarları ilə işıqlandırılanda Gədəbəydə elektrik enerjisi var idi. Sonra bu yerlərdə 84 kilometr uzunluğunda teleqraf xətti çəkildi.

1883-cü ildə Gədəbəydə daha bir müəssisə - Qalakənd zavodu fəaliyyətə başladı. Burada qarışıq misi saflaşdırmaq üçün xüsusi qurğu düzəldildi. İstehsalın həcmi aybaay, ilbəil çoxalırdı. Bu coşğunluğun arxasında bir sıra xəlvəti məqamlar da dayanırdı.

Ara-sıra deyilirdi ki, Qalakənddə qızıl da çıxarılır. Şirkətin bu işi bir neçə il üstüörtülü qalıb. Külçə qızıl, mis örtüklü kərpic formasında Qalakənddən Gədəbəyə, oradan da faytonla Dəllərə aparılırdı. Növbəti belə daşınmaların birində kərpiclərdən biri yerə düşüb sınır və mis qəlibin içindəki qızıl görünür.

...1879-cu ildə Berlində keçirilən Beynəlxalq sərgi Simenslərə növbəti bir uğur gətirdi. Sərgidə nümayiş etdirilən dəmiryolu maketi əsl sensasiya yaratdı. Dünyada birinci olan bu ixtiranın müəllifi Verner fon Simens idi. O, mədənlərlə əlaqəni daha səmərəli təşkil etmək məqsədilə Gədəbəylə Qalakənd arasında dəmiryolu xətti çəkmək istəyirdi. Həmin xətt Düzyurddan, Çalburundan, Çaldaşdan, Səbətkeçməzdən, Plankənddən keçməklə, Qalakənd çayı ilə Şəmkir çayının qarışdığı yerin sahilində başa çatırdı.

Relsləri quraşdırmaq üçün bir sıra yerlərdə körpülər salmaq lazım gəlirdi. Buna görə də çay, qaya, dərə və yarğanların miqyasına görə bir tağlıdan tutmuş 8-10 tağlı körpülər inşa edilirdi. Bəzi körpülər relyefinə görə qövsvari çəkilirdi. Mütəxəssislər deyirlər ki, bu, təkcə Azərbaycanda yox, hətta dünyada ən gözəl memarlıq nümunələrindən biri sayılır. Nəhayət, 37 kilometr uzunluğunda dəmiryolu hazır oldu. 1884-cü ildə Gədəbəy-Qalakənd dəmir yolu istifadəyə verildi. İlk vaxtlarda dəmiryolu xəttində beş lokomotiv, 30-dan çox vaqonplatforma var idi.

1888-ci ildə Qalakənd çayının üstündə HES tikilməyə başlandı. Qısa bir vaxtda bu uğurla başa çatdırıldı.

Ulu dağlarda tədricən Avropa tipli yaşayış məntəqələri meydana gəlirdi. Bu qəsəbələrdə düzgün planlaşdırılmış küçələr, qırmızı kirəmitli evlər, yam-yaşıl bağlar diqqəti cəlb edirdi. Hər yerə su kəməri, teleqrafelektrik xətləri çəkilmişdi... Binalar daş, kərpic, əhəng-kirəc və ağac materiallarından istifadə etməklə tikilirdi. Dam örtüklərinin materialı yerli kərpic zavodlarında düzəldilirdi. Həmin zavodlarda gün ərzində 8-10 minədək adi və odadavamlı kərpic hazırlanırdı. Yeni şəhərcikdə küçələr, dəmiryolu xətti , həmçinin körpülər, müxtəlif keçidlər salındı, ayrıca su xətləri və kanalizasiya sistemi çəkildi.

Zavod rəhbərliyinin yerləşdiyi inzibati bina özünəməxsus memarlığı ilə seçilirdi. Səksən ildən çox rayon poliklinikası yerləşmiş həmin binanın daxilində sənəd və pulların mühafizəsi üçün seyfə bənzər "daş qutu" quraşdırılmışdı.

Gədəbəyin sərvəti tarixin hər dönəmində bu yerlərə şöhrət gətirib. XIX əsrin ortalarında Bakıda nəşr olunan "Kaspi" jurnalında yazılıb ki, "Gədəbəy sivilizasiyanın mərkəzi sayılır". Alman mətbuatında isə oxuyuruq: "Gədəbəy Qafqazın sənaye motorudur". Bütün bunlar onu göstərir ki, öz sərvətinə, qüdrətinə görə hər yanda Gədəbəyə böyük qiymət verilirmiş.

Aylar, illər keçdi. Dövran dəyişdi. Dövlət müstəqilliyi bərpa olunandan sonra Gədəbəyin sərvəti öz xalqının ixtiyarına verildi. Bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. 1996-cı ilin fevralın 5-də "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" ulu öndərin imzaladığı sərəncam milli sərvətlərin xalqın istifadəsinə verilməsi sahəsində mühüm rol oynadı. 2005-ci ilin fevral ayından etibarən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti yeni yataqların axtarışına, kəşfiyyat-qazma işlərinə başladı.

Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2006-cı ilin noyabrın 1-də Gədəbəyə səfəri zamanı bu mühüm işə güclü təkan verildi. Dövlət başçısı mədənçilərlə söhbət etdi, onlara müəyyən tövsiyə və tapşırıqlar verdi. Məhz tükənməz qayğı və kömək sayəsində 2009-cu ilin may ayında dəyərli obyekt işə salındı. Gədəbəydən alınan qızıl, gümüş və misdən ibarət aralıq məhsul Cenevrəyə yola salınır, İsveçrənin məşhur şirkətlərindən biri tərəfindən saflaşdırılaraq "Ayrum-brendi" adı altında dünya bazarına çıxarılır.

Tədbir iştirakçısı Ləzgi Zeynalov deyir ki, hər dəfə müqaviləyə uyğun olaraq qızıl payı ölkəmizə gətiriləndə ötən günlər yada düşür. Nə yaxşı ki, nəhayət müstəqillik bərpa olundu. Xalq öz var-dövlətinə tam sahib çıxdı. Gədəbəyin əvəzsiz sərvəti Azərbaycan xalqına xidmət edir. Gədəbəy əfsanələri xalqın qeyrəti, qətiyyəti ilə bax beləcə reallığa çevrilir.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar dağlar diyarında genişmiqyaslı işlər görülür. Tale elə bil bu yerləri səyahət, istirahət üçün yaradıb. Gədəbəy zirvəsi göyləri dələn dağların, dibi görünməyən dərələrin, sıldırım qayaların, məxməri meşələrin, güllü-çiçəkli çəmənlərin, gur çayların, buz bulaqların, çılğın şəlalələrin əhatəsində yerləşən gözəl məkan, sərhəd boyunca Azərbaycanın keşiyini çəkən basılmaz səngər, alınmaz qaladır. Qədim tarixə, Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsinə, islam dininə qədərki dövrün cəsur insanlarının yaşadığı mağaralara, mədəniyyət abidələrinə, yazılı daşlara malik ulu yaşayış məskənidir bu yerlər.

Gədəbəy barlı-bərəkətli, minbir nemətli torpaqdır. Bu torpağın altı da qızıldır, üstü də. Büllur kimi saf dağ havası, min bir dərdin dərmanı olan şəfalı suları, qızıl, mis, dəmir ehtiyatları bu diyara hər yanda şöhrət qazandırır.

Qeyd etdiyimiz kimi, Gədəbəy rayonu axarlı-baxarlı olduğuna görə burada illər, əsrlər boyu bir sıra körpülər, keçidlər tikilib. Çoxu da tağlı körpülərdir. Onların bir hissəsi, xüsusən yeddi tağlı Qanlı körpü nadir memarlıq nümunəsidir. Həmin körpü düz xətt boyunca deyil, qövsvari salınıb. Təbii ki, bu, körpünün yerləşdiyi ərazinin relyefindən asılıdır. Onların əksəriyyəti indi də fəaliyyətdədir.

Dağlar diyarı Gədəbəy tədricən turizm məskəninə çevrilir. Mədəniyyət və turizm şöbəsinin nəzdində "Turizm muzeyi" fəaliyyət göstərir. İcra orqanlarının təşəbbüsü ilə yollar təmir edilir, körpülər salınır, səyahət cığırları açılır, yeni-yeni istirahət guşələri düzəldilir. Turist axını çox olan yerlərdə "Bu Vətən bizimdir" adlı geniş məlumatlı istirahət düşərgələri təşkil olunur.

Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov dedi ki, səfalı təbiət, sərin bulaqlar, yaşıl yamaclar, rahat yollar, müasir məişət bu yerlərə çox adamı cəlb edir. Bizim əsas vəzifəmiz yaxın-uzaq ellərdən gələn müsafirlərə lazımi şərait yaratmaqdan, onları qədərincə məlumatlandırmaqdan ibarətdir. "Aşağı Narzan", "Şirxan", "Yuxarı Narzan" kimi müasir istirahət mərkəzlərində hər gün yüzlərlə adam dincəlir. Maarif kəndindəki "Eldorato" hotel kompleksinə, Novosaratovka kəndindəki "Göyçə" ailəvi istirahət zonasına, Slavyankadakı avropasayağı istirahət mərkəzinə gələnlər xoş təəssüratla ayrılırlar.

Tədbir iştirakçıları son vaxtlarda rayonda görülən genişmiqyaslı işlərlə tanış oldular. Məktəb tikintisi, yolların təmiri, körpülərin çəkilməsi, xüsusən  Prezident İlham Əliyevin xeyir-duası ilə ucaldılan Aşıq musiqi məktəbinin binası hamının diqqətini cəlb etdi.

Ramiz Yediyarov dedi ki, "Gədəbəy - Azərbaycanın əfsanələr paytaxtı - 2012" nominasiyası başa çatsa da, rayonda bu sahədə işlər müntəzəm surətdə davam edir. Ulu diyarın tarixinin tədqiqi, turizmin inkişafı, abidələrin mühafizəsi üçün geniş tədbirlər planı hazırlamışıq. Arzu və istəklər həyata keçdikcə bu yerlərə gələnlərin sayı daha da artacaq. Çalışırıq ki, Gədəbəy əsl turizm-istirahət mərkəzinə çevrilsin...

Gözəlliklər yurdu və əfsanələr məskəni Gədəbəy ilin hər çağında xoş olur. Baharda da, qışda da...

 

 

Əhməd İSAYEV,

Azərbaycan.-2012.- 18 dekabr.- S.6.